Tədqiqatçı: “Vətənpərvərlik mövzusu orta məktəblərin əsas vizyonuna çevrilməlidir…”

“Məktəblərdə vətənpərvərlik mövzusunun təbliği istiqamətində atılacaq addımları, onların kəmiyyət və keyfiyyət müstəvisində inkişafını sürətləndirmək hazırda tədris prosesi üçün hava-su kimi vacib məsələlərdəndir. Lakin bu yöndə görüləcək işlər daha çox bir faktordan asılıdır”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib. O hesab edir ki, bu xüsusda özümüzəməxsus olan, sırf milli təhsil brendimizin yaradılması və tədris prosesinin onunla tamamilə uyğunlaşdırılması çox önəmlidir: “Belə olan təqdirdə milli vətənpərvərlik hisslərinin təbliği və onun faydalılıq mexanizmi uğurlu ola bilər. Yalnız bu zaman təhsil özü bir sistem olaraq milli dəyərlərin daha da gücləndirilməsi üçün çox güclü motivator rolunu oynamağı bacaracaq. Məktəb, təhsil azərbaycançılıq ideologiyasının, milli yaddaş konsepsiyamızın qorunmasında, gələcək nəsillərə çatdırılmasında hər zaman ən önəmli faktorlardan olub. Bu gün isə Azərbaycan məktəbinin, təhsilinin üzərində ikiqat şərəfli və çətin missiya var: o, gəncliyi həm milli yaddaşın sağlam dəyərləri kontekstində formalaşdırmalı, həm də XXI əsrin modern inkişaf mexanizminin fonunda inkişaf etdirməlidir.
Milli şüurla bəşəri dəyərlərin ortaq nöqtəsində hərəkət yeni milli təhsil modelinin formalaşdırılmasını zəruri edir. Milli təhsil modelimiz Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlardan başlayaraq, formalaşmaqda olan gənclik üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər. Yeni təhsil standartları və məzmun xətlərini əhatə etməli olan milli təhsil modeli şəxsiyyət texnoloqu, insan mühəndisliyi funksiyasını prioritet hesab etməli, tədris prosesini informasiyanın təkcə qəbulu deyil, onun düzgün emalı, həyati tətbiqi mexanizmi kimi dəyərləndirməlidir”.
Onun sözlərinə görə, şagird üzərində şəxsiyyət mühəndisliyi rolunu oynamalı olan bu model fərdin çağdaş praktiki bilik və bacarıqlarının yalnız milli dövlətçilik meyarları üzərində inkişaf etməsini əsas götürməli, pedaqoji işin təşkilini ancaq bu halda düzgün hesab etməlidir: “Milli təhsil modeli və onun tədris prosesində tətbiqi mexanizminin hazırlanması, dünya təhsilinin öncül modellərinin uğurlu təcrübələri ilə milli təfəkkür, milli şüur, dövlətçilik ənənələrinin inkişafına xidmət edən örnək elementlərin sintezinə çalışmaq təhsil istiqamətində prioritet çağırışlar kimi qəbul edilə bilər. Şəxsiyyət mühəndisliyi missiyasının praktiki məkanı sinif otağı yox, insanın şüuru, yaddaşı və psixoloji aurasıdır. Müəllim bu aurada necə qalacaqsa, mühəndislik funksiyasını da o cür yerinə yetirəcək”.
E.Nurinin fikrincə, xüsusi diqqət edilməli məsələ budur ki, şəxsiyyət mühəndisliyi missiyasının da alt bazası, bünövrəsi elə sinif otağında formalaşır: “Şagirdini şəxsiyyət, cəmiyyət üçün lazımlı kadr gözündə görən müəllim onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır. Bunun üçün isə ilk növbədə aşağıdakı addımların atılmasına ciddi ehtiyac vardır: birincisi, məktəblilərdə vətənpərvərlik mövzusunun təbliği, milli dəyərlərin daha geniş piarı üçün öncə sırf bununla bağlı vahid proqram və tövsiyələr paketi hazırlanmalıdır. Həmin tövsiyələr paketi hər bir orta ümumtəhsil müəssisəsi üçün bələdçi rolunda çıxış etməlidir.
Hər məktəb daxilində sırf bu məqsədlə ictimai əsaslarla müəllim və rəhbər heyətin, həmçinin bir neçə uyğun valideyndən ibarət komissiya yaradılmalıdır. Komissiya sinif rəhbərləri, ibtidai sinif müəllimləri ilə qarşılıqlı müzakirə fonunda tədris ili boyu sırf bu məqsədlə görüləcək işlərin proqramını tərtib etməli və onların icrasını, keyfiyyətini nəzarətdə saxlamalıdır. Vətənpərvərlik mövzusu bir çox məktəbin əsas vizyonuna çevrilməlidir.
Məktəbdaxili ab-hava uşaqdan-böyüyə az qala, hər kəsə vətənpərvərlik mövzusunda ciddi təsir göstərməlidir. Bu gün bir çox məktəblərimizdə o ovqatı görürük. Məsələn, bir çox siniflərə şəhid adlarının verilməsi, onlar haqqında məlumat və portretlərin şagirdlərə tanıtımı kimi addımlar çox vacibdir. Lakin məsələnin başqa tərəfi də var: bu yolda məktəbi tək buraxmaq qətiyyən olmaz. Şagird həm də cəmiyyətin fərdi olaraq aid olduğu mühitin dəyərlərini məktəbə gətirir. Buna görə də ailə mühiti, yaxın çevrə hər məktəbli ilə ünsiyyət zamanı bu məsələyə xüsusi diqqət yetirməlidir”.\Musavat\
Polise.az



