“Təkcə Tuğda 600-ə yaxın erməni məhv etdik” – Xüsusi təyinatlı qrupun komandiri

“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi polkovnik Səid Əhmədovun “Yeni Sabah”a müsahibəsi: 

– Necə oldu ki, hərbçi olmağa qərar verdiniz?

– Məndə hərbiyə maraq hələ orta məktəbdə oxuyanda yaranıb. 1992-ci ildə doğulduğum Füzuli rayonunun Merdinli kəndində Sərhəd qoşunlarının hərbçilərini mağazaya girəndə gördüm, həmin vaxt 5-6-cı sinifdə oxuyurdum, onların forması çox xoşuma gəldi, sonra atamın əsgərlik şəkillərinə baxdıqca həmin formanı mən də geyinmək istədim. Lakin bu haqda qəti qərarı kəndimiz işğal olunanda verdim. 1993-cü ilin avqustun 23-ü bizim kəndimiz işğal olundu, valideynlərim əmim qızlarını və bacımı götürüb avtomobillə,  mən də əmim, dayım oğlanları ilə piyada kənddən çıxdım. İlk günlər Beyləqanın kəndlərindən birində qaldıq, yolun qırağında yata-yata gəlib oraya çıxmışdıq. Həqiqətən, çox ağrılı illər idi.

– O hadisə sizin həyata baxışınızda nələri dəyişdi? Həmin vaxt hansı hislər sizdə baş qaldırdı?

– Elə ağır tale yaşayanda istər-istəməz adamda düşmənə qarşı nifrət hissi yaranır. 1992-ci ilin aprel ayında anamın xalasıoğlunun olduğu posta ermənilər hücum etmişdi, orada onları doğrayıb qaynatmışdılar. Sonra öz xalamoğlu Əliyev Saday ermənilərlə döyüşdə şəhid oldu. Qisas hissim daha da artdı. Elə həmin vaxt qarşıma məqsəd qoydum ki, böyüyəndə əsgər olacam və bu torpaqları azad edəcəm.1997-ci ildə orta məktəbi bitirdim və sənədlərimi ailəmin istəyi ilə Bakı Dövlət Universitetinə verdim, lakin sonra öz arzumdan vaz keçə bilmədim, evdə orada təhsil almayacağımı, hərbçi olmaq istədiyimi dedim.  Atam bunu normal qarşıladı. Beləliklə, Azərbaycan Ali Hərbi Məktəbinə (Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi) müraciət etdim. İmtahan verdim və  470 balla oraya mən oraya qəbul oldum. Bizim taqım komandirlərimiz türklər oldu. Çünki o vaxt Heydər Əliyev onlarla müqavilə bağlamışdı, bizə dərsi Kara Harb Okulunun müəllimləri və komandirləri keçirdi.  Hərbi biliklərə dərindən yiyələnmək üçün gecə-gündüz çalışırdım. Çünki düşünürdüm ki, sabah komandir olanda tabeliyimdə olan əsgərlər mənim savadsızlığımın qurbanı olmasınlar.

– Tədris prosesi çətin idi? Məsələn, hansısa kursantın məktəbi tərk etmə halları ilə rastlaşırdız?

– Oraya mənlə birlikdə 850 nəfər qəbul olmuşdu, lakin bitirəndə 437 nəfər idik. Təəssüf ki, digərləri çətinliyə, nizamlılığa dözə bilmədi. Bir də biz öz daxilimdə heç kimdən saxtakarlıq etməməyi tələb edirdik. Təlimlərdə ağıla gəlməyəcək çətinliklərlə üzləşirdik, ayağımızın altı təmiz yara olurdu. Corabın içinə quru torpaq tökürdük ki, ayağımız oraya yapışsın, yara olsa da, yeriyəndə ayağımız sürüşməsin. Biz o məktəbi bu cür yollardan keçərək bitirdik.

– Bəs təyinatı hara aldınız?

-Təyinat alıb Salyanski kazarmaya gəldik. Orada 4 il leytenant rütbəsi üçün xidmət göstərdik, 1 il də dinləyici kimi təkmilləşdirmə kursu keçdik. Bir gün Polkovnik Pərviz Əliyev gəlib dedi ki, 437 nəfərin  içərisindən ilk 20-lik qabağa çıxsın. Mən də balım yüksək olduğu üçün 11-ci sıradaydım, qabağa çıxıb xüsusi təyinatlı olmaq istədiyimi dedim və oraya da seçildim, sonra bizi Şamaxıya paliqona apardılar. Orada 3 ay komando kursu keçdik. Daha sonra paraşüt, dağçılıq kurslarında iştirak etdik.

– Bu gün xüsusi təyinatlıların təlimləri ilə bağlı çoxlu video-materiallar var. Lakin bizə maraqlıdır ki, orada sizə əsas nəyi öyrədirdilər?

– O təlimlərdə, əsasən, psixoloji və fiziki dözümlülük öyrədilirdi. Bunun üçün bizə hətta işgəncə verirdilər. Çünki bizi yetişdirirdilər ki, əsir düşəndə döyüş yoldaşlarımızı satmayaq, dövlət sirrini verməyək. 

– Zabit olub xüsusi təyinatlılara cəlb edilənlər arasında bunlara dözə bilməyən olurdu?

– Bəli, tərk edənlər vardı. Biz kursa 67 nəfər qəbul olduq, amma 32 nəfər kursu bitirdik. Bizə hətta 3 ay təlimdən sonra 2 ay da hərbi hissədə əlavə sınaq təlimi keçildi. Nəhayət, təyinatlarımızı verdilər. 

– Təlimlər zamanı ac qalmağı da öyrədirdilər?

– Bir həftəlik “Həyatda qala bilmə” proqramı var. O həftə ərzində yeməksiz, susuz olursan, hər şeyi özün tapmalısan. Bu təlimdə silahsız ovu necə ovlaya biləcəyin, zəhərli ilanı necə yemək lazım olduğu dərs kimi keçilir. Elə kurslar var ki, onları ifadə etmək, doğrudan, çox çətindir.

– Bəs sizin heç ürəyinizdən bu işi yarıda kəsmək keçibmi?

– Açıq danışmaq istəyirəm, başlarda olub. Bizdə çox adam sonradan heç vaxt elə düşünmədiyini deyir. Amma əlbəttə, hamının bezdiyi vaxtlar olur. Çətinliklərə görə əsəbi olursan, anlıq qərar verirsən, amma sonra gözünün qarşısına şəhidlər, torpaqlar gəlir və sən sakitləşirsən.

– Vətən müharibəsi başlayanda siz haradaydız?

– Biz həmin vaxt Naxçıvanda xidmət edirdik. Elə ilk gündən orada əsgərlər tərəfindən komandana döyüş bölgəsinə getmək üçün müraciətlər edildi. Əslində, biz orada olsaq da, burdakılara kömək edirdik. Məsələn, düşmənin gələn kalonları haqqında onlara məlumat verirdik. Bir gün təlimdə dərs keçərkən bizim rəis mənə zəng vurub məndən harada olduğumu və torpağımda döyüşmək istəyib-istəmədiyimi soruşdu. Mən də təbii olaraq bunu uşaqlıqdan arzum olduğunu dedim. Məni çağırıb, “sənə 165 nəfərdən ibarət qrup ayırmışıq, buradan döyüşə gedirsən”,-dedi. Biz də hazırlaşdıq, oktyabrın 1-i  Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə gəldik. Beləliklə, döyüş yolumuz başladı və atəşkəs olana qədər qədər biz mübarizəmizi davam etdirdik. Bizə ilk döyüş tapşırığında deyildi ki, Füzulinin Ağbulaq kəndində düşmən qrupu var və oradan bizə hücum edəcəklər. Nəticədə mən qrupu 3 hissəyə böldüm. Ara məsafəsini təyin etdikdən sonra həmin istiqamətdə gecə hərəkət etdik. Həmin ərazidəki yüksəklikdə düşmənin minaatan batareyası vardı, o, bizim kolonların gəlməsinə imkan vermirdi, hədəfimiz onu məhv etmək idi. 

Bunun üçün gecə Ağbulaq kəndinin arxası ilə hərəkət etdik. Həmin vaxt digər qruplar Füzulinin Məngəlata istiqamətində hücuma keçmişdi. Əraziyə çatanda gördük ki, orada böyük bir mövqe qurublar və 16 nəfərlik heyət var. Bir hissə isə Ağbulaq kəndindəki məktəbin içində gizlənmişdi. Oradakı canlı qüvvələri təxminən 80-90 nəfərdən ibarət idi. Bir qədər gözlədikdən sonra səhər 5-6 radələrində hücum etdik və onları yerindəcə məhv elədik, hətta 2-3 erməni əsgərini də əsir götürdük.

– Bu zaman xüsusi təyinatlılar arasında kimsə şəhid oldumu?

– Bəli, bizim qrupdan 2 nəfər şəhid oldu, 3 nəfər də yaralandı. Amma deyə bilərəm ki, döyüşün vəziyyətinə görə oradan çox yaxşı çıxdıq. Çünki biz basqın edəndə ciddi müqvimətlə üzləşdik.

– Döyüşdən sonra Azərbaycan ordusu yeni mövqelər əldə etdimi?

 – Əlbəttə. Sonradan bizim qruplar yenidən bölündü, çünki şəhid verdikcə qruplar azalırdı. Bu dəfəki bölgüdən sonra bizim qrupa Hadrut meşəsini verdilər. Xas deyilən yerdən bizə qarşı minaatanla hücuma başladılar. Biz bu dəfə Mamedzor kəndinə hücum edəcəkdik, Tuğa gedən yolun üstündə yerləşir. Bir qədər gözlədik, onlar minaatanla atəş açması nəticəsində 4 şəhid verdik, 8 nəfər isə yaralandı. Sürücü Nağıyev vardı. Mina düz onun yanına düşdü, ayaqlarını qopardı, qanaxmadan həyatını itirdi. Bir mina da əsgər Rüstəmovun üzərinə düşdü, dəhşətli idi, sözlə ifadə etmək olmur. Yaralılara isə özümüz ilkin tibbi yardımı göstərdik. Şəhidlərimizi, yaralılarımızı götürüb aşağı düşürdük, onların koordinatlarını ötürdük, sonra yolumuza davam etdik. Digər qrupla birləşib həmin kəndə basqın elədik və bu əməliyyatımız da uğurlu alındı.

– 44 günlük müharibədə hansı bölgələrdə döyüşdə oldunuz?

– Biz Cəbrayıl və Füzulinin kəndlərini keçdikdən sonra Şuşa istiqamətinə qalxdıq, Zəngilan tərəfdə döyüşmədik. Harada yüksəklik vardısa, daha çox oraya gedirdik. Demək olar ki, bu istiqamətdə olan bütün döyüşlərdə iştirak elədim. Hər gün döyüşdəydik.

– Öz kəndinizdə oldunuzmu?

– Şuşanı işğaldan azad etdikdən sonra biz bir müddət orada qaldıq. Digərlərini isə paradla bağlı aşağı düşürdülər. Elə o zaman mən öz kəndimizə gedib baş çəkdim.

– Hadrutda ağır döyüş oldu?

– Hadrutda ermənilərin qüvvəsi çox idi. Hətta onlar Hadruta Qarabağın açarı deyirdilər. Düşünmürdülər ki, Hadrutu verə bilərlər. Çünki dinc əhalinin hamısı oradaydı. Ermənilər oraya hədsiz qoşun yığmışdı. Demək olar ki, iki gün Hadrut uğrunda döyüşdük. Bizim orada itkilərimiz oldu, amma qarşı tərəfin itkisi lap çox idi. Onlar yazdıqları rəqəmlər qətiyyən həqiqəti əks etdirmir. Ermənilər 20 minə yaxın itki verdilər. Təkcə Tuğ kəndində 600-ə yaxın erməni məhv etdik.

– Sizin o əraziləri tanımamağınız hər hansısa çətinlik yaradırdı?

– Bu, bizdə artıq vərdiş halını almışdı. Düzü, biz həmin ərazilərlə bağlı müəyyən qədər məlumatlı idik. Həmçinin xəritə də vardı və bizim istiqamətdə xüsusi təyinatlıdan başqa heç kim yox idi.

– Ermənilər sizə ən çox hansı ərazilərdə müqavimət göstərdilər?

– Hadrutdan Tuğa çıxan yolun sağında yüksəklik vardı, 54 nəfərlik heyətlə oraya hücum edildi və 22 nəfər sağ qaldı, digərləri yarandı və şəhid oldu.  Bizim həmin qrupumuzun hücum zamanı hava dumanlı idi. Orada düşmən olduğunu bilmirdik. Qrup pusquya düşmüşdü. Amma yenə də qalib gəldik.

– Bəs sizin erməniləri pusquya saldığınız hallar oldumu?

– Xocavəndin Maşdağlar kəndində, bir də Şuşaya gedən yolun üzərində onları pusquya düşürdük. 100-dən artıq qüvvələri vardı ki, biz onları orada məhv etdik.

– Döyüş zamanı heç ac qaldığınız vaxtlar oldumu?

– Xeyr, çünki təminatımız çox yüksək səviyyədə idi. Sadəcə döyüş şəraiti ilə əlaqədar bir az yorğunluq, yuxusuzluq vardı. Demək olar ki, yatmırdıq. Haradasa dayananda 3-5 dəqiqəlik gözümüzü aldadırdıq. Yorğan-döşəyimiz də torpağımız idi.

– Şuşa döyüşü neçə gün davam etdi?

– Bizim əvvəlcədən oraya qruplaqrımız təyin olundu. Özüm də orada şəxsən iştirak etmişəm. Laçın və Kəlbəcər həmin vaxt boşaldılmamışdı. Ona görə Laçın koridorunu bağladıq ki, düşmənə yardım göstərilməsin. Şuşanın sağ və sol cinahlarında qüvvələrimizi yerləşdirmişdik. Noyabrın 3-ü Şuşaya hücuma başladıq. Naxçıvan heyətini oraya gətirmişdik, qrup rəhbəri də mən idim. Şuşaya Daşaltının sol tərəfindən yol çəkiblər, biz həmin istiqamətdən hücuma keçdik. Demək olar ki,  noyabrın 5-i Şuşanı düşməndən azad etdik. Lakin noyabrın 6-7-si şəhərdə axtarış oldu və orada qalan, gizlənən  ermənilər tapıldı. 

Bu əməliyyat zamanı möcüzə kimi görünən bir hadisə yaşandı. Xüsusi təyinatlılarımızdan birinə erməni əsgəri 8 güllə vurdu, amma o, yıxılmadan erməninin üstünə yeridi və onu boğub öldürdü. Bu gün həmin xüsusi təyinatlımız sağdır. O yaralı vəziyyətdə döyüşə davam etmək istəyirdi, biz icazə vermədik.

– Şuşa azad olunandan sonra şəhərdə küçə döyüşləri oldu?

– Bəli, onlar şəhərdə bizə PDM və bir tankla əks hücum elədilər. Kapitan Namazov Emin vardı. O, qumbaraatanla PDM-i vurdu. Tank dərhal geri qayıtdı. Biz Şuşada çox iriçaplı silahlardan istifadə etmədik ki, dağıntı olmasın. Həm də onlar küçə döyüşləri üçün bir o qədər faydalı deyildi.  Hadrutla müqayisədə Şuşada mülki əhali az idi.

– İstəyərdim ki, biraz da Azərbaycan Ordusunun mülki əhaliyə münasibətindən danışasınız…

– Biz mülki əhalini hədəf almırdıq, hətta tapşırıq verilmişdi ki, qadın və qızlarla rastlaşan zaman onları dərhal buraxın, çıxıb getsinlər. Bizim qadınları girov götürmə şansımız çox olub, sadəcə bunu etməmişik, çünki onların ordusuna qarşı mübarizə aparırdıq.

 – Yanınızda şəhid olan silahdaşlarınızın son sözləri nə olurdu?https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-5860023968987848&output=html&h=280&adk=1203553947&adf=1938194510&pi=t.aa~a.3081023488~i.135~rp.4&w=690&fwrn=4&fwrnh=100&lmt=1608405821&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=9466248309&psa=1&ad_type=text_image&format=690×280&url=https%3A%2F%2Fyenisabah.az%2Ftekce-tugda-600-e-yaxin-ermeni-mehv-etdik&flash=0&fwr=0&pra=3&rh=173&rw=690&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChAIgOb2_gUQoq-_75Dgu7d_EkwA9DN3TdeMyq7SGUGz5NGv6YhueqHBsGuqf_3n_H_2W6M3GmDtNDI9wxdq-EH6C96oIs3ElnA_TrjXOq8rz9i5lWHJWho923apPPvs&uach=WyJXaW5kb3dzIiwiNi4xIiwieDg2IiwiIiwiODcuMC40MjgwLjg4IixbXV0.&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjo2fSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6MX1d&dt=1608405770846&bpp=2&bdt=4304&idt=2&shv=r20201203&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D1536b051f6c591b3-22a99c9a7ca60032%3AT%3D1606548929%3ART%3D1606548929%3AS%3DALNI_MatKzENMXWtGnpMDntd69DnLDlRCg&prev_fmts=0x0%2C728x90%2C690x280%2C1349x583%2C690x280%2C690x280%2C690x280&nras=7&correlator=6963706400780&frm=20&pv=1&ga_vid=1902926927.1606592101&ga_sid=1608405046&ga_hid=1644734155&ga_fc=1&u_tz=240&u_his=1&u_java=0&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=170&ady=7454&biw=1349&bih=583&scr_x=0&scr_y=5125&eid=21067496&oid=2&psts=AGkb-H9pwmc0l4igVV82HpKYQ18SwvbdxsIIzgCAikAGz8n9zOj7TvmtG7VIH5gY_dkrPw%2CAGkb-H8bAYotM8T4VUZfpXc8_Ztx64XAz3DDE5eTtdiX0uhmEtKnP5GybUPcxiNZJmbeyg%2CAGkb-H_7RclJewQXU7e22JQi5qSPoIfYChJST-xeXFCxFLuk3cwbhaz0n8SVifp-fB3vyQ%2CAGkb-H-gcPfXf_huc9tpZPtRDG3GcjuAgZWQc9CO9Lm-FFbyis_qg4bt0gR7is_1y4wAsg%2CAGkb-H8UASluIs-kdwXjCfTOkt-g6BGe4OCOEEuG1xW_9-F42n1PQaTqbNUiggYoLKWBBA&pvsid=3658807509345492&pem=622&ref=https%3A%2F%2Fyenisabah.az%2F&rx=0&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C728%2C1366%2C600&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=9344&bc=31&ifi=8&uci=a!8&btvi=6&fsb=1&xpc=4rjlksbPjT&p=https%3A//yenisabah.az&dtd=50492

– Bizim bir zabitimiz vardı. O, həmişə deyirdi ki, komandir, biz şəhid olsaq da, dayanmayın. Şuşanın Sığınaq kəndində şəhid oldu. Son sözü də o oldu ki, mənim qisasım ancaq Şuşa azad ediləndə alınacaq. Orada bizə şəhid analarının məktublarını çatdırırdılar. O məktublar bizə ancaq ruh yüksəkliyi verirdi. Çünki balalarının qanını ancaq torpaqları azad edəndə qaytara biləcəyimizi yazırdılar. Digər tərəfdən Prezidentimiz çıxışları da bizi ruhlandırırdı. Bunu bütün ordu etiraf edə bilər.

– Hər hansısa bir bölgədə olanda digər ərazi barədə məlumat alırdınızmı?

– Bəli, hansı istiqamətdən hansı qrupun hücuma keçdiyini bizə deyirdilər.

– Həmin müddətdə ailənizlə əlaqə saxlaya bilirdiniz?

– Döyüş ərəfəsində bircə dəfə ailə üzvlərimlə danışma şansım olub. Onda da ən çox oğlum və qızımla danışdım. Çünki yoldaşım müəllimdir, dərs saatına təsadüf etmişdi. Biz danışanda oğlum, “Ata, heç vaxt qorxma, geri çəkilmə, burada deməsinlər ki, sənin atan qorxub döyüşmədi. Şəhid də olsan, torpağımızı al, anama və bacıma mən baxaram”,-dedi. Bunu 11 yaşlı uşaq dedi. Həmin an içim təbii ki, qürur hissi ilə doldu. Qızımın isə 15 yaşı var. O, məndən sağ qayıtmağımı tələb edirdi. “Ata, özünü qoru, ermənini öldür, amma bizim yanımıza da sağ qayıt”,-deyirdi. Yoldaşımla sonuncu dəfə evdən çıxanda danışmışdım, ona hər şeyi izah eləyib halallaşdım. Uşaqları ona tapşırdım, bir də qürurunu əyməməyini xahiş etdim.

– Ölümün sizə nəfəs qədər yaxın olduğu anlar yaşadınızmı?

– Hadrut meşəsində Nağıyev minaya düşəndə, mən ona kömək etməyə cəhd etdim. Yanımdakı yoldaş, polkovnik Emin mənə yerimdən qalxmamalı olduğumu dedi.  Mən dözə bilməyib Nağıyevə tərəf addım atanda Emin ayağımdan geri çəkdi, elə həmin an yaxınlığıma mərmi düşdü, əgər o, məni geri çəkməsəydi, üstümə düşəcəkdi. Ölüm o qədər yaxın idi ki, qəlpələr başımda olan kaskanı kəsdi. Bir neçə saat sonra travma səbəbilə qulağımdan qan gəldi.

– Yaddaşınıza ömürlük həkk olan hadisə varmı?

– Bəli, bizim bir gizir vardı, hazırda soyadı yadımda deyil. Nişanlıydı, bir gün döyüş zamanı ağır yaralandı, qəlpə içini dağıtmışdı və ağzından qan gəlirdi. O sön nəfəsində, “Həmişə oğlum olmasını arzulayardım, amma mənə övlad qismət olmadı, Allah onu mənə yaşatmadı, mən şəhid oluram, komandir”,-dedi. Bu hadisə heç vaxt ağlımdan çıxmayacaq. O, haqqını bizə halal edib  şəhid oldu.

– Hansısa əsgərimiz döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərdimi?

– Naxçıvan heyətinin içərisində Haqverdiyev Əli vardı. O, çox balaca, arıq, təxminən 55-60 kilo çəkisi olan bir oğlanıydı. Amma üzərində pulemyot götürmüşdü. Qarşımıza düşmən qrupu çıxanda Əli özünü qabağa atdı. Tək canına “pulemyot kalaşnikof”la düşmənin 15 nəfərlik qrupunu məhv elədi.  Ondan başqa Muradov Röyal, Həşimov Tural kimi yaxşı döyüşən gənclər vardı. Onlar gizir idilər, amma həqiqətən, zabitlər qədər ürəkli, bacarıqlıydılar. Qrup komandiri vəzifəsini icra edirdilər, çünki zabitləri şəhid olmuşdu. Bizdə əsgər yoldaşımız şəhid olanda qisas hissi daha da artırdı. Qorxu hissi, ümumiyyətlə, yaxınımıza gəlmirdi. Düzü, bizə indi daha dərindən təsir edir ki, filankəs şəhid olub. Həmin müddətdə biz ancaq qisas hissini keçirirdik. Naxçıvan heyətində Salmanov Oruc vardı. O, döyüşdə yaralandı, döyüş şiddətli olduğu üçün biz onu çıxara bilmirdik, qarşıya Şuşaya çatmağı məqsəd qoymuşduq.  Biz ona ilk tibbi yardımı göstərdik, kordinatını ötürdük, təxliyə qrupu onu çıxarmağa gələndə düşmən pusqusuna düşdü, orada həmin maşın 1 şəhid, 2 yaralı verdi. Nəticədə Salmanov da çıxarıla bilmədi. 

Biz döyüşdən qayıdanda gördük ki, o, hələ də ordaydı, insan qanaxmadan elə arıqlamışdı ki, məni görəndə güclə tanıdı, onu çıxaracağımızı deyib təskinlik verdim. Yanımda Hüseynov Elvin vardı. Planlaşdırdıq ki, qucağımızda növbəli şəkildə daşıyaq. Götürüb birtəhər aşağı düşürdük, təxliyə yerinə təhvil verdik. Səhər saat 6-dan yola düşüb döyüşmüşük, axşam saat 7-də onu təxliyə yerinə çatdırmışıq. Həkimlər ona ilkin tibbi yardım göstərdi. Təəssüf ki, qolunun biri kəsildi, amma şükür ki, bu gün sağdır.

– Döyüşdən sonra yəqin ki, aranızda söhbətləşirdiz. Bu zaman əsgərlər daha çox nədən danışırdılar?

– Bizim istirahətimiz yox idi. Ona görə də həqiqətən, söhbət etməyə vaxt tapmırdıq. Yığışıb ocaq filan qalaya bilməzdik, çünki bununla yerimizi bəlli etmiş olardıq. Üşüsək belə, ocaq qalaya bilməzdik. Adətən, qısqol geyinirdik, çünki çox hərəkət edirdik.

– Dayanmadan ən çox neçə saat yol getmisiz?

– Axşam saat 7-dən səhər 5-dək biz dayanmadan hərəkət edirdik. Yemək üzərimizdə olurdu, amma yorğunluq səbəbilə heç iştahımız olmurdu. Bizə çoxlu şokolad, enerji içkiləri gəlirdi, elə onlarla qidalanırdıq. Yeməyə bir o qədər meyil etmirdik.

– İşğaldan azad edilən ərazilərdə boş qalan evlərə girirdiniz? Orada nələrlə rastlaşırdız?

– Bəli, evlərdə ermənilərin olub-olmadığına baxmaq üçün girirdik. Onların evində olduqca çox turşu və içki olurdu. Sanki iş-gücləri ancaq yeyib-içməkdən ibarət idi. Bir də çoxlu donuzları olurdu. Amma həqiqətən, biz onların heç birinə əl vurmadıq. Çünki mənim zabit yoldaşlarımın əksəriyyəti namaz qılan idi. Əsas kompotlarından istifadə elədik. Evlərində heç hazır yeməyə rast gəlmirdik. Lakin evlərin hamısı əşyalarla doluydu. Elə evlər vardı ki, yaşayanlar pulu, qızılı, dəyərli olan hər şeyi tərk edib qaçmışdı. Kimsə yandırmaq istəyəndə qoymurdum ki, artıq bizimdir. Bildirim ki, biz oradan heç nə götürmürdük, əslində, götürsək də nəsə deməzdilər, amma əlimizi vurmurduq.

– Son olaraq qələbəmiz barədə nə demək istəyərsiz?

– Müharibənin qələbə ilə təmin olunmasında arxa cəbhənin də rolu böyük idi. Cəbhəboyu kəndlərdə yaşayan əhali əsgərlərə öz övladları kimi qayğı göstərirdilər. Müharibə olduğum dövrdə Naxçıvanda qalan ailəmin bütün təminatını yerli rəhbərlik öz üzərinə götürmüşdü. Həm Vasif  Talıbov, həm də Kərəm Mustafayev əsgər ailələrinin qayğıları ilə şəxsən maraqlanırdı. Qarabağda olduğum iki ay ərzində ailə üzvlərimin marketə gedib bir məhsul belə almasına ehtiyac olmayıb.

Hamısını Göstər

Related Articles

Back to top button