Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
“Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 2024-cü il dekabrın 25-də qəzaya uğraması nəticəsində ekipaj heyətinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qəzada həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri Mərkəzi Bankının tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
“Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycanda fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, – ABA-nın məlumatında bildirilir.
Polise.az