Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib
Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir təşkil olunub.
“Report” xəbər verir ki, Tacikistan Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilk olaraq tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə ətraflı məlumat verib.
Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edən səfir Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu qeyd edib.
Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinə diqqət çəkən diplomat Azərbaycan şairinin Tacikistanda da sevildiyini və ona ehtiram bəsləndiyini söyləyib.
Daha sonra Tacikistanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini, tacik dili və ədəbiyyatı kafedrasının müdiri, Lomonosov adına Moskva Dövlət Universitetinin Tacikistandakı filialının müəllimi və başqaları çıxış ediblər.
Səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə”si, həmçinin Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Şuşaya həsr olunmuş kitablar səfir tərəfindən universitetin kitabxanasına hədiyyə edilib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Polise.az