Talassemiya işində tanınmış həkimlər ifadə verdi: “Kuryer idisə, Mərkəzdə necə sərbəst hərəkət edirdi?”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova bildirib ki, təqsirləndirilən şəxslərdən Aynur xanımı 2022-ci ilin aprel ayından kuryer kimi tanıyıb: “Mən baş həkim təyin olunduqdan sonra bir zərərçəkmiş şəxs bildirdi ki, Aynur xanım onlardan pul alıb. Xahiş etdi ki, bu barədə heç kimə məlumat verməyim. O, məsələni kiminsə biləcəyi halda yaxın qohumunun əməliyyata alınmayacağından qorxurdu.
Buna baxmayaraq, mən məsələni rəhbərliyə çatdırdım. Bundan sonra Aynur Bayramova Mərkəzə buraxılmadı. Vətəndaşdan soruşdum ki, nə üçün kuryerə bu qədər güvənib etibar etmisiz? Medical Park-ın həkimi bizə gəlirdi və bəzi xəstələrimiz orada əməliyyat olunurdu. Həkim bura gələndə Aynur xanım da onunla birlikdə qeydiyyatçı kimi gəlirdi. Əməliyyatın xərclərinin hansı şirkət tərəfindən ödənildiyindən xəbərim olmayıb. Bunu yalnız xəstələrdən öyrənmişəm. 2009-cu ildə pasiyentlərimiz Türkiyəyə göndərilirdi. Xəstə sayı artdıqca, Akif hoca özü bura gəlməyə başladı”.
Hakim Şəlalə Həsənova Xuraman Cəfərovadan soruşub ki, Aynur Bayramova kuryer olduğu halda Talassemiya Mərkəzində necə sərbəst hərəkət edə bilib? Xuraman Cəfərova cavabında bildirib ki, o, baş həkim təyin olunduqdan sonra belə hallara rast gəlinməyib.
“Aynur Bayramova ilə şəxsi əlaqəm olmayıb. Cəmi iki dəfə donorla bağlı sual vermişəm. O, Medical Park-a gedib-gəldiyi üçün bu məsələlərdən xəbəri var idi”, – deyə şahid ifadə verib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı şahid qismində ifadə verib.
O qeyd edib ki, Aysel Məmmədova və Nuridə Seyidovanı tanıyır: “Hazırda orqan transplantasiyası İcbari Tibbi Sığorta tərəfindən maliyyələşdirilir. Lakin əvvəllər bu əməliyyatlar xəstənin şəxsi vəsaiti hesabına həyata keçirilirdi. Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkət həmin dövrdə xəstələrə yardım göstərirdi və onlar əməliyyat olunurdu.
Bizdə beş xəstənin əməliyyat xərcləri ödənilmədi. Bu səbəbdən “Urmedhelp” şirkəti ilə bağlanmış müqaviləyə xitam verildi. Təxminən 10-a yaxın xəstə həmin şirkətin vasitəsilə əməliyyat olunmuşdu”.
Həkimin sözlərinə görə, xəstəxanaya edilən ödənişlər rəsmi şəkildə həyata keçirilib:
“Aysel Məmmədova ilə xəstələrə yardım göstərilməsi mövzusunda telefon danışıqlarımız olub. Müqavilə Mərkəzi Gömrük Hospitalı ilə “Urmedhelp” şirkəti arasında imzalanıb. Mən müqavilənin imzalanmasında iştirak etməmişəm”.
Daha sonra prosesdə Mircəlal Kazımi ilə Aysel Məmmədovanın telefon danışığı dinlənilib. Səs yazısının bir qismində qırılmalar olub.
Zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti rədd edib. Daha sonra sənədlər tədqiq olunub.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.
Polise.az