“Tarif Şurasının qərarı bahalaşmaya səbəb olacaq” – Açıqlama
Xəbər verdiyimiz kimi, yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92 benzininin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bəs görəsən, benzinlə dizelin bahalaşması hansı sahələrin və məhsulların qiymətlərinin qalxmasına səbəb olacaq?
Bununla bağlı konkret.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qiymət artımı müxtəlif mal və xidmətlərin maya dəyərində müxtəlif səviyyələrdə öz əksini tapacaq: “Yəni əksər malların maya dəyərində yanacaq daha çox paya malikdir. Bu da deməyə əsas verir ki, bütün mal və xidmətlərin qiymətləri artacaq. Təbii ki, qiymətlərin formalaşmasında müəyyən qədər başqa səbəblər və təsirlər də var. Hökumət öz açıqlamasında göstərir ki, ictimai nəqliyyatla bağlı müəyyən kompensasiya mexanizmləri hazırlayacaq və yaxud da kənd təsərrüfatında dizelin bahalaşmasından yarana biləcək zərəri nəzərə alacaq.
Amma bazarda qiyməti formalaşdıran faktorlar var. Kənd təsərrüfatında dizelin bahalaşması nəticəsində yaranmış fərqi aradan qaldırmaq heç də ümumi problemi həll etmir. Çünki məhsulun və xidmətin formalaşmasında istifadə olunan bütün alətlər bahalaşır. Bu da dolayısı ilə bütün növ xidmətlərin və malların qiymətlərinin bahalaşmasına gətirib çıxara bilər. Amma burada əhalinin alıcılıq gücü də vəziyyətə təsir edəcək. Ola bilsin ki, indiki halda əhalinin alıcılıq gücü müəyyən qədər bahalaşma təzyiqlərini neytrallaşdıran faktor kimi çıxış etsin. Yəni alıcılıq çox aşağıdır. Qiymət artımının hansı məhsullara təsir edəcəyini bazar müəyyənləşdirəcək.
İlk təsirlər əkinçilikdə öz əksini tapacaq. Çünki orada texnikanın istifadəsində dizel daha çox işlənir. Hesablamalar göstərir ki, qiymət artımından kənd təsərrüfatı üzərində yarana biləcək zərərlər 70-80 milyon arasında olacaq. Amma hökumət bunu nəzərə alacağını deyir. Amma necə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Görünən odur ki, kənd təsərrüfatı məhsulları ən az zərər görəcək. Eləcə də ictimai nəqliyyat.
Rəşad Həsənov onu da vurğulayıb ki, siqaret vacib məhsul növü deyil: “Əslində bu məhsulun bahalaşması onun istehlakını aşağı salır. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatının hesabatları bəzən tam əksini göstərir. Lakin siqaretin qiymətində bahalaşmaların olması gözləniləndir. Amma bu artım benizinlə əlaqəli deyil. Çünki benzin siqaretin qiymətinin formalaşmasında ən axırıncı amildir”.
“Qiymət artımının konkret hansı məhsullara təsir edəcəyini sözsüz ki, zaman göstərəcək. Çünki çox zaman bir faktor qiymət artımına təsir etmir, yəni qiymətin formalaşması bazarda olan amilləri birgə formalaşdırır. Biz ötən gün birinin bahalaşdığını gördük. Bunun təsirlərini növbəti mərhələdə görəcəyik. Taksi xidmətləri mütləq bahalaşacaq. Çox güman ki, taksi kompensasiya olunacaq xidmətlər arasında olmayacaq. Yük daşımalarında xidmətlər birmənalı olaraq bahalaşacaq. Əgər yükdaşımaya təzyiq varsa, bu, bütün məhsulların qiymətinə təsir edəcək”.