Tarix yazan Lider: Azərbaycanın 21 illik inkişaf dövrünün 15 oktyabr zirvəsi

15 oktyabr müasir müstəqil Azərbaycanın şanlı tarixinə ən önəmli günlərdən biri kimi yazılıb. Bir il əvvəl – 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğalçılardan təmizlənən tarixi torpaqlarımızda, o cümlədən Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Dövlət bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması müstəqillik tariximizdə çox mühüm hadisə olmaqla yanaşı, Azərbaycanda separatizmin kökünün tam kəsildiyini bütün dünyaya nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mircəlil Qasımlı deyib. O bildirib ki, Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində əldə olunan zəfərlər ötən illər ərzində həyata keçirilən məqsədyönlü və nəticəyə hesablanmış müdrik siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana misilsiz nailiyyətlər qazandıran siyasətin əsası 15 oktyabr 2003-cü ildə qoyulmuşdu. Həmin gün Ulu Öndər Heydər Əliyevin siyasi varisinə, dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xəttə sonsuz inamını ifadə edən xalq məhz cənab İlham Əliyevə səs verərək onu Prezident seçdi. Çünki xalq Heydər Əliyev siyasətini Azərbaycanın parlaq gələcəyinin yeganə təminatçısı görür və ona etibar edirdi.

Tarixi zəfərlərə yol açan müdrik siyasət: Bütün sahələrdə əldə olunan dinamik inkişaf

“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirdə göstərilən hədəflərin hər biri bu gün real həyatda öz əksini tapıb. Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən 2003-cü il 15 oktyabr tarixindən etibarən dövrün tələblərinə uyğunlaşdırılmaqla uğurla davam etdirilməsi ölkəmizi qələbədən-qələbəyə inamla daşıdı.

Bu illər ərzində siyasi arenalarda qazanılan diplomatik uğurlar, ölkəmizin iqtisadi dayaqlarının möhkəmləndirilməsi istiqamətində görülən əsaslı işlər, ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə olunan nailiyyətlər ölkəmizin davamlı və dayanıqlı tərəqqisini şərtləndirdi.

İkitərəfli və çoxtərəfli formatlarda qurulan səmərəli əməkdaşlıq münasibətləri ölkəmizin iqtisadi, siyasi əlaqələrinin genişləndirilməsində müstəsna rol oynadı. Eyni zamanda, beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət Azərbaycan həqiqətlərinin, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri bu gün də həyata keçirilən dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizin sürətli və davamlı iqtisadi inkişafı naminə aparılan mütərəqqi islahatlar, icra olunan Dövlət proqramları, həyata keçirilən layihələr güclü və rəqabətədavamlı iqtisadi tərəqqinin təmin olunmasında müstəsna rol oynayır.

Bu xüsusda, beynəlxalq tərəfdaşlarla birgə icra edilən mühüm layihələri xüsusi qeyd etmək istərdim. Ulu Öndərin təşəbbüsü və iştirakı ilə otuz il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyamızın dövlətimizin başçısı tərəfindən müasir çağırışlar əsasında davam etdirilməsi ölkəmizin iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə önəmli töhfələr verir.

Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin tərəfdaşlarla birgə uğurla icrası və onun genişləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artıb. Azərbaycan qazı artıq dünyanın 10 ölkəsinə satılır ki, onların da səkkizi məhz Avropa ölkəsidir.

Eyni zamanda, “Neft kapitalının, insan kapitalına” çevrilməsi istiqamətində atılan addımlar, neft-qaz sənayesindən əldə olunan gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönləndirilməsi Azərbaycanın hərtərəfli inkişafında müstəsna rol oynayır.

Azərbaycanda sabitlik və əmin-amanlığın ən yüksək səviyyədə təmin olunması qazanılan uğurlarda olduqca əhəmiyyətli paya sahibdir. Bu illər ərzində ölkəmizdə hüquqi dövlət quruculuğu, o cümlədən qanunun aliliyinin, fundamental hüquq və azadlıqların tam təmin olunması istiqamətlərində mühüm nailiyyətlər əldə edilib. Transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıqla mübarizədə səmərəli fəaliyyət təşkil edilib.

Bu amil, xüsusən də ölkəmizi xarici sərmayədarlar üçün daha da cəlbedici edir. Ağır iqtisadi-siyasi böhranların, dağıdıcı münaqişələrin, daxili toqquşmaların geniş vüsət aldığı müasir dünyamızda Azərbaycan kimi sabit və davamlı inkişaf edən, investorlar üçün əlverişli mühitin mövcud olduğu ölkələrin sayı təbii ki, çox deyil. Elə bu səbəbdəndir ki, ölkəmiz ötən illər ərzində dünyanın nüfuzlu şirkətləri tərəfindən böyük layihələrin uğurla həyata keçirildiyi məkana çevrilib.

Eyni zamanda, xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması və təbliği, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin tanıdılması istiqamətlərində misilsiz işlər görülür. Həmçinin Azərbaycan beynəlxalq nüfuzlu tədbirlərə, forumlara, konfranslara, mühüm idman yarışlarına uğurla ev sahibliyi edir. Cari ilin noyabrında ölkəmizdə təşkil olunacaq COP29 tədbiri dünya birliyinin Azərbaycana olan yüksək etimadının və böyük hörmətinin bariz təzahürüdür.

Bu illər ərzində sözsüz ki, ən çox diqqət ayrılan sahələrdən biri də ordu quruculuğu oldu. Ordunun müasir standartlar səviyyəsində yenidən formalaşdırılması, ən müasir silah-sursat və texnika ilə təchiz edilməsi, zabit heyətinin peşəkarlığının daha da artırılması işğala məruz qalmış Azərbaycan üçün xüsusi önəm daşıyırdı. Qazanılan zəfərlər göstərdi ki, ən müasir döyüş texnologiyaları ilə təchiz edilmiş Azərbaycanın rəşadətli Silahlı Qüvvələri dünyada hərb sənətinin incəliklərinə yaxından bələd olan peşəkar zabit kadrlarına, mükəmməl taktiki hazırlığa və döyüş qabiliyyətinə malik ordu kimi dövlətimizin suverenliyinə qarşı ola biləcək istənilən təhlükənin qarşısını almağa tam qadirdir.

İşğalın davam etdiyi 30 il ərzində münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışan Azərbaycan heç bir halda işğalla barışmayacağını ən yüksək tribunalardan dəfələrlə bəyan etmişdi.

Lakin bu illər ərzində nə Ermənistan, nə də onun havadarları Azərbaycanın ədalətli sülh təklifinə müsbət yanaşmadı, əksinə, münaqişəni dondurmağa, həllini uzatmağa çalışdı.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq ilk tarixi qələbəmizi şərtləndirdi, xalqımızın işğala son qoymaq əzmini bir daha nümayiş etdirdi.

Prezident-xalq birliyi qazanılan bütün zəfərlərin əsas təminatçısıdır

Azərbaycan Prezidentinin 2003-cü ildən yürütdüyü, və ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, xalqımızın milli maraqlarının təmin olunmasına, respublikamızın ərazi bütövlüyünün bərpasına hesablanmış müdrik siyasətini uğurlu və dönməz edən ən başlıca amillərdən biri də məhz Prezident-xalq birliyinin mövcudluğudur.

Hakimiyyətinin bütün mərhələlərində məhz doğma xalqına arxalanan, onun iradəsini hər şeydən üstün tutan dövlətimizin başçısı yüksək qətiyyətli rəhbərliyi, müdrik sərkərdəliyi ilə xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək onu tarixinin ən parlaq zəfərlərinə qovuşdurdu.

Görülən işlər, əldə olunan dinamik inkişaf, əhalinin rifah halının yüksəldilməsi, ölkənin dünya miqyasında artan nüfuzu və digər uğurlar ötən illər ərzində xalqın Prezidentinə inamını daha da artırdı, 2003-cü ildən sonrakı müddətdə keçirilən bütün seçkilərdə də öz Liderinə sonsuz inamını ifadə etdi.

Aparılan uğurlu gənclər siyasəti sayəsində ölkəmizdə yüksək intellektli, bilik və bacarıqlara sahib, vətənpərvər gənc nəsil formalaşdırıldı. Gənclərin müxtəlif sahələrdə həyata keçirilən layihələrə cəlb olunaraq, ölkəmizin davamlı inkişafına töhfə vermələri təmin edilir.

Prezident İlham Əliyevin hakimiyyəti illərində vətənpərvər ruhda formalaşan gənc nəsil Vətən müharibəsində və antiterror tədbirlərində böyük qəhrəmanlıqlar nümayiş etdirərək, döyüş meydanında düşməni məhv etdi. Düşmənin illərdir möhkəmləndiyi, istehkamlar qurduğu tarixi torpaqlarımızda qarşıya qoyulan bütün tapşırıqları uğurla icra edən əsgər və zabitlərimiz öz qanları, canları bahasına ərazilərimizin düşməndən təmizlənməsinə nail oldular. Bu qəhrəmanlıqlar igid övladlarımızın Vətənə, xalqa, Ali Baş Komandana sədaqətinin bariz nümunəsidir.

27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə başlayan Zəfər yürüşümüzdə xalqımızın nümayiş etdirdiyi həmrəylik, Prezidentə və rəşadətli ordumuza verdiyi dəstək döyüş meydanında aparılan uğurlu əməliyyatların Qələbə ilə nəticələnməsində müstəsna rol oynadı.

Düşmən tərəfindən bir neçə il ərzində işğal edilmiş Azərbaycan torpaqları Ali Baş Komandanın müdrik sərkərdəliyi, xalqın birliyi, ordunun qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, 30 illik Qarabağ nisgilimizə son qoyuldu.

Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı da tarixi Zəfərlə yekunlaşdı, Azərbaycanın suverenliyi tam bərpa edildi.

Doğma torpaqlarından analarının qucaqlarında, ayaqyalın çıxmış uşaqlar öz Vətənlərinə tankların üstündə, düşmənin başını əzərək qayıtdılar. Nəticə olduqca fərəhləndiricidir. Belə ki, ötən illər ərzində bütün sahələrdə davamlı inkişaf edərək qüdrətli ölkəyə çevrilmiş Azərbaycanın üçrəngli Bayrağı bu gün bütün azad Qarabağda və Şərqi Zəngəzurda böyük qürurla dalğalanır. (Azərtac)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button