Tarixi Görüş Arifəsində: Vaşinqton – Tehran görüşünün əsas ssenarisi nə olacaq?

“Sabah Vaşinqton və Tehran arasındakı baş tutacaq görüş dünyanın maraqla izlədiyi siyasi hadisələrdən biridir”
Bu sözləri Moderator.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.

 

Hərbi ekspertin sözlərinə görə, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasındakı danışıqlar tərəflər arasında gərginliyi azalda bilər:
“Görünən odur ki, İran ABŞ-la müəyyən razılaşmalar əldə etmək istəyir və müvəqqəti də olsa bir sənədin imzalanmasına çalışır. Yəni, tərəflər arasında gərginliyi azaltmaq, əlaqələri normallaşdırmaq və müzakirələr aparmaq çox önəmlidir. Xüsusən də İran üçün, çünki ABŞ və İsrail artıq İranla bağlı öz qərarlarını veriblər. Onlar İranı cəzalandırmaq üçün eyni mövqedən çıxış edirlər və İran bunu çox gözəl başa düşür. Bu danışıqların əsas məqsədi isə gərginliyi azaltmaqdır. Ritorika hər iki tərəfdən mövcuddur – həm İran, həm də ABŞ tərəfindən. İranın ali dini lideri əvvəlcə Amerika Birləşmiş Ştatları ilə hər hansı bir danışığın mümkünsüzlüyünü bəyan etmişdi. Lakin sonradan, yəqin ki, müəyyən müzakirələrdən sonra İran prezidenti Məsud Pezeşkian səviyyəsində bildirildi ki, ola bilsin ki, ABŞ ilə müəyyən məsələlər üzrə müzakirələr aparılsın. Görünən odur ki, artıq bu prosesə başlanılıb”.
Hərbi ekspert hesab edir ki, sabahkı görüşdən elə də böyük nəticələr gözlənilmir:
“Ən azından gərginliyin azalması baxımından nəyəsə ümid etmək olar. İranın elə bir potensialı yoxdur ki, Amerikanın və ya İsrailin qarşısında duruş gətirsin. Bəzi məsələlər var ki,  bunları mətbuatda müzakirə etməsək də, reallıq tamam başqa bir mənzərəni ortaya qoyur. Sülh, yəni yaxın perspektivdə ABŞ ilə İsrailin İrana münasibəti pozitivə doğru dəyişməyəcək. Hələ tərəflər böyük bir yol qət etməlidirlər ki, müəyyən razılaşmalara gəlsinlər. Ümid edək ki, Tramp, İranın dini rəhbəri və bu gün dünyada müharibənin ən qatı tərəfdarlarından biri olan Netanyahu öz məsuliyyətlərini dərk edəcəklər və dünyanı fəlakətlə qarşı-qarşıya qoymayacaqlar. Bu gün Rusiya-Ukrayna müharibəsi, İsrail-Həmas toqquşması, həmçinin husilərin son vaxtlar Amerika ilə silahlı çatışmaları dünyada böyük gərginliyə səbəb olub. Ümid edək ki, Vaşinqtonla Tehran ortaq bir məxrəcə gəlib danışıqları daha da dərinləşdirəcək və danışıqları nəzəri yox, praktiki baxımdan müəyyən bir nöqtəyə gətirib çıxara biləcəklər. İranın ABŞ-a qarşı böyük güzəştlər edəcəyini inanmıram. İranın məqsədi aydındır, ABŞ-ın da öz məqsədi var. ABŞ və  İsrail  İrana qarşı bundan sonra da iqtisadi və siyasi təzyiqləri artıracaq. Əgər bu təzyiqlər yetərincə effekt verməsə, ABŞ ola bilsin ki, yeni hərbi gücdən istifadə etsin”.
Mehin Mehmanqızı
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button