Tehrana zərbə AN MƏSƏLƏSİDİR – Dəhşətli MÜHARİBƏYƏ hazırlıqlar tamamlandı
ABŞ Yaxın Şərqdəki vəziyyəti genişmiqyaslı müharibə saymır; analitikə görə, İsrail isə sülh axtarmır, istəyi tam qələbədir
İsrail ordusu Livanın cənubunda Marun əl-Rəs bölgəsinə nəzarəti ələ keçirib və burada Tehran rejiminin inşa etdiyi “İran bağı”nı dağıdıb. “Yeni Müsavat” bildirir ki, İsrail ordusu məlumat yayıb. 2006-cı ildə İsrail sərhədinin 400 metrliyində salınan bağda Xomeyni və Xameneyinin böyük portretləri, Qasım Süleymaninin heykəli quraşdırılmışdı.
Portretlər və Süleymaninin heykəli də daxil olmaqla, İrana aid bütün nişanlar dağıdılıb, onların yerində İsrail bayrağı qaldırılıb. “Biz hələ də bunu daha böyük müharibə kimi qiymətləndirmirik”. Bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqh Yaxın Şərqdəki vəziyyətin genişmiqyaslı münaqişəyə çevrilib-çevrilmədiyi barədə sualı cavablandırarkən deyib. “Ona görə də düşünürəm ki, vəziyyətə perspektivdən baxmaq vaxtıdır. Müharibənin, hesablamalarımıza görə, hələ də qarşısı alınır”, – S.Sinqh qeyd edib.
İsrail isə Livanın cənubunda atəşkəs rejiminin tətbiqi üçün şərt olaraq “Hizbullah” hərəkatının silahlarını təhvil verməsini və qüvvələrini iki ölkənin sərhədindən şimala çəkməsini tələb edir. Bu barədə “Al Arabiya” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb. “İsrail Livanda atəşkəs müqabilində “Hizbullah”ın silahlarını təhvil verməsini və Litani çayından şimala çəkilməsini tələb edir”, – müsahiblərdən biri bildirib. Daha əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənub ətrafında yerləşən Haret-Hreyk və Hadas rayonlarındakı bir neçə binanın sakinlərini təcili təxliyə olmağa çağırmışdı.
“Hizbullah”ın rəhbəri Həsən Nəsrullah, ardından isə onun varisi Haşim Seyfəddininin öldürülməsindən sonra təşkilat idarəetmədə dəyişiklik etmək məcburiyyətində qalıb. “Asharq al-Awsat” qəzeti xəbər verir ki, bundan sonra təşkilat kollegial qaydada idarə olunacaq. Qəzet yazıb ki, hazırda Nəsrullahdan sonra baş katib vəzifəsinə heç kimin namizədliyi irəli sürülməyib. Faktiki olaraq hərəkat kollegial şəkildə idarə olunur. Qeyd edək ki, bu, İsrailin “Hizbullah” liderlərini birbaşa hədəf almasının yaratdığı qorxudan qaynaqlanır. Eyni zamanda “Hizbullah”ın tərkibində də rəhbərlik məsələsində fikir ayrılıqları var. Onlar kimin lider olması məsələsində yekdil fikrə malik deyillər.
“Hizbullah” silahlı birləşmələri Livanın cənubundakı sərhəd bölgələrində İsrail ordusunun elit bölmələrinin irəliləyiş cəhdlərinə müqavimət göstərir. “Hizbullah”a məxsus Telegram kanalında bu barədə deyilir. Bildirilib ki, toqquşmalar zamanı azı 35 İsrail əsgər və zabiti ölüb, 200-ə yaxını isə yaralanıb. Yəhudi dövləti hazırda Livanda “Hizbullah”a, Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları davam etdirsə də, İranın ona zərbələrinə cavab verməyib. İsrailin hərbi-siyasi rəhbərliyi bu hücumun bədəli olacağını açıqlayıb, lakin nə zaman və hansı ərazilərə zərbə endiriləcəyi haqda müxtəlif versiyalar səslənir. Qərb nəşrləri və analitiklər İsrail ordusunun İranın nüvə obyektlərinə zərbə vuracağı proqnozlarını irəli sürürlər.
İsrail Livanın cənubunda yaşayan radikal hizbullahçıları öldürür, qalanlarını isə şimala doğu getməyə məcbur edir. Yurd-yuvasından köçməyə məcbur edilən milyonlarla şiə ərəbin böyük hissəsi isə Suriya ərazisinə keçir. Ərəb mətbuatında gedən məlumatlara görə, Suriyaya keçən şiələr böyük dəstələr halında Türkiyə sərhədinə doğru yol alırlar. ABŞ və İsrail planının anti-Türkiyə mahiyyəti də məhz burada gizlənib.
Rüstəm Tağızadə
Yaxın Şərq siyasəti üzrə politoloq Rüstəm Tağızadənin sözlərinə görə, İsrail tərəfi diplomatik cəhdlər və ya sülh axtarmır. Onun fikrincə, hökumətin istəyi tam qələbə qazanmaqdır: “İsrail və İran arasında rəqabət davam edir. Bu rəqabət arasında sui-qəsdlər və raket zərbələri ilə müəyyən hədəfləri vurmaq var. İran 180 ballistik raketi İsrailə atdı. Düşünürəm ki, İsrailin məqsədləri arasında İranın nüvə obyektlərini vurmaq olacaq. Bundan başqa, neft sənayesi ilə əlaqədar olan emal zavodları vurula bilər. Bu müharibə İran və Rusiyanı bir-birinə yaxınlaşdırır. Bu faktor özü Rusiyanın Yaxın Şərqdə olan nüfuzunu daha çox qorumasına yönələcək. Bu isə Yaxın Şərqdə daha mürəkkəb siyasi vəziyyət olması deməkdir”.
Politoloqa görə, İsrailin “Hizbullah” liderlərini öldürməsi proksi qüvvələr üzərində tam qələbə qazanması sayılmır: “Livanda aparılan quru əməliyyatı da İsrail üzərində olan təzyiqləri artırıb. Rusiya Yaxın Şərqdə unikal rol oynayır, İsrail, İran və Suriya ilə əlaqələrini balanslaşdırır. Rusiya Suriya rejiminin müttəfiqidir və burada hərbi mövcudluğa malikdir, tez-tez İran qüvvələri ilə birlikdə çalışır. Ancaq Moskvanın İsraillə də işgüzar münasibətləri var və xüsusilə Suriyada onların əməliyyatlarını əlaqələndirir. Rusiyanın əsas məqsədi regionda sabitliyi qorumaq və Suriyadakı maraqlarını təmin etməkdir. İsrail və “Hizbullah” arasında baş verən hər hansı qarşıdurma ABŞ, Rusiya və İran arasındakı daha geniş ittifaqlar və rəqabətlər tərəfindən müəyyən ediləcək. İsrail və ABŞ-ın sıx əməkdaşlığı davam edəcək, lakin Rusiyanın balanslaşdırıcı rolu və İranın proksi qüvvələrinə güvənməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bu, regional eskalasiya və daha böyük qeyri-sabitlik riskini artırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Polise.az