Terrorçular bioloji silaha sahiblənirlər: Generalın xəbərdarlığı hər bir ölkənin təhlükədə olduğunu təsdiqləyir

“Canlı bombalar”ın əvəzinə ictimai yerlərdə dolaşacaq “gəzən viruslar” yüzlərlə insan yoluxdura bilər…

Koronaviruslu dünyada yaşam şərtləri ağırlaşmaqda davam edir. Belə ki, bütün dünya dövlətlərinin başı epidemiyanın qarşısını alacaq yolları tapmağa qarışıb. Sadə insanlar isə daha çox bu virusla qarşılaşmamaq üçün əllərindən gələni edirlər.

Amma bütün diqqətin epidemiya ilə mübarizəyə yönəldilməsi nə qədər önəmli olsa da, yeni problemlərin ortaya çıxmasına da yol açmaqdadır. Hər halda, dünya dövlətlərinin digər önəmli problemlərə diqqəti, xüsusilə də beynəlxalq terrorizmlə mübarizə arxa plana keçirilmiş kimi görünür.

Epidemiya ilə mübarizə konteksində sərhədlər bağlıdır. Bu isə silah və narkotik ticarətinə bulaşmış mafioz qruplaşmaların fəaliyyətini məhdudlaşdırır. Eyni zamanda bu durum beynəlxalq terror təşkilatlarının fəaliyyətinə də müəyyən zərbələr vurur.

Məsələ ondadır ki, terror təşkilatları ənənəvi metodlardan yararlanmaqda çətinlik çəkirlər. Epidemiya ilə mübarizə üçün tətbiq olunan sərt karantin rejimi terrorçuların hərəkət imkanlarını məhdudlaşdırır və müxtəlif qanlı terror aksiyalarının törədilməsi planlarını iflasa uğradır.

photo_116025.jpg (39 KB)

Terrorçu təşkilatların dolanışıq problemləri ilə üzləşən şəxsləri öz sıralarına cəlb etmə prosesi nisbətən asanlaşıb…

Ancaq bütün bunlarla yanaşı, terrorçuların lehinə olan faktorlar da ortaya çıxmaqdadır. Belə ki, beynəlxalq terrorizmə nəzarət mexanizmləri ciddi şəkildə zəifləyib. Eyni zamanda epidemiyanın dünya iqtisadiyyatına vurduğu zərbələr bütün ölkələrdə insanların sosial rifah vəziyyətini ağırlaşdırıb. Nəticədə terrorçu təşkilatların dolanışıq problemləri ilə üzləşən şəxsləri öz sıralarına cəlb etmə prosesi nisbətən asanlaşıb.

Məsələ ondadır ki, adətən, terrorçu qruplaşmalar maliyyə resursları baxımından o qədər də korluq çəkmirlər. Onların arxasında həmişə hansısa xüsusi xidmət servislərinin dayandığı heç kəsə sirr deyil. Və həmin xüsusi xidmət servisləri də müxtəlif terrorçu qruplaşmalara həm silah, həm də maliyyə tranşlarını təmin edirlər. Aydındır ki, bu dəstək terrorçulara verilən təlimatların və sifarişlərin yerinə yetirilməsi üçün edilir.

Təbii ki, indi vəziyyət ciddi şəkildə dəyişib. İndiki situasiyada terrorçu qruplaşmalar beynəlxalq antiterror koalissiyasının zərbələrindən müvəqqəti də olsa yayınaraq, rahat nəfəs almaq üçün zaman qazanmış kimi görünürlər. Qazanılan bu zaman beynəlxalq terrorizmə öz fəaliyyətini yenidən qurmaq baxımından da sərf edir.

Məsələ ondadır ki, terrorçu qruplaşmaların sərt karantin rejimi şəraitinə adaptasiya olunmağa çalışdıqları barədə kifayət qədər ciddi məlumatlar mövcuddur. Həmin məlumatlara hazırda Qərb və Rusiya mətbuatında tez-tez rast gəlinir. Və məzmun baxımından, daha təhlükəli dönəmin yaşana biləcəyindən xəbər verir.

1573134160_resizer-13.jpg (162 KB)

Bəzi terrorçu qruplaşmalar Qərb xüsusi xidmət servislərindən (öz ənənəvi himayədarlarından) aldıqları maliyyə vəsaitləri hesabına sosial problemlərlə üzləşmiş xeyli sayda şəxsi öz sıralarına cəlb etməyə nail olublar…

İddialara görə, terrorçu qruplaşmalar artıq öz fəaliyyətlərini daha çox sosial şəbəkələr üzərindən qurmağa üstünlük verirlər. Belə ki, terrorçular tərəfindən sosial durumu ağır olan şəxslər müəyyənləşdirilir. Onlarla ünsiyyət qurulur. Daha sonra isə həmin şəxslər pul-para qarşılığında şirnikləndirilir.

Rusiya mətbuatı iddia edir ki, bəzi terrorçu qruplaşmalar Qərb xüsusi xidmət servislərindən (öz ənənəvi himayədarlarından) aldıqları maliyyə vəsaitləri hesabına sosial problemlərlə üzləşmiş xeyli sayda şəxsi öz sıralarına cəlb etməyə nail olublar.

Maraqlıdır ki, bu barədə hətta rəsmi açıqlama da mövcuddur. Belə ki, MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov da epidemiya nəticəsində sosial-iqtisadi durumun ağırlaşdığı ölkələrdə həyat səviyyəsinin aşağı düşməsi ucbatından çarəsiz insanların terrorçuların toruna düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, hazırda terrorçuların öz sıralarına yeni üzvlər cəlb etməsi əvvəlki dövrlərə nisbətən xeyli asanlaşıb.

1593429123.3864.jpg (46 KB)

General Andrey Novikov: “Beynəlxalq terror qruplaşmaları onsuz da çətinləşmiş vəziyyətdən yeni üzvlərin cəlb olunması üçün yararlanmaqla yanaşı, həm də yoluxmuş üzvlərinə ictimai yerlərdə, dövlət qurumlarında və s. məkanlarda infeksiyanın maksimum səviyyədə yayılmasını tapşırırlar…”

Ancaq general A.Novikovun açıqlamasında daha bir önəmli məqam mövcuddur. Və bu məqam mövcud situasiyanın qarşısı vaxtında alınmayacağı təqdirdə, yaxın gələcəkdə daha təhlükəli proseslərə yol aça biləcəyindən xəbər verir. Belə ki, generalın sözlərinə görə, terror qruplaşmaları virusa yoluxmuş üzvlərinə müraciət edərək, onları koronavirusun yayılması istiqamətində fəaliyyətə təlqin edirlər: “Dövlətlər tibbi və epidemioloji təhlükəsizlik uğrunda mübarizə apardığı bir vaxtda, beynəlxalq terror qruplaşmaları onsuz da çətinləşmiş vəziyyətdən yeni üzvlərin cəlb olunması üçün yararlanmaqla yanaşı, həm də yoluxmuş üzvlərinə ictimai yerlərdə, dövlət qurumlarında və s. məkanlarda infeksiyanın maksimum səviyyədə yayılmasını tapşırırlar”.

Generalin dediyinə görə, terrorçular artıq onlayn rejimə keçiblər. Terrorçuluq və ekstremizm ideologiyasının yayılmasını, yeni üzvlərin cəlb olunmasını hədəfləyən media-təbliğat mərkəzlərini fəallaşdırıblar.

Göründüyü kimi, generalın xəbərdarlığı kifayət qədər qorxunc proseslərin başlaya biləcəyindən və yaxud da artıq başlandığından xəbər verir. Bu səbəbdən də onun dediklərinə maksimum həssas yanaşmağa ehtiyac yaranmış kimi görünür.

1586840967_untitled-1.jpg (188 KB)

Terrorçular artıq bioloji silahdan istifadə mərhələsinə keçmək üzrədirlər. Hər halda, koronavirus onların fəaliyyətində bioloji silah rolunu oynaya bilər…

Çünki terrorçuların yeni fəaliyyət modelinə keçməsi bütün dövlətləri, o cümlədən də, Azərbaycanı hazırlıqsız yaxalaya bilər. Belə ki, terrorçular artıq bioloji silahdan istifadə mərhələsinə keçmək üzrədirlər. Hər halda, koronavirus onların fəaliyyətində bioloji silah rolunu oynaya bilər.

Məsələ ondadır ki, terrorçular adətən, insanların sıx toplaşdığı yerlərdə müxtəlif partlayışlar törətmək, silahlı basqınlar etmək və s. istiqamətlərdə təlimlər keçirlər. “Canlı bombalar” hazırlayaraq, terror aksiyaları törədirlər.

Ancaq hədəfə aldıqları dövlətlərin xüsusi xidmət servisləri onların bir çox terror aksiyalarının qarşısını ala bilirlər. Yeni terrorçuluq modeli – bioloji silahın yayılması isə təhlükəsizlik qüvvələri üçün tamamilə fərqli metoddur. Üstəlik, qarşısının alınması da çox çətindir.

sosial-uz-.jpg (42 KB)

Terrorizmin sosial şəbəkələr vasitəsilə onlayn fəaliyyət metoduna sahiblənməsi bütün dünya dövlətləri, o cümlədən də, ölkəmiz üçün ciddi təhlükələr vəd edir…

Hər hansı terror qruplaşması sosial şəbəkələrdən öz üzvlərinə virusun yayılması təlimatını verməklə, hədəf dövlətə “canlı bomba” aksiyasından daha ağır zərbələr vura bilər. Belə ki, “canlı bombalar”ın əvəzinə ictimai yerlərdə dolaşacaq “gəzən viruslar” yüzlərlə insan yoluxdura bilər.

Eyni zamanda onların yoluxdurduğu insanların isə virusu özləri də bilmədən başqalarına ötürməsi qaçılmazdır. Bu isə epidemiyanın daha sürətlə və geniş yayılmasına yol aça bilər.

Belə anlaşılır ki, terrorizmin sosial şəbəkələr vasitəsilə onlayn fəaliyyət metoduna sahiblənməsi bütün dünya dövlətləri, o cümlədən də ölkəmiz üçün ciddi təhlükələr vəd edir. Ona görə də, təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının bu önəmli problemə vaxtında diqqət etməsinə ehtiyac var.

Çünki bundan sonra terrorizm sosial şəbəkələr üzərindən idarə edilə bilər. Üstəlik, bioloji silahın (koronavirusun) yayılması metodlarına yiyələnmiş terror qruplaşmalarının hər bir ölkə üçün real fəlakət mənbəyinə çevrilə biləcəyi də artıq qətiyyən şübhə doğurmamalıdır.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button