Tofiq Zülfüqarov: Lavrov Rusiya imperiyasının təbliğatı ilə məşğuldur – MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Ermənistanda Rusiya əleyhinə ritorikanın və etirazların artdığı bir şəraitdə Kremlin baş diplomatı Sergey Lavrovun İrəvana təcili səfərinə nə ehtiyac var idi?

– Bu səfərin çoxdan planlaşdırıldığı və yaxud təcili baş tutması haqqında dəqiq bilgilər yoxdur. Ola bilsin ki, onlarda da səfərlərin planlaşması mövcuddur. Amma bu səfər daha çox iki xüsusiyyəti ilə diqqət çəkdi. İlk növbədə bu səfəri Ermənistanda baş verəcək seçkilərlə əlaqədar bir növ Rusiyanın və ümumiyyətlə onun İrəvana qarşı olan münasibətlərinin təbliğatı kimi qiymətləndirmək olar. Yəni açıq şəkildə qeyd edilirdi ki, Ermənistanın məntiqinə uyğun olaraq onlar üçün “ən uğurlu dövr” Rusiya ilə dostluq etdiyi vaxta təsadüf edir. Azərbaycanın işğal edilmiş ərazilərini qeyd edərkən vurğulanmışdı ki, bu, məhz Rusiya silahının gücü ilə baş verib.

– Səfər çərçivəsində Azərbaycanla bağlı hansı məqamlara toxunulub?

– İrəvanda Lavrovun səfər proqramı çərçivəsində səslənən bəyanatların əksəriyyəti Ermənistan-Azərbaycan mövzusuna aid idi. Bu, bir növ Azərbaycana verilən mesaj idi: “Bizimlə dostluq etməsəniz, bizim də münasibətimiz dəyişə bilər”.

– Sizcə, Kreml Lavrovun dili ilə nə demək istəyirdi?

– Bununla onlar öz aləmlərində Azərbaycanı bir növ təhdid edirdi. Dolayısı yolla da olsa, onlar rəsmi Bakıya hansısa mesajlar verməyə çalışırdı.

– Bunun səbəblərini harada axtarmaq lazımdır? Kremli narazı salan nədir?

– İndi Azərbaycanla Rusiya arasında soyuqluq yaşanır. Buna dair müxtəlif fikirlər söyləmək olar. Lavrovun İrəvan səfərində əhval-ruhiyyə Azərbaycana yönəlmişdi.

– Amma bunun fonunda rəsmi Moskva Bakı və İrəvana sülh məsələsində vasitəçilik təklif edir…

– İndi Rusiya demək istəyir ki, mənimlə dostluq edən Qarabağda uğura nail ola bilər. Bunu Ermənistan özü üçün “perspektiv” kimi dəyərləndirsə də, bu, Azərbaycana açıq təzyiq idi. Bakı-İrəvan danışıqlarında Moskvanın moderatorluğu isə bu və ya digər formada müzakirələrin formatı ola bilər.

– Kremlin vasitəçiliyi tərəflər üçün nə vəd edir?

– Rusiya İrəvana demək istəyir ki, danışıqlarda uğur qazanmaq istəyirsinizsə, vasitəçi kimi bizim iştirakımızı tələb edin. Bu da Kremlin Azərbaycana növbəti mesajlarından biri hesab olunur. Faktiki olaraq, Lavrov bu gün Rusiya imperiyasının təbliğatı ilə məşğuldur. Çünki münaqişələr dövlətləri və bölgələri idarə etmək üçün ən təsirli mexanizmdir. Səfər İrəvana olsa, Moskva hər iki tərəfə, yəni Azərbaycana və Ermənistana “mənimlə dostluq edən uğurlara nail ola bilər” tezisini çatdırır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button