Tofiq Zülfüqarov:“İranın “dostları” müharibəni körükləyir”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İran ətrafında gedən proseslər və informasiya müharibəsi ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.
O bildirib ki, özlərini “İranın dostları” kimi təqdim edən bəzi dairələrin mediada yaydıqları tezislər ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, bu ritorika faktiki olaraq bir nəticəyə – hərbi əməliyyatların yenidən başlanmasına xidmət edir.
Keçmiş nazir qeyd edib ki, bu cür çağırışlar regionda onsuz da zədələnmiş iqtisadi və sosial infrastruktura əlavə zərbələr vurmaq riski yaradır. “Bu proseslər texnoloji və sosial deqradasiyanı dərinləşdirərək cəmiyyətləri geriyə aparır”, – deyə o vurğulayıb.
Tofiq Zülfüqarov hesab edir ki, bu yanaşma ya vəziyyətin düzgün qiymətləndirilməməsindən, ya da məqsədli şəkildə destruktiv proseslərin təşviqindən irəli gəlir. O bildirib ki, nəticə dəyişməz qalır: sosial parçalanma, iqtisadi zəifləmə və dövlət institutlarının aşınması.
Keçmiş XİN rəhbəri Yaxın Şərqdə baş verən son hadisələrə də toxunaraq qeyd edib ki, lokal hücumların genişmiqyaslı dağıntılara gətirib çıxardığı nümunələr artıq mövcuddur. Onun sözlərinə görə, xüsusilə Qəzza zolağında baş verənlər bu baxımdan ciddi dərs olmalı idi.
Zülfüqarov vurğulayıb ki, emosional və qeyri-hesablanmış addımlar daha ağır nəticələrə yol açır və bu reallıq nəzərə alınmadan səsləndirilən çağırışlar təhlükəlidir.
O, həmçinin diqqətə çatdırıb ki, bu ritorikanı yayan şəxslərin bir hissəsi real vəziyyətdən uzaqdır və müharibənin əsas yükünü daşımır.
“Bu insanlar bəzən təhlükəsiz şəraitdə yaşayaraq cəmiyyəti riskə atan çağırışlar edirlər”, – deyə o bildirib.
Keçmiş nazir əlavə edib ki, belə yanaşmaların arxasında müəyyən maraqların dayanması ehtimalı da istisna edilmir. Onun fikrincə, müharibə ritorikasını təşviq edən bəzi şəxslər şüurlu və ya şüursuz şəkildə daha geniş ssenarinin iştirakçılarına çevrilirlər.
Sonda Tofiq Zülfüqarov vurğulayıb ki, müharibə yalnız cəbhədə getmir: “Onun əsas zərbəsi iqtisadiyyata, sosial sistemə və adi insanların həyatına dəyir.” /Azpolitika/
Polise.az



