Tokayevdən beş ölkəyə etiraz: Bütün qərarları siz verə bilməzsiniz

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və orada daha çox ölkənin təmsil olunmasına çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Astana Beynəlxalq Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.
Tokayevin sözlərinə görə, dünya üçün vacib qərarlar yalnız bir neçə dövlət – BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən qəbul edilmə bilməz.
“Milyardlarla insanı əhatə edən kritik qərarlar yalnız bir neçə ölkə tərəfindən qəbul edilməməlidir. Buna görə də Qazaxıstan BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir. BMT-nin aktuallığını qoruyub saxlaması və real dünyanı əks etdirməsi üçün Təhlükəsizlik Şurasında struktur islahatları zəruridir”, – dövlət başçısı vurğulayıb.
Kasım-Jomart Tokayev xatırladıb ki, bu il BMT yaradılmasının 80 illiyini qeyd edəcək:
“1945-ci ildə dağıdıcı dünya müharibəsindən sonra 51 dövlət tərəfindən yaradılan BMT daha dinc və təhlükəsiz dünya haqqında cəsarətli baxışlar təklif edib. Bu gün təşkilat daha müxtəlif, mürəkkəb və bir-biri ilə əlaqəli qlobal birliyi təmsil edən 193 üzv dövlətə malikdir. Amma BMT-nin əsas strukturları, xüsusilə də Təhlükəsizlik Şurası zaman keçdikcə az dəyişir”.
Qazaxıstan Prezidenti əlavə edib ki, 80 il əvvəl yaradılmış institusional strukturla müasir reallıqlar arasındakı bu uçurum BMT-yə inamı və onun effektivliyini sarsıdır.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və Çin daxildir.
Polise.az