“Tovuzda başlayan dirəniş: Qələbəyə aparan yolun ilk mərhələsi”

Tovuz döyüşlərindən 5 il keçir
Bu gün Azərbaycan tarixində şan və qəhrəmanlıq səhifələrindən biri olan Tovuz döyüşlərindən beş il ötür. 2020-ci ilin iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı Azərbaycanın sərhədlərinin qorunması naminə başlayan bu döyüşlər, Vətən uğrunda canından keçən igidlərin yazdığı şanlı tarix kimi yadda qaldı.
Beş il əvvəl Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etdi. Düşmən bu istiqamətdə irimiqyaslı təxribata əl atsa da, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri tərəfindən layiqli cavab aldı. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi.
Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu 12 şəhid verdi. Onların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev kimi yüksək rütbəli zabitlər də var idi. Qəhrəmanlarımızın bu döyüşlərdə göstərdiyi rəşadət xalqın yaddaşında əbədi iz qoydu və milli birliyin, Vətən sevgisinin gücünü bir daha sübut etdi.
Döyüşlər zamanı Tovuzun sərhəd kəndləri – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli və digər yaşayış məntəqələri düşmən artilleriyasının hədəfinə çevrildi. Lakin xalqımız bu çətin anlarda ordusunun və Ali Baş Komandanının ətrafında sıx birləşdi. Minlərlə vətəndaş Bakı küçələrində Azərbaycan Ordusuna dəstək yürüşü keçirdi, on minlərlə gənc könüllü olaraq hərbi xidmətə yazıldı.
Tovuz döyüşləri həm də sonrakı Zəfər yolunun başlanğıcı oldu. Bu döyüşlərdən cəmi iki ay sonra, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamları ilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Onların adları Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.
Azərbaycan dövləti Tovuz döyüşləri zamanı dəyən ziyanın aradan qaldırılması üçün operativ tədbirlər gördü. Prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərlə zərər çəkmiş kəndlərdə bərpa işləri aparıldı, dağılmış evlər və infrastruktur obyektləri yenidən tikildi.
Bu gün biz Tovuz döyüşlərinin ildönümünü anarkən şəhidlərimizin ruhu qarşısında baş əyir, onların fədakarlığını dərin ehtiramla yad edirik. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının əbədi qürur mənbəyidir.
Südabə Əliyeva
Polise.az



