Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir
İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***06:05
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı silahlardan istifadə etməklə bu gecə atəşkəs rejimini yenidən pozub.
“Report”un bölgə müxbiri xəbər verir ki, hazırda düşmən ordusu iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndini atəşə tutur.
Qeyd olunub ki, düşmən ordusu tərəfindən atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən evin həyətinə düşüb. Hazırda atışma davam edir.
Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.
Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.