Tovuzda açılan atəşin Liviyadakı əks-sədası: Azərbaycanın qərb sərhədlərində təxribat Rusiyaya nə qazandıracaqdı?

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu həftə başında “TRT Haber”-də Liviya ilə bağlı suallara cavab verərkən, “Əməliyyat hazırlıqları var, amma hazırda masanı yoxlayırıq. Həftərin və onu dəstəkləyən güclərin çəkilməsini yoxlayırıq” demişdi.

Bu açıqlamanın arxa planında nə olduğunu öyrənmək üçün bir az araşdırma apardım. Bu araşdırmanı apararkən yeni bir məlumat əldə etdim. Sürpiz bir dəyişiklik olmazsa, gələn həftə Rusiyadan yeni bir heyət Ankaraya gələcək.

Anlaşılan odur ki, Prezident Ərdoğanla Rusiya Prezidenti Putin arasında keçirilən telefon danışığından Liviya dosyesini “müzakirə” yolu ilə irəlilətmək qərarı çıxmışdır.

Yaxşı, bəs bu, nə verə bilər? Masanın yoxlanması bir nəticə verə bilərmi?

“Bir müzakirə marjı” olduğundan bəhs edilir. O müzakirə marjı nədir? Rusların Sirtə və Cufra ilə bağlı bazarlıq etmək istəyindən söz edilir. Cufradakı hərbi bazanın təhlükəsizliyini təmin etməyin əvəzində Sirtəni müzakirə edə biləcəklərini dilə gətirirlər“Müzakirə marjı var” dedikdə bu, nəzərdə tutulur.

Əgər o marjdan istifadə etmək bir nəticə verəcəksə, Həftər güclərinin döyüş olmadan Sirtədən çəkilməsi və buranın BMT tərəfindən tanınan Milli Razılıq Hökumətinə keçməsi gözlənilə bilər.

Bəli, önümüzdə belə bir ssenari vardır, ancaq Liviya dosyesinin çox sürüşkən bir zəmində irəlilədiyini də unutmamaq lazımdır. Çünki çox vaxt verilən sözlərlə faktiki durum bir-birinə əks ola bilir.

Bir neçə həftə öncə Rusiya Xarici işlər və Müdafiə nazirlərinin rəhbərliyində bir heyətin Ankaraya edəcəyi ziyarət, bir gün öncə Moskvadan gələn nazir müavininin Ankaranın qəbul etməyəcəyi öncədən məlum olan bir sıra təklifləri gündəliyə gətirməsi səbəbilə, sürpriz şəkildə ertələnmişdi. Belə ehtimallar qarşıdakı dövrdə də ortaya çıxa bilər. Bu cür əngəllərin, çətinliklərin ortaya çıxmasının bir səbəbi vardır: Rusiya ilə Türkiyənin mövqeləri, maraqları Suriyada olduğu kimi, Liviyada da bir-birilə toqquşur. Bu da işləri çətinləşdirir.

Bu səbəblə, rusların “müzakirəyə davam etmək” yönündəki niyyət bəyanı ayrıca belə bir sual da doğurur: “Həqiqətən, hədəf bu yolla bir nəticə almaqdır, yoxsa başqa hesabları var?”

Başqa hesablar deyərkən, Ermənistanın durduq yerdə Azərbaycan torpaqlarını hədəf alan hücumlarını nəzərdə tuturam. Normal zamanlarda Liviya ilə bir əlaqəsinin olacağını düşünə bilməyəcəyimiz bir hadisənin baş verməsi zehnimizi həmən belə bir əlaqələndirməyə doğru istiqamətləndirə bilir.

Bəli, normal vaxtlarda belə bir hadisənin Liviya ilə əlaqəsinin olması düşünülə bilməz. Amma bu dəfə elə deyil. Daha öncə də Ermənistan tərəfindən Azərbaycan sərhəddinə yönəlik təcavüz aktlarının olması məlumdur. Ancaq bu son hücumda hədəf alınan Tovuz rayonunun Türkiyə və Azərbaycanın ortaqlığı ilə reallaşan Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan neft boru kəməri və TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz təbii qaz boru kəmərlərinin keçiş nöqtəsində olması, başqa sözlə, bu hücumlarda hədəf alınan nöqtənin Azərbaycanla Türkiyəni birləşdirən yeganə quru yolu olması, bu hücumlarla yalnız Azərbaycana deyil, eyni zamanda Türkiyəyə də bir mesaj verilmək istəndiyini göstərir.

Açıqcası, ermənilərin Azərbaycanın Tovuz rayonuna yönəlik hücumunun Rusiyanın təhrikilə və bu şəraitdə Türkiyənin Liviyada əlini zəiflətmək niyyətilə başladıldığı anlaşılır.

Liviyada Sirtə əməliyyatı öncəsi masanın sınaqdan keçirildiyi bir şəraitdə Həftər güclərindən və digər ortaqlarından gələn səslər də maraqlıdır. Bir neçə gün öncə Həftərin sözçüsü, “Qarşıdakı saatlarda Cufra və Sirtədə böyük bir savaşa şahidlik edəcəyik” deyərək, bir açıqlama verdi.

Misirin qiyamçı generalı Sisinin açıqlamaları da oxşar istiqamətdə oldu. O da, “Liviyadakı hərbi durumu sürətlə və qərarlı bir şəkildə dəyişdirə bilərik. Sirtədə hərbi qüvvələrin toplanması və hücumuna qarşı laqeyd qalmayacağıq” dedi.

Bu açıqlamaları belə bir sualı ağılda tutaraq dəyərləndirməkdə fayda vardır: “Yoxsa, onları da Rusiya belə danışdırır?”

Mənbə
strateq.az
Hamısını Göstər

Related Articles

Back to top button