Tramp Ərdoğanın siyasi gücü ilə barışıb: ABŞ Suriyada Türkiyənin önündən geri çəkiləcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin hazırda çox güclü dövlət olduğunu vurğulamaqla, onun hakimiyyəti dövründə Ağ Evin rəsmi Ankara ilə sərt qarşıdurmaya həvəs göstərməyəcəyinə eyham vurur… Belə anlaşılır ki, Ağ Evin yeni sahibi, ağıllı və təcrübəli dövlət başçısı hesab etdiyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ziddiyyətlər yaratmaq deyil, məhz anlaşma imkanları axtarmaq niyyətindədir…
Qlobal geopolitik proseslər hazırda məhz Suriya böhranı üzərində “düyünlənməyə” başlayıb. Hər halda, qlobal qarşıdurma və gərginliyin əsas mərkəzi Ukrayna savaşından Yaxın Şərqə doğru, Suriya coğrafiyasına keçirilməkdədir. Ukrayna savaşının uzadılmasında maraqlı olan bəzi qlobal güclər Rusiya ilə müharibədən əllərini üzməyə başlayıblar. Və hazırda Ukrayna savaşının sponsorları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya ilə müharibəni dayandırmaq niyyəti ilə barışmış kimi görünürlər.
Ona görə də, indi savaşlardan və hərbi münaqişələrdən mənfəət qazanmağa vərdiş edən bəzi beynəlxalq güclər qlobal qarşıdurmanın ağırlıq mərkəzini məhz Suriya böhranına istiqamətləndirməyə çalışırlar. Əslində, bunun üçün kifayət qədər münbit şəraitin mövcudluğu da müşahidə olunur. Belə ki, Əsəd rejimi devrilib. Nəticədə Əsəd rejiminə dəstək sayəsində Suriyaya yerləşmiş Rusiya və İran kimi rəqiblər də oyundan kənar vəziyyətə düşüb. Və bu, o deməkdir ki, Suriya platsdarmında yeni mənfəət manevrləri üçün uyğun məkan açılıb.
Ancaq qlobal savaş mənfəət mərkəzlərinin qarşısında müəyyən problemlər də olmamış deyil. Belə ki, Suriya coğrafiyasında Rusiya və İrandan sonra onların qarşısına heç məmnun qalmadıqları Türkiyə əngəli çıxmaqdadır. Üstəlik, Türkiyə ilə qarşıdurmadan üstünlüklə ayrılmaq indi onun Suriya üzrə rəqibləri üçün qətiyyən asan olmayacaq. Çünki Türkiyə Suriya ilə həmsərhəd ölkədir və bu ölkədə vazkeçilməz milli təhlükəsizlik maraqları mövcuddur. Və belə situasiyada Türkiyənin prinsipial davranacağı qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, Türkiyə hazırda Suriya böhranından faydalanmağa can atan bəzi Qərb dövlətləri ilə NATO üzrə müvafiqdir. rəsmi Ankara Suriyada birmənalı şəkildə PKK/YPG terror təşkilatını hədəf aldığından NATO üzrə müttəfiqlərin Türkiyənin milli təhlükəsizlik maraqlarına dəstək vermək öhdəliyi də mövcuddur. Yəni, ABŞ başda olmaqla, PKK/YPG terror təşkilatına dəstək verən Qərb ölkələri artıq bu məsələ ilə bağlı daha konkret mövqe tutmaq məcburiyyətində qala bilərlər. Və Suriya böhranın həllində bu problem xüsusi yer tutur.
Nəhayət, daha bir önəmli məqam ondan ibarətdir ki, Suriyada Əsəd rejiminin çökdürülməsində Türkiyə əsas regional iradə mərkəzi rolunda çıxış edib. Hazırda Suriyada hakimiyyətə gəlmiş silahlı müxalifət qruplaşmalarının Türkiyə ilə çox yaxın bağlantıları mövcuddur. ABŞ və Qərbi narahat edən əsas faktorlardan biri də məhz budur. Çünki indi rəsmi Ankara Suriyada yeni siyasi idarəetmə sisteminin yaradılmasında avanqard söz sahibidir. Və bunu dəyişdirmək hazırda demək olar ki, mümkün deyil.
Ona görə də, Qərb siyasi dairələri Suriya böhranı ətrafında yaranmış yeni situasiyadan narazı və narahat olduqlarını artıq tədricən biruzə verməyə başlayıblar. Onların fikrincə, Suriyada nizam-intizam yaradılması prosesinin Türkiyənin nəzarətində qalması yolverilməzdir. Çünki rəsmi Ankaranın ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin açıq və ya gizli şəkildə dəstəklədikləri PKK/PYD terror təşkilatının tam şəkildə sıradan çıxarılmasında israrlı olacağı qətiyyən şübhə doğurmur. Və bu məsələ ilə bağlı Bayden adminstrasiyasından ümidini kəsən Qərb siyasi dairələri indi ABŞ-ın yeni prezidenti Donald Trampdan daha qətiyyətli addımlar gözləyirlər.
Ancaq bu gözləntilərlə bağlı da müəyyən problemlər mövcuddur. Belə ki, Ağ Evin yeni sahibi Donald Tramp hələ ötən hakimiyyəti dövründə ABŞ hərbi bazalarını Suriyadan çıxartmaq niyyətini gündəmə gətirmişdi. İndi isə yeni prezident Donald Tramp “ABŞ hərbi bazaları onların (PKK/YPG terror təşkilatı nəzərdə tutulur) qorunması üçün Suriyada əbədi qala bilməz” deməklə, Ağ Evin Yaxın Şərq siyasətinə düzəlişlər etmək niyyətini biruzə verib. Və bu, yaxın gələcək üçün Türkiyə-ABŞ münasibətlərini müəyyən edən əsas faktora da çevrilə bilər.
Maraqlıdır ki, Ağ Evin yeni sahibi Donald Trampın Suriya və Türkiyə barədə verdiyi son açıqlamalar da Qərbdə müəyyən narahatlıq doğurub. Belə ki, ABŞ-ın yeni prezidenti Suriyada baş verən inqilabın arxasında Türkiyə olduğunu vurğulayıb. Ağ Ev sahibi hesab edir ki, indi Suriya böhranının “açarı” məhz rəsmi Ankaranın əlindədir. Üstəlik, onun Türkiyə ilə bağlı işlətdiyi ifadələrin Qərb siyasi dairələri üçün ənənəvi məzmun daşımaması da diqqət çəkib. Və Qərb siyasi dairələrində ciddi məyusluğa yol açıb.
Məsələ ondadır ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Türkiyənin böyük bir güc olduğunu vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanla çox yaxşı anlaşdığını bildirən Ağ Evin yeni sahibi Türkiyə liderinin ağıllı və çox təcrübəli dövlət başçısı olduğunu qeyd edib. Ağ Evin yeni sahibi hesab edir ki, Suriyada qarşıduran tərəflərdən biri tamamilə məhv edilib. Və indi digər tərəf rolunda məhz Türkiyə çıxış edir: “Bəli, Türkiyə bu işin arxasındakı gücdür. Prezident Ərdoğan çox ağıllı bir dövlət başçısıdır. Suriyada Türkiyənin çoxdan istədiyi situasiya yarandı”.
Göründüyü kimi, Qərb siyasi dairələrinin ciddi gözləntiləri olsa da, Ağ Evin yeni sahibi Donald Tramp Suriya ilə bağlı onları məmnun edəcək vədlər verməkdən yayınır. Əksinə, Suriya ilə bağlı uzun illərdən bəri davam edən daxili silahlı qarşıdurmanın Türkiyənin maraqlarına uyğun sona çatdığına eyham vurur. Türkiyənin hazırda çox güclü dövlət olduğunu vurğulamaqla isə Donald Tramp onun hakimiyyəti dövründə Ağ Evin rəsmi Ankara ilə sərt qarşıdurmaya həvəs göstərməyəcəyinə eyham vurur. Və bu, o deməkdir ki, Ağ Evin yeni sahibi Donald Tramp ağıllı dövlət başçısı hesab etdiyi prezident Rəcəb Tayyib Ərdoğan ilə ziddiyyətlər yaratmaq deyil, məhz anlaşma imkanları axtarmaq niyyətindədir.
Elçin XALİDBƏYLİ,Siyasi ekspert,”Yeni Müsavat” Media Qrupu
Polise.az