Tramp İrana ultimatum verdi: son tarix 1 fevraldır – Tehran üzərində hərbi kölgə

ABŞ–İran xəttində gərginlik kritik həddə çatıb. Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton tərəfindən irəli sürülmüş şərtləri 1 fevral tarixinədək qəbul etməsini tələb edib. Bu barədə xairici KİV-lər xəbər yayıb. Məlumata görə, Tehran bu tarixə qədər razılıq verməzsə, ABŞ tərəfindən hərbi zərbələrin endirilməsi variantı gündəmə gətiriləcək.
Maraqlı məqam ondan ibarətdir ki, 1 fevral İranda 1979-cu il İslam inqilabının ildönümü kimi dövlət səviyyəsində qeyd olunur. Bu səbəbdən, inqilabın 47-ci ildönümünün son dərəcə gərgin və təhlükəsizlik baxımından riskli atmosferdə keçəcəyi istisna edilmir.
Tehrana fövqəladə diplomatik trafik
Gərginlik fonunda Tehrana planlaşdırılmamış yüksək səviyyəli səfərlər diqqət çəkir. Bildirilir ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman amerikalıların xahişi ilə Tehrana göndərilib və İran tərəfinə ABŞ-nin ultimatumunu rəsmi şəkildə təqdim edib. Daha sonra Qətər rəsmisinin Tehranı tərk etdiyi açıqlanıb.
Eyni vaxtda Rusiyaya məxsus hökumət təyyarəsinin Tehrana enməsi də diqqət mərkəzinə düşüb. Bu səfərin məzmunu rəsmi şəkildə açıqlanmasa da, proseslərin Moskva–Tehran xətti ilə də koordinasiya olunduğu ehtimal edilir.
Tramp: “Anlaşmaq istəyirik”
Donald Tramp məsələ ilə bağlı açıqlamasında bildirib:
“İran bizimlə danışır. Görək bir çıxış yolu tapıb nəsə edə biləcəyik, ya yox. Əgər mümkün olmasa, onda hadisələrin necə inkişaf edəcəyini gözləyib görəcəyik. Anlaşmaq istəyirik. Ümid edirəm buna nail olacağıq.”
Uran Rusiyaya, raketlər qalır?
İran müxalifətinə yaxın mənbələr isə daha sensasion iddia irəli sürüb. Onların məlumatına görə, Tehran 400 kiloqram 68 faiz zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyə razılaşıb, lakin ballistik raket proqramından imtina etməyəcək. Bu iddia rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Regionda həlledici saatlar
ABŞ-nin ultimatumunun, Qətərin vasitəçiliyinin və Rusiyanın prosesə paralel şəkildə daxil olmasının fonunda İran ətrafında saatlar deyil, artıq dəqiqələr hesablanır. 1 fevral tarixinin necə keçəcəyi təkcə İran üçün deyil, bütün Yaxın Şərq və qlobal təhlükəsizlik sistemi üçün kritik dönüş nöqtəsi ola bilər.
Polise.az



