TRAMP PUTİNƏ “YAŞIL İŞIQ” YANDIRDI…

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın guya Vladimir Putinin Novqorod vilayətindəki (Valday) dövlət iqamətgahına hücum etdiyi iddialarına dair açıqlama verib.
“Düzünü desəm, bu barədə heç nə bilmirəm. Bu barədə sadəcə eşitmişəm, amma belə desək, bu barədə heç nə bilmirəm. Bu, çox pis olardı, heç yaxşı olmazdı”, – Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.
Bununla yanaşı, Tramp Putinlə söhbəti barədə danışıb və onun sözlərinə görə, Putin son söhbətində ona “hücum edildiyi” barədə şəxsən məlumat verib: “Prezident Putin bu barədə mənə səhər tezdən danışdı. O dedi ki, ona hücum ediblər. Bu, qəbuledilməzdir. Qətiyyən qəbuledilməzdir. Unutmayın ki, mən Ukraynaya “Tomaqavk” raketlərinin tədarükünü dayandırdım”.
Tramp Putinlə son söhbətinin “çox yaxşı” keçdiyini əlavə edib: “Biz söhbətimizi bitirəndə Rusiyada saat 2:30 idi. Çox yaxşı söhbətimiz oldu. Bizim vaxtımızla səhər saat 8-də danışırdıq və bu, çox məhsuldar bir söhbət idi”.
Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı “bir neçə çox çətin məsələni” müzakirə ediblər.
Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Rusiyanın Kiyevdəki hökumət binalarına hücumlar üçün zəmin hazırladığını bildirmişdi.
Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin guya Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum etməyə cəhd etdiyini bildirib. Guya “hücumda” iştirak edən 91 PUA-nın hamısı vurulub.
Lavrov həmçinin Rusiyanın “cavab zərbəsi üçün vaxtı və hədəfləri müəyyən etdiyini” bildirib. Zelenskinin sözlərinə görə, Moskvanın bu son dərəcə təhlükəli açıqlamaları açıq şəkildə Ukraynanın ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə işinin bütün nailiyyətlərini sarsıtmağa yönəlib.
Əslində isə Trampın Putindən eşitdiklərini baş vermis fakt kimi təqdim etməsi, hətta açıq şəkildə Ukraynanı günahlandırması olduqca müəmmalı və ABŞ başçısı üçün biabırçı görünür. Tramp faktiki olaraq ABŞ kəşfiyyatına yox, Putinə istinad edir. Valdaya guya edilən hücumun doğruluğunu yoxlamaq ABŞ üçün problem deyil. Lakin göründüyü kimi, Tramp bunu etmədən birbaşa “iki sözündən üçü yalan olan” Putinə istinad edir və bununla da Rusiyanın Kiyevdəki hökumət binalarına raket zərbələrinə – eskalasiyaya “yaşıl işıq” yandırır. Hətta belə təəssürat yaranır ki, Tramp-Putin telefon danışığında əldə olunan əsas “razılaşma” məhz Kiyevdəki hökumət binalarını bombalamaq və bununla Zelenskiyə, Ukraynaya təzyqiləri artırmaq olub…
Ortada Valdaya hücuma dair heç bir ciddi fakt, videogörüntü, PUA qalıqları və s. yoxdur. Yalnız yalan, saxtakarlıq iliyinə qədər işləmiş Lavrovun və Putinin bəyanatları var. Ola bilər ki, hansısa saxta, səhnələşdirilmiş görüntülər meydana atılsın. Bu Kreml üçün problem deyil. Lakin bunun əsasında Kiyevin bombalanmasına, “danışıqlarda Rusiyanın öz mövqeyinə yenidən baxmasına” əsas yaratmağa çalışıldığı aydın görünür. Tramp da bu biabırçı səhnədə baş rollarda iştirak edir…
Ən azından Putini vurmaq istəyən tərəf onun “göz bəbəyi kimi” qorunan iqamətgahına qarşı çox vaxt asanlıqla vurula bilən PUA-lardan istifadə etməzdi. Həmçinin, zatən Putinin ümumiyyətlə, orada olmadığı bildirilir. Nəhayət, bu hücum ilk növbədə indiki dönəmdə qətiyyən Ukraynanın maraqlarına uyğun olmazdı.
Beləliklə, yaxın zamanda Kiyevə, onun mərkəzinə güclü raket hücumları gözlənilir. Bu hücum nəticəsində dağıdılacaq binalara görə məsuliyyət, eləcə də ölən və yaralanan insanların qanı təkcə Putinin yox, həm də Trampın üzərində olacaq…
Polise.az



