Trampın “C5+1” formatında Azərbaycanın rolu nə olacaq?

Dünyada yaranan yeni geostrateji gerçəkliklər fonunda ABŞ qlobal müstəvidə özünə rəqib ola biləcək yeni güc mərkəzlərinin meydana gəlməsini həyati vacib maraqları üçün təhdid hesab edir. Bu baxımdan hazırda beynəlxalq münasibətlər sistemində Çinin yüksəlişə keçməsi Vaşinqtonda ciddi narahatlıq doğurur.
Çin və Rusiya kimi rəqiblərinin bu materikdəki potensial imkanlarını minimuma endirmək ABŞ-nin öncəlikli planına daxildir. Bunun üçün ABŞ NATO vasitəsilə Avropada, qarşılıqlı tərəfadşlıq çərçivəsində isə Cənubi Qafqazda və Mərkəzi Asiyada daha fəal siyasət yürütməyə başlayıb. Elə bu səbəbdən də Donald Trampın Ağ Evdə Mərkəzi Asiya respublikalarının dövlət başçılarıyla “C5+1” formatında görüş keçirməsi ABŞ-nin gələcək perspektivdəki strateji trayektoriyasının bariz təzahürü kimi dəyərləndirilməlidir.

Əslində, ”C5+1” formatı (ABŞ və 5 Mərkəzi Asiya ölkəsi) hələ 2015-ci ildə yaradılıb, amma Tramp bu platformanı daha işlək hala gətirmək və ona böyük iqtisadi məzmun vermək niyyətindədir.
Tramp Mərkəzi Asiyanı Rusiyanın və Çinin təsir sferasından çıxarıb onu ABŞ-nin strateji tərəfdaşı edə bilərsə, bu, geostrateji baxımdan ABŞ-nin böyük nailiyyəti olacaq. Amma bunun həyata keçirilməsi üçün Tramp administrasiyası hərdəmxəyallıqdan əl çəkməli və qətiyyətli, düşünülmüş strateji həmlələr etməlidir.
Əlbəttə, yaxın perspektivdə Mərkəzi Asiyanın Rusiya və Çin asılılğından birdəfəlik qurtarması asan olmasa da, dünyada sürətlə dəyişən dinamik şərtlər daxilində bu regionun daha müstəqil siyasət yürütməsinin təməli qoyula bilər. Trampın Mərkəzi Asiya strategiyası ABŞ-nin qlobal strateji planının tərkb hissəsi olacağı təqdirdə, bu regionun ciddi uğurlar qazanması zaman məsələsidir. Tramp özünün birinci prezidentliyi dövründə “America First” şüarı altında ölkəsinin dünyanın hər yerinə istər hərbi və istərsə də iqtisadi metodlarla müdaxiləsinin əleyhinəydi. Lakin qlobal hadisələrin mahiyyətini və eyni zamanda da ABŞ-nin dünya çapındakı mövqeyinin nədən ibarət olduğunu anlayan Tramp köhnə siyasi fəlsəfəsindən uzaqlaşmağa başlayıb. O, ABŞ-nin dünyadakı mövqelərinin itirilməsinin acı nəticələrə gətirəcəyini anlayır.
Bəs ABŞ bu regionu öz nəzarətinə keçirmək üçün hansı addımları ata bilər? Vaşinqton bu regionu maliyyə və texnologiya ilə təmin edərsə uğur qazana bilər. Digər yandan, Mərkəzi Asiyanının dünyaya çıxış istiqamətinin coğrafi cəhətdən qərbə tərəf yönləndirilməsi daha məqsədəuyğun olar.
Məlumdur ki, Mərkəzi Asiya ölkələrinin vahid beynəlxalq siyasəti yoxdur. Məsələn, Qazaxıstan özünəqapanma siyasəti yürütmür və Rusiya ilə tərəfdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Amma buna baxmayaraq, son illər Astana Avropaya və ABŞ-yə meyllənir və onlardan gələn investisiyalar hesabına iqtisadi və maliyyə sahəsində Qərbə daha da yaxınlaşır. Özbəkistan da Qərblə münasibətlərində Qazaxıstana bənzər siyasət yürüdür, lakin Qırğızıstan və Tacikistan ABŞ, Türkiyə və Avropayla təzəcə qarşılıqlı münasibətlər qurur və onların əsas ticarət tərəfdaşları hələ ki Rusiya və Çindir. Bu da anlaşılandır, çünki maliyyə baxımından kasıb olan bu iki ölkə ənənəvi əməkdaşlıq kanallarına böyük ehtiyac duyur.
Bu dörd ölkədən fərqli olaraq Türkmənistan başlıca diqqətini enerji ixracına kökləyib və qapalı siyasət yürüdür. Ancaq artıq Türkmənistanda da birtərəfli iqtisadiyyatın fəsadlar gətirəcəyini və kollektiv birliyin önəmini anlayırlar. Unutmayaq ki, Tacikistandan başqa, digər dörd ölkə Türk Dövlətləri Birliyinin üzvləridir və bu istiqamətdə inteqrasiya getdikcə güclənir.
Mərkəzi Asiya ölkələri Qərblə dərin yaxınlaşmağa getməmişdən öncə iqtisadi və siyasi cəhətdən təhlükəsizliklərini təminat altına almağı düşünürlər. Yəqin ki, Mərkəzi Asiya ölkələri bundan sonra üç qüvvə arasında balanslaşdırılmış siyasət yürüdəcəklər. ABŞ, Çin və Rusiya üçbucağı çərçivəsində Rusiya zəifləyən tərəfdir və bunu heç kim gözdən qaçırmır. Ukraynada müharibə uzandıqca Rusiya yaxın xaric adlandırdığı ölkələrə ciddi təhlükə törədə bilməyəcək.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi postsovet ölkələrinin ona olan etibarını dərindən sarsıdıb və əlverişli fürsət düşən kimi hamı Rusiyadan qaçmağa çalışır. Vladimir Putin postsovet respublikalarını öz orbitindən buraxmamaq üçün təhlükəsizlik və iqtisadi sahədə ittifaqlar qurub, lakin Rusiyanın texnoloji və maliyyə imkanları məhdud olduğundan yaranmış ittifaqların səmərəliliyi olmayıb. Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı öz aktuallağını itirib.
Mərkəzi Asiya ölkələri birlikdə və yekdil şəkildə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdırlar, ancaq onlar bunu səbrlə, tədricən və ehtiyatla etmək istəyirlər.
Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxara biləcəkləri faydalı qazıntılar ABŞ hökumətini xüsusilə maraqlandırır. Həqiqətən də bu region faydalı qazıntılarla zəngindir və əgər Qərb şirkətləri onların işlədilməsinə cəlb edilərsə, bu, beynəlxalq miqyasda yeni reallıqlara yol açacaq. Hazırda uran hasilatına görə Qazaxıstan dünya lideridir və ümumdünya hasilatının 40 faizinə sahibdir. Bundan başqa, Qazaxıstanın zəngin mis, sink, qurğuşun yataqları və 30 milyard barellik neft, 2,4 trilyon kub metrlik təbii qaz ehtiyatı var. Bayan-Oba, Aktaqay ərazilərində nadir torpaq elementləri və həmçinin molibden, volfram və nikel yataqları mövcuddur. Özbəkistan qızıl hasilatına görə dünyada ilk 10 ölkə sırasındadır və bundan savayı, orada gümüş, molibden və uran yataqları da var. Tacikistan bölgənin böyük alüminium istehsalçısıdır və həm də bu respublika mühüm sənaye əhəmiyyətli stibium yataqlarıyla zəngindir.
Türkmənistan isə təbii qaz ehtiyatna görə dünya dördüncüsüdür və burada təxminən 20 trilyon kub metr qaz var. Türkmənistan həmçinin kükürdlə zəngindir. Qırğızıstanın ixrac gəlirlərinin təxminən 40 faizi qzılın payına düşür. Əlavə olaraq, bu ölkədə nadir torpaq elementləri, vismut, volfram və molibden ehtiyatları da var. Ancaq Mərkəzi Asiyanın geostrateji yerləşməsinin önəmi nə qədər böyük olsa da, onların dünya bazarına təhlküəsiz və risksiz çıxmaları lazımıdır. Mərkəzi Asiya ölkələri perspektivdəki nəqliyyat yollarını şaxələndirmək istəyirlər. Bu baxımdan Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Ermənsitan arasındakı nəqliyyat arteriyası kimi anlaşılmamalıdır. Bu layihənin işə düşməsi qlobal əhəmiyyət daşıyır. Zəngəzur dəhliz təkcə Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını asanlaşdırmayacaq, eyni zamanda böyük bir regionun Qərb dünyası ilə siyasi-iqtisadi əməkşadlığını dərinləşdirəcək. Bu dəhliz Türk Dövlətləri Təşkilatının inteqrasiyasını sürətləndirəcək. Zəngəzur dəhlizi iqtisadi fayda ilə yanaşı, dünya arenasına yeni geostrateji güc mərkəzi gətirəcək. Tarixi prosesin özü Türkiyədən tutmuş Tacikistana kimi böyük bir arealın yeni geostrateji mərkəzə çevrilməsini diqtə edir. Burada bizim üçün ən önəmli faktor isə Azərbaycanın birləşdirici körpü rolunu oynamasıdır. \“AzPolitika.info”\
Polise.az



