Trampın fərmanı qüvvəyə mindi – 12 ölkə vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan edildi

ABŞ Prezidenti Donald Trampın 12 ölkənin vətəndaşlarına tam giriş qadağası, 7 ölkəyə isə məhdudlaşdırmalar tətbiq edən yeni miqrasiya fərmanı bu gün qüvvəyə minib.
Fərman Trampın immiqrasiya və milli təhlükəsizlik sahəsində sərt və mübahisəli siyasətinin davamı olaraq qəbul edilir və beynəlxalq aləmdə rezonans doğurub.
Fərmana əsasən, aşağıdakı 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan edilib:
– Əfqanıstan;
– Myanmar;
– Çad;
– Konqo Respublikası;
– Ekvator Qvineyası;
– Eritre;
– Haiti;
– İran;
– Liviya;
– Somali;
– Sudan;
– Yəmən.
Digər 7 ölkənin – Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela – vətəndaşlarına isə ABŞ vizası almaq üçün ciddi təhlükəsizlik yoxlamaları tətbiq olunacaq.
Ağ Evin Mətbuat Katibi müavini Ebiqeyl Cekson bu barədə açıqlamasında deyib:”Prezident Tramp, amerikalıları ölkəmizə gəlib bizə zərər vermək istəyən təhlükəli xarici qüvvələrdən qorumaq vədini yerinə yetirir. Bu məntiqli məhdudiyyətlər, lazımi təhlükəsizlik yoxlamaları aparılmayan, viza müddətini aşma halları yüksək olan və ya təhlükə barədə məlumat paylaşmayan ölkələri əhatə edir”.
Polise.az