Trampın generallarının Bakı səfərinin kodları

ABŞ Azərbaycanı strateji tərəfdaşı olaraq qəbul etdiyi üçün ordumuzun güclənməsində də maraqlıdır; bu görüşlə paralel Bakıda praktiki təlimlərin keçirilməsinin əsl hədəfi..
ABŞ-nin Avropa Komandanlığının (EUCOM) briqada generalı Azərbaycana gəlib. EUCOM-un tərəfdaşlıq, təhlükəsizlik, əməkdaşlıq və silahların yayılması üzrə direktor müavini, briqada generalı Kris MakKinninin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin məqsədi haqda müfəssəl bilgi yoxdur. Sirr deyil ki, Trampın Ağ Evə qayıdışı ilə Azərbaycanla ABŞ arasında əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb. Ötən ay ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper də Bakıda olub.
ABŞ Azərbaycanı regionda güclü dövlət kimi görür, qəbul edir. Vaşinqton Azərbaycanı özünün strateji tərəfdaşı olaraq qəbul edir. Strateji tərəfdaşının ordusunun daha da güclənməsində isə, təbii ki, Amerika maraqlı olmalıdır. Hərbi, hərbi-texniki istiqamətlərdə əməkdaşlıq, yəqin ki, bundan sonrakı mərhələdə daha da gücləndiriləcək. Azərbaycan Amerika üçün çox vacib regionda yerləşir. Vaşinqtonun Azərbaycanla hərbi sahədə əməkdaşlığa önəm verməsində bu amil də öz sözünü deyir. Dünyada həm Rusiya, həm də İranla quru sərhədi olan yeganə ölkə Azərbaycandır. Eləcə də Azərbaycanın Rusiya və İranla dəniz sərhədləri də var.
ABŞ son beş ildə müharibədə və antiterror əməliyyatlarında yüksək performans, yüksək nəticələr nümayiş etdirmiş Azərbaycan Ordusunun daha da güclənməsinə dəstək verəcək. Bəllidir ki, Ordunun güclənməsi, döyüş qabiliyyətinin yüksək olması, regionda liderliyi, ümumiyyətlə, dünya orduları sırasında gücünə görə ön sıralarda yer alması istiqamətində addımlar davamlı şəkildə atılır. Ordumuz yeni sistemə keçib, Türkiyə modeli qurulur. ABŞ generallarının səfəri digər dövlətlərə bir mesaj xarakterli idi. Bu səfərlə bəyan edilmiş olur ki, ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirməkdə qərarlıdır.
Yeri gəlmişkən, Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025″ (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib. Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər. Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər. Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.
Göründüyü kimi, Azərbaycan NATO-nun iki nəhəng gücü – ABŞ və Türkiyə, həmçinin nüvə silahına malik Pakistanla birgə hərbi təlimlərdə iştirak edir. Bu da həm müttəfiq, həm tərəfdaş dövlətlərin ölkəmizin hərbi qüdrətinin və peşəkarlığının artmasında istəkli olduğunu bir daha göstərməkdədir. Həmçinin NATO təlimçilərinin Bakıda məşğələ keçdiklərini də qeyd etmək lazımdır. Bütün bu sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın Ordusunun postmünaqişə dövründə NATO standartları səviyyəsində müasirləşdirilməsi prosesi dərinləşməkdədir…

Elşad Musayev
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Tramp Administrasiyası dövründə iki ölkə arasında əlaqələr ən müxtəlif sahələrdə inkişaf etməkdədir. Parlamentarinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi nəticəsində bu gün Vaşinqtonla münasibətlər yeni mərhələyə daxil olub.
“Dövlət başçısı Birləşmiş Ştatlarda hələ seçkidən əvvəl respublikaçı namizəd Donald Trampı dəstəkləmişdi. Cənab Prezident yaxşı bilirdi ki, demokratların namizədi Kamala Harris də Cozef Bayden kimi ermənipərəst siyasətçidir, onun qələbəsi Azərbaycanla münasibətlərdə olan gərginliyi davam etdirəcək. Ona görə də demokratların namizədinə dəstək verilməsi mümkün deyildi. Eyni zamanda Donald Trampın birinci prezidentliyi dövründə də Azərbaycan-ABŞ əlaqələri inkişaf etmişdi. Bayden isə rəhbərlik etdiyi dövrdə açıq şəkildə anti-Azərbaycan mövqe tutdu. Halbuki Azərbaycan ABŞ kimi fövqəlgüc bir dövlətlə gərgin münasibətlər istəməzdi. Trampın qələbəsindən sonra qısa müddətdə Bakı-Vaşinqton xəttində yeni səhifə açıldı”, – deputat belə qiymətləndirir.
Onun sözlərinə görə, çox keçmədən 8 avqust tarixi zirvənin baş tutması, Trampın Azərbaycan Prezidentini yüksək qiymətləndirməsi, həmçinin Misirdə keçirilən sammitdə yenə də xoş fikirlər bildirməsi onun verdiyi dəyərdən irəli gəlirdi: “Tramp Azərbaycanın Cənubi Qafqazda mühüm əhəmiyyətini qiymətləndirən siyasi liderdir. Ölkəmizin hansı coğrafiyada yerləşdiyini də nəzərə alır. Ona görə də Azərbaycana strateji tərəfdaş kimi yanaşır. Cənab Prezident də hesab edir ki, bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlməlidir. Artıq ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətdədir. Bu da münasibətlərin inkişaf perspektivindən xəbər verməkdədir”.
E.Musayev Trampın “907-ci düzəliş”i dayandırmasını və digər addımlarını Azərbaycan-ABŞ münasibətlərində yeni dövr adlandırır: “Odur ki, amerikalı generalların səfərləri, müxtəlif səviyyələrdə təmaslar bu əməkdaşlığın genişləndirilməsinin bir tərkib hissəsidir. ABŞ rəhbərliyi Azərbaycanın İsrail-Türkiyə, İsrail-Suriya danışıqlarında rolunu da gözəl bilir, Avropanın enerji təminatındakı yerini də yaxşı başa düşür, İran və Rusiya kimi qonşuların əhatəsində necə bir siyasi manevrlər etdiyini də görməkdədir. Təbii ki, buna yüksək qiymət verilməlidir. Eyni zamanda Azərbaycan ABŞ üçün bu regionda ən vacib tərəfdaşdır. Biz beynəlxalq terrorizmlə mübarizədə, habelə Əfqanıstan, Kosova kimi qeyri-stabil bölgələrdə zamanında sülhməramlı kontingentdə iştirak etmişik. Yəni hazırkı administrasiya Azərbaycanın bölgədəki rolunu dəyərləndirib tərəfdaşlığın səviyyəsini daha da yüksəltməkdə maraqlı olmalıdır. Amerikalı generalların da gəlişində xüsusən təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq, regiondakı vəziyyət xüsusi müzakirə olunur. Məncə, ”Tramp marşrutu” adlanan Zəngəzur dəhlizinin tezliklə açılmasında da ABŞ rəhbərliyinin dəstəyini görə bilərik. Hər halda Vaşinqton İrəvanı tələsdirməlidir”. \Emil SALAMOĞLU,“Yeni Müsavat” \
Polise.az



