Trampın gizli planı üzə çıxdı – ABŞ İsraili qurban verir?

“Prezident Donald Trampın ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi, bu zaman İsraili bir qədər prosesdən kənarda saxlaması Yaxın Şərq uğrunda rəqabəti Çinə uduzmamaq istəyindən irəli gəlir”
Bunu Moderator.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib. Onun sözlərinə görə,  Çin son illər Yaxın Şərqdə mövqelərini gücləndirib:
 “Xüsusilə, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasına nail olan Çinin Ər-Riyad üzərində təsiri artıb. Belə bir vəziyyətdə Trampın ilk səfərini Səudiyyə Ərəbistanına etməsi, İsraili prosesdən kənarda saxlaması məntiqlidir. Bu hadisələr Bayden adminstrasiyasının Yaxın Şərq siyasətinin Tramp tərəfindən davam etdirildiyini göstərir. Digər tərəfdən Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Qətər kimi zəngin ərəb ölkələrinin ABŞ-a nəhəng sərmayə qoyuluşuna nail olmaqla seçicilərə verdiyi vədi yerinə yetirməyə çalışır. Səudiyyə Ərəbistanına nəhəng silah satışı bir tərəfdən bu ölkəni Vaşinqtonun təsir dairəsində saxlamağa xidmət edirsə, digər tərəfdən də ABŞ-ın nəhəng hərbi-sənaye kompleksinin dəstəyini qazanmağı hədəfləyib”.
Politoloq vurğulayıb ki, ərəb ölkələri  İsraillə çox yaxın münasibətlərdə olan ABŞ adminstrasiyası ilə əlbir görünməkdən ehtiyyat edir:
 “Ona görə də İsraillə münasibətlərin arxa plana keçirilməsi görüntüsü yaradılıb. Lakin, ABŞ-ın İsraildən imtina etməsi mümkün deyil. İsrail Yaxın Şərqdə Qərb dəyərlərini və mədəniyyətini təmsil edən yeganə dövlətdir. İsrailin varlığı ABŞ və Qərb ölkələri üçün vaz keçilməsi mümkün olmayan bir məsələdir. Buna görə hazırda müşahidə olunan məsələ strateji deyil, taktiki yanaşma kimi dəyərləndirilməlidir”.
Mehin Mehmanqızı
Moderator.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button