Trampın hədəfindəki ölkə açıqlandı
Co Bayden administrasiyası estefati Donald Tramp və komandasına verməyə hazırlaşır. Trampın andiçmə mərasiminə iki həftə qalsa da, o, artıq özünü Ağ Evin yiyəsi kimi aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Trampın noyabrda prezident seçkisində qələbəsi məlum olduqdan sonra onunla fikir mübadiləsi aparmaq istəyən müxtəlif dövlət liderlərinin sayı artıb:
“Tramp xarici siyasətdə dost və rəqiblərini müəyyənləşdirib. Onun əsas rəqibinin Çin olacağı indidən aydındır. Pekin də indidən Trampın prezidentliyi dövrünə hazırlaşır.
Çinə qarşı sərt iqtisadi qərarlar yalnız Ağ Evdə qəbul olunmayacaq. ABŞ Konqresində Respublikaçılar və Demokratlar partiyasının üzvləri arasında Çin əlehdarları kifayət qədər çoxdur. Nümayəndələr Palatası və Senatda “Çinlə münasibətləri normallaşdırmaq lazımdır” tezisi ilə çıxış edən yoxdur. Respublikaçı senator Tim Skott Çinlə ticarəti qadağan edən qanunun qəbulunu dəstəkləyir. Prezidentliyə namizədliyini irəli sürən, sonra geri çəkilən Skott qatı anti-Rusiya və anti-Çin mövqeyi ilə tanınır.
ABŞ Nümayəndələr Palatasında Çin Kommunist Partiyası ilə bağlı xüsusi komitə var. Komitənin sədri Con Mulenardır. O da Tim Skott kimi Çinlə ticarət əlaqələrinin dayandırılmasının tərəfdarıdır. Konqresmenlər hesab edirlər ki, Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir. Bu səbəbdən Mulenar Çinə qarşı yeni qanun layihəsi hazırlayıb. Layihə ABŞ şirkətlərinə Çinə yatırım qoymağı qadağan edir. Konqresmenin fikrincə, Amerika yatırımları Çinin hərbi gücünün artması və bu ölkənin texnoloji inkişafına yardım edir. Yəni konqresmen demək istəyir ki, rəqibimizi öz əlimizlə gücləndirməməliyik. Qanun layihəsi Amerikanın sığorta və pensiya fondlarına da Çinlə maliyyə əməkdaşlığını qadağan edir”.
Təhlildə bildirilir ki, qadağalara baxmayaraq, ABŞ-ın bir qrup şirkəti və maliyyə qurumu Çinlə əməkdaşlığı davam etdirməkdə maraqlıdır:
“Vaşinqton bununla bağlı xüsusi araşdırmalar aparıb, Çinlə əməkdaşlıq edən şirkətlər və maliyyə qurumlarına xəbərdarlıq edilib. O da müəyyənləşdirilib ki, Amerikadan Çinin süni intellekt proqramlarına 1,9 milyard, yarımkeçiricilər istehsalıyla məşğul olan müəssisələrinə 1,2 milyar dollar yatırım qoyulub. Ümumilikdə Amerikadan Çinin 63 şirkətinə 6,5 milyard dollar yatırım cəlb olunub.
Amerikanın maliyyə qurumları bu yolla vəsaitlərini artırmağı hədəfləyiblər. Ancaq amerikalı qanunvericilər fərqli fikirdədirlər. Konqresmenlər bu yatırımların birbaşa Pekinin hərbi gücünə xidmət etdiyi qənaətindədirlər. Tramp da eyni fikirdədir. Pekin Vaşinqtonla ticarət müharibəsində maraqlı olmasa da, alternativ variantlara hazırlaşır”.
Polise.az