Trampın Qrenlandiyanı işğal cəhdinə Avropadan etiraz – Bu, transatlantik ittifaqın sonu ola bilər.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasını nəzarətə götürmək istiqamətindəki iddialı planları yeni və daha təhlükəli mərhələyə qədəm qoyub.

“AzPolitika” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev administrasiyası artıq bu hədəfə çatmaq üçün hərbi variantları da istisna etmir.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt CNN-ə verdiyi açıqlamada bəyan edib ki, Tramp Qrenlandiya üzərində nəzarətin əldə olunmasını ABŞ-ınin milli təhlükəsizliyi üçün “həyati əhəmiyyətli” hesab edir.

Xanım Levittin sözlərinə görə, Arktika regionunda rəqiblərin qarşısını almaq üçün bu addım qaçılmazdır: “Prezident və komandası bu xarici siyasət hədəfinə çatmaq üçün müxtəlif yolları müzakirə edir. Təbii ki, ABŞ Silahlı Qüvvələrindən istifadə variantı da Ali Baş Komandanın ixtiyarındadır və hər zaman masadadır”.

Digər tərəfdən, “The Wall Street Journal” maraqlı bir iddia ilə çıxış edib. Dövlət katibi Marko Rubio Konqres üzvləri üçün keçirdiyi qapalı brifinqdə həmkarı Levittin sərt ritorikasını bir qədər yumşaltmağa çalışıb. Rubio bildirib ki, Ağ Evin əsas məqsədi adanı Danimarkadan satın almaqdır və hərbi müdaxilə “qaçılmaz” deyil. Lakin müşahidəçilər hesab edir ki, bu, sadəcə qanunvericiləri sakitləşdirmək üçün atılan diplomatik manevrdir.

Tramp özü isə mövqeini kifayət qədər sərt ifadə edir. O, yanvarın 4-də verdiyi bəyanatda adanın ətrafının Rusiya və Çin gəmiləri ilə dolu olduğunu vurğulayaraq deyib: “Qrenlandiya bizə mütləq lazımdır. Danimarka bu təhlükənin öhdəsindən gələ bilməz, mən sizə buna zəmanət verirəm”. Prezidentin müşaviri Stiven Miller isə Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsini administrasiyanın “rəsmi mövqeyi” adlandırıb.

Vaşinqtonun bu iddiaları Avropada əsl şok effekti yaradıb. Danimarka Baş naziri Mette Frederiksen Trampın sözlərinin çox ciddi qəbul edilməli olduğunu vurğulayıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə ABŞ-nin ritorikasını “qətiyyən qəbulolunmaz” adlandırıb.

Avropanın aparıcı dövlətləri – Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa birgə bəyanat yayaraq ABŞ-ni xəbərdar ediblər. Onların fikrincə, NATO üzvü olan Danimarkaya qarşı hər hansı hərbi müdaxilə Alyansın 5-ci maddəsinin kobud şəkildə pozulması deməkdir ki, bu da Transatlantik ittifaqın sonu ola bilər.

Rəsmi sorğular göstərir ki, yerli əhalinin mütləq əksəriyyəti ABŞ-nin tərkibinə qatılmağın əleyhinədir. Lakin Tramp administrasiyası üçün strateji faydalı qazıntılar və Arktikada hərbi üstünlük yerli xalqın rəyindən daha mühüm görünür.\“AzPolitika.info”\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button