Trampın yenidən prezident seçilməsində “Kürəkən əngəli”
Ailələr arasında gedən mübarizə, göründüyü kimi, bütün Yer kürəsinə təsir etməkdədir. Kimsə bundan kənarda qala bilmir.
ABŞ-la İngiltərə və onun təsir sferasında olan ölkələr arasında böyük gərginlik yaşanır. ABŞ-la Çin arasında gedən mübarizənin qaynağı da budur.
ABŞ-da önə çıxan ailələrdən biri Koxlar, biri də onların “investisiya üzü” olan Merserlərdir.
Robert Merser “Breitbart”-a nəzarət edən, həm də yəhudi Adelson ailəsilə mübarizə edən şəxsdir. Çarlz Koxun bu dünyada arxalandığı və sirdaş olduğu, bəlkə də, yeganə şəxs Robert Merserdir.
2013-cü ildə Çarlz Koxun Kanzas Viçitadakı malikanəsinə dəvət olunan 3 önəmli şəxs var idi. Biri dostu Robert Merser, biri Stiv Bennon, digəri də “Facebook”-un sahibi Mark Zukerberq idi. Hələ Tramp seçilməmiş və Ağ Evə gəlməmişdi. Həmin toplantıda onlar 2016-cı ilin noyabr ayında keçiriləcək prezident seçkilərində Trampın namizəd olacağını və onun qalib gəlməsi üçün bəzi addımların atılmalı olduğunu müzakirə etdilər. Yəni, start orada verildi.
Stiv Bennon rəqəmsal sistemlə insanların haqqında olan məlumatların analiz ediləcəyini və bəzi bölgələrdə bundan istifadə etdikdən sonra Trampın səslərinin artacağını söylədi. Kox da, Merser də bu fikri çox bəyəndi. Merser tərəfindən maliyyələşdiriləcəyi nəzərdə tutulan “Cambridge Analytica” quruldu. Mərkəz London olaraq göstərildi. Şirkət orada quruldu. Rəqəmsal məlumatlar toplanırdı, yəni, “məlumat mədənçiliyi” işi aparılırdı.
Zukerberq də “Facebook”-un “This is your digital life”-ından, yəni, şəxsi testindən istifadə edən təqribən 87 milyon amerikalının məlumatlarını Stiv Bennona təslim etdi. “Cambridge Analytica” da bu məlumatlarla işləməyə başladı. Yəni, qartopu qar uçqunu olmaq üçün hərəkətə keçmişdi. Ayrıca, “Cambridge Analytica” İngiltərə üçün də işləyirdi və “Brexit” yolunu açırdı. Həm də qüsursuz bir şəkildə…
Qısa müddətdə elə məlumatlar əldə edildi ki, onlardan istifadə edərək, bir bölgədə süd satışı 400% artırıldığı halda, ondan yalnız 19 km uzaqlıqda olan başqa bir bölgədə süd satışı 81% azaldıldı. “Cambridge Analytica” ən yüksək qiyməti almışdı. Bütün sınaqlar yüksək nəticələr verir və komanda irəliləyirdi. “Cambridge Analytica” “məlumat mədənçiliyi” işi ilə yeni bir dövr başlatdı. Stiv Bennon da Trampın seçki komandasına qatılınca, müəyyən bölgələrdə Trampı önə çıxaracağı qətiləşdi. Çünki insanlar şəxsi məlumatlarından istifadə edilərək yönləndirilirdilər. Məsələn, Trampa münasibətdə neytral olan bir amerikalının şəxsi məlumatlarını nəzərə alan “Cambridge Analytica” həmin seçiciyə maraqlı mesajlar verirdi. Əgər həmin seçici “New York Yankees” tərəfdarıdırsa, onun Trampın bu komanda ilə bağlı verdiyi çox önəmli mesajları görməsi təmin edilirdi. Əslində, Tramp belə bir mesaj verməmişdi. Bir anda düşüncələrə yön verilirdi, düşüncələr idarə edilirdi. Bu üsulla Tramp 2016-cı ilin noyabr ayında Ağ Evə göndərildi. Və 2017-ci ilin yanvar ayında Trampın prezidentliyi təhvil almasından sadəcə 1 il sonra “Cambridge Analytica” qapadıldı. Bağlanma tarixi olaraq, 2018-ci il göstərildi.
Ancaq “Cambridge Analytica”-nın məlumatları hələ də Kox ailəsinin əlindədir. Kox ailəsi Zukerberqdən bu məlumatları silməsini istədi. Yəni, demək olar ki, bütün amerikalı seçicilərin məlumatları Çarlz Koxun kassasında durur. Şirkəti qapatsalar da, məlumatlar əllərindədir. “Dərin Amerika” kassasına önəmli bir xəzinə qoymuşdur.
Və aradan, təqribən, 2 il keçdikdən sonra “Cambridge Analytica”nın qapadılan London, Vaşinqton və Nyu York ofislərində yenidən hərəkətlilik başlayıb. Yəni, noyabr ayında ABŞ prezidentini Kox ailəsi müəyyən edəcək.
Kox, Trampa ən böyük dəstək verən iş adamı idi. Bəzilərinə görə, Çarlz Kox hələ də Trampı prezident görmək istəyir. Koxun özünün də içində olduğu “Dərin Amerika” istəməsə belə, Trampın üstündən hələ də qəti xətt çəkilmiş deyil. Ancaq önəmli bir istəkləri də var. Trampın bəzi məsələlərlə bağlı geri addım atmasını gözləyən Çarlz Kox, əslində, önəmli bir tələbin arxasında durur. O, bir müddət öncə, Trampa “Cared Kuşneri Ağ Evdə görmək istəmirəm. Sistemsizliyi Vaşinqtona inteqrasiya etməməsi ilə bağlı ona xəbərdarlıq etmişdim” deyərək, nəticəni gözləyir. Yəni, “Dərin patron” Trampdan öz ailəsinə qarşı əməliyyat keçirməsini tələb edir. Görünən odur ki, Tramp “Prezident olmaq istəyirsənsə, Kuşneri yolla” xəbərdarlığı ilə baş-başa qalıb. ABŞ seçkilərə gedərkən cavabı maraqla gözlənilən sual budur.
Bir çox təhlilçinin görüşü belədir ki, “Bəli, Tramp bunu edər”. “Trampın ən çətin seçimi budur” deyənlər heç də az deyil. Çünki Kuşner əsla və qəti şəkildə adi bir adam deyil. Dəfələrlə yazdım, çox önəmli döngələrdə çox önəmli rol oynayan oyunçudur. Trampın yerində olsanız da, onu asanlıqla kənara itələyə bilməzsiniz. Kuşnerin gündəliyini kiçik görməmək də şərtdir. Kuşner Ağ Evə Tramp sayəsində yaxınlaşmadı. Tramp qızı İvankanın Kuşnerlə evlənməsini də istəmirdi. Ancaq Kuşner İvanka ilə evləndi…
İndi Tramp “Dərin Amerika” ilə anlaşmağa məcbur olduğunu bilir. Çünki sistemdən kənarda qala bilər. Bu ehtimal heç də az deyil. Çünki Bayden də Kox ailəsinə yaxındır. Arada çox güclü bağlar mövcuddur.
Tramp, üstündən xətt çəkildiyi andan etibarən, 2015-ci ildəki hüzur və rahatlığı axtarmağa başlayar. Çünki 4 illik prezidentliyi dövründə həddindən çox düşmən qazandı. Düşmənləri də aslanın zəif dövründə ortaya çıxar. Tramp bu durumu nəzərə alır. Bu səbəblə, bəzən xətaya yol verir. Çünki qayğılıdır və qorxur.
Robert Merserin 1 iyun tarixində Kraliça II Yelizaveta ilə bir görüşü olmalı idi. Ancaq Kraliça koronavirusu bəhanə edərək, bu görüşü təxirə saldı. Bu durum Çarlz Koxu narahat etdi. Çünki Merser Kraliça ilə Koxun adından görüşəcəkdi. Həmin görüşün 1 iyulda keçiriləcəyi nəzərdə tutulur. Ancaq Merserə yaxın olan mənbələr bu görüşün olmayacağını düşünürlər. Çarlz Koxun Robert Merserə “Artıq görüşmə” dediyi də iddia edilir.
Dünya koronavirusun təsirlərini dəf edərkən, yeni halına dönərkən toqquşma halı daha da aydınlaşır. ABŞ İngiltərəni kənarda saxlamaq istəmir. İngiltərədə ən güclü iş adamı Robert Merserdir. Güclü deyərkən, qoyduğu investisiyalar deyil, arxasındakı güc nəzərdə tutulur. Londonda təsirli olan Robert Merserin də Kraliçaya əsəbiləşdiyi məlumdur. Merser poker ustasıdır. Adi insanların görə bilmədiyi şeyləri görən, mürəkkəb alqoritmlərdən istifadə edərək, sərvət qazanan özəl bir şəxsdir. Milyarderdir. “Son qumarım Trampdır” deyə biləcək qədər, özünə arxalanan biridir.
İndi bir qədər geri çəkilərək, düşünün. Bizlər gündəlik həyatımıza davam edərkən, görün, zirvədə nələr olur… Yaşadığımız həyata nə qədər təsir edə bilirik? Dövlətlərin gələcəyini heç görmədiyimiz və tanımadığımız insanlar təyin edir. Və bu insanların bura ilə bağlı da planları vardır…