TRAMPLA PUTİN “RAZILAŞDILAR”: MÜHARİBƏ DAVAM EDƏCƏK! – Kreml ABŞ liderini “hokkey diplomatiyası” ilə yola verir…

Donald Trampla Vladimir Putinin dünən 2 saat yarım davam edən “tarixi” telefon danışığını sivil dünyanın gözləntiləri prizmasından dəyərləndirsək, ona 10 ballıq şkala üzrə 2.5 qiyməti vermək olar. Ortada KQB məktəbinin və Piter tin-bucağının yetirməsi olan birisinin özündən razı və eyni zamanda da ağlı “gedib-gələn” qoca “alverçi”ni necə barmağına dolamaq, yola vermək istədiyi səhnəsi var…
Əvvəlcə onu qeyd edək ki, telefon danışığından dərhal sonra Trampın brifinqi gözlənilsə də, bu baş vermədi. ABŞ Prezidenti yenə “mən olsaydım, müharibə başlamazdı” kimi şablon, çeynənmiş, mənasız ifadələrin və yalnız enerji infrastrukturuna zərbələrin dayandırılacağı, Qara dənizdə təhlükəsizlik və 175 əsir mübadiləsi barədə razılığın yer aldığı kiçik paylaşım etdi.
Faktiki olaraq, Trampın başlıca siyasi şüarına çevrilmiş 30 günlük qeyd-şərtsiz tam atəşkəs təklifi Putin tərəfindən rədd edildi. Buna baxmayaraq, adətən “yeri-göyü silkələyən”, Zelenskini Ağ Evdə “divara dirəyən” Tramp, Putinin imtinasından sonra işğalçının başını sığallayan və “gələcəyə ümid edən” paylaşımla kifayətləndi. Bunun özü Trampın eqosuna çox bərk də olmasa, hər halda tərs bir şapalaq dəydiyinin göstəricisidir və onun buna bilərəkdən, yoxsa çarəsizlikdən səssiz qalması sualı açıq qalır…

Məlum olduğu kimi, məhz Trampın elçiləri Zelenskinin göndərdiyi nümayəndə heyətinə Səudiyyə Ərəbistanında təzyiq edərək, sadəcə havada və dənizdə deyil, yerdə – cəbhədə də 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdirdilər. Tramp isə Putinə eyni şərti qəbul etdirə bilmədi, əksinə, hər şey məhz Putinin istədiyi və ona sərf edən şəkildə cərəyan etdi. Çünki enerji infrastrukturuna endirilən zərbələrdən daha çox Rusiya əziyyət çəkir, nəinki Ukrayna. Ukraynada Rusiyadakı kimi saysız-hesabsız neft emalı zavodları, yanacaq anbarları, neft-qaz nəqli infrastrukturu və s. yoxdur, Ukrayna üçün enerji sektoru onun əsas gəlir mənbəyi deyil. Rusiyada isə əksinədir. Ona görə də Ukraynanın Rusiya enerji və yanacaq sektoruna vurduğu zərbələr daha ağrılı və effektlidir. Putinin söhbəti bu istiqamətə yönəltməsi və Trampdan bu zərbələrə qadağa qoyulması razılığını alması da məhz bundan irəli gəlir. O artıq başqa söhbətdir ki, Ukrayna bu zərbələrin dayandırılmasına razılıq verəcəkmi…
Polise.az