Türk Dünyası Mediatorlar Birliyi Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq edəcək

Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Mediatorlar Birliyi ilə Azərbaycan Diasporuna Dəstək Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Bu barədə  Polise.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı təşkil olunan mərasimdə əvvəlcə qonaqlar birliyin fəaliyyətinə həsr olunan videoya tamaşa ediblər. Sonra çıxışlar dinlənilib.

İmzalanma mərasimində çıxış edən Türk Dünyası Mediatorlar Birliyinin sədri, vəkil, mediator Yakup Erikel və Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Aparat rəhbərinin müavini Adil Hüseynov Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq, ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Digər sahələrlə yanaşı, hüquq və mediasiya sahəsində də əlaqələrin genişləndiyi vurğulanıb, protokolun imzalanmasının buna öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Natiqlər Türk Dövlətləri Təşkilatı çərçivəsində bu sahəyə məsul nazirlik və təşkilatlarla yaxın gələcəkdə böyük layihələrə başlanacağını qeyd ediblər.

Çıxışlardan sonra imzalanma mərasimi keçirilib.

Sənədi Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev imzalayıblar.

Protokol 1990-cı illərdən etibarən Türkiyəyə miqrasiya etmiş və hazırda Türkiyədə hüquqi statusu olmadan yaşayan və bu səbəbdən sosial, tibbi sığorta, sağlamlıq, təhsil və digər bu kimi hüquqlardan yararlana bilməyən Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə və digər azərbaycanlılara hüquqi, vəkillik və mediasiya xidməti verilməsi üzrə razılaşdırılmış əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Sonda birgə foto çəkdirilib, xatirə hədiyyələri təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button