Türk silahı 300 milyonluq rus silahını məhv edir – KİV
Hər gün dünyanın media nəhəngləri Azərbaycan haqqında müxtəlif səpkili materiallar yayırlar. Belə şeylər son 3 ayda adiləşib. Cəmi 3 ay əvvəl isə Qərb ölkələrində çoxları Azərbaycan adlı dövlətin varlığından belə xəbərsiz idi. Asiyada da eyni mənzərəni görmək olardı. İndi Asiya ölkələrində də Azərbaycana xüsusi simpatiya yaranıb.
Bu barədə musavat.com məqalə dərc edilib. Bildirilir ki, məsələn, “Diplomat” saytında “Tayvan hərbçiləri Ermənistan-Azərbaycan müharibəsindən nə öyrənə bilər” (What Taiwan’s Military Can Learn From the Armenia-Azerbaijan War) başlıqlı məqalə dərc olunub. Məqalədə deyilir ki, əlbəttə, Çin Ermənistan deyil. Ancaq onun da zəif yerləri var. Biz Azərbaycanın təcrübəsini nəzərə alsaq, hərbi baxımdan Çinə qarşı daha hazırlıqlı ola bilərik.
“South China Morning Post” (Çin) qəzetində “Dağlıq Qarabağ münaqişəsində istifadə olunan dronlar Çin hərbçiləri üçün bir xəbərdarlıqdır” (Drone attacks in Nagorno-Karabakh conflict ‘a warning for Chinese military) adlı iri bir məqalə gedib. Azərbaycanın apardığı müharibəni təhlil edirlər və müvafiq nəticələr çıxarırlar. Qələbəmizin ABŞ, Böyük Britaniya və Avropa Birliyində, bütövlükdə NATO-da diqqətlə təhlil edilməsi haqqında isə öncə məlumat vermişdik.
Azərbaycanın çaldığı möhtəşəm zəfər beynəlxalq səviyyədə heyranlıq doğurub. Və bu heyranlığın miqyası təsəvvür edə biləcəyimizdən qat-qat böyükdür.
“Foreign Affairs” nəşrində gedən “Dronlar dünya siyasətində stabilliyi pozur” adlı məqalədə deyilir ki, sadə aparatların ucuzluğu münaqişələri daha cazibədar edir:
“Dünya dron müharibəsi erasına daxil olub. Son beş ildə Liviya, Dağlıq Qarabağ, Suriya və Ukraynada dronlar dominant və həlledici rol oynayıb”.
Məqalədə deyilir ki, indi ABŞ-la Çin arasında ola biləcək dron müharibəsini təsəvvür etməyə çalışın. Eyni vaxtda on minlərlə dron sürüsü havaya qalxır.
Müəllif qeyd edir ki, Azərbaycan Ermənistana qarşı savaşda 1940-cı illərdən qalma AN-2 yüngül təyyarələrini havaya qaldırıb. Bu təyyarədən tələ kimi istifadə edən Azərbaycan qarşı tərəfin hava hücumundan müdafiə sisteminin yerini dəqiq müəyyənləşdirib. Çünki müdafiə sistemi An-2 təyyarəsini qırıcı kimi qəbul edib və onları sıradan çıxarıb. Pilotsuz uçaq kimi istifadə olunan An-2 təyyarəsinə atəş açan HHM sistemi özünü ələ vermiş olub. Azərbaycan tərəfi İsraildən aldığı “Harop” dronları ilə həmin sistemləri asanlıqla məhv edib. Müharibə zamanı Azərbaycan tərəfi 11 ədəd An-2 təyyarəsi itirib. Bu ucuz təyyarələrin hesabına Azərbaycan Ermənistanın bahalı hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb.
ABŞ Müdafiə Nazirliyi Rusiyadan Mi-24 və ya Mi-17 vertolyotları, habelə An-2 (“Kukruznik”) yüngül təyyarələrini almaq istəyir. Bu barədə RT məlumat yayıb. Belə primitiv aparatlar Amerikanın nəyinə lazımdır? Amerikalılar da həmin aparatlardan tələ kimi istifadə etmək fikrindədirlər.
Yeri gəlmişkən onu da deyək ki, Tayvan və Çin mətbuatında çıxış edən mütəxəssislər də An-2 ilə həyata keçirilmiş bu mükəmməl hərbi əməliyyatdan söhbət açıblar.
Sovet dövründən Azərbaycanda onlarla An-2 təyyarəsi qalmışdı. Onlar praktiki olaraq istifadə olunmurdu. Həmin təyyarələri sadə naviqasiya sistemləri ilə təchiz edən Azərbaycan mütəxəssisləri An-2-ni pilotsuz təyyarəyə çevrə və ermənilərə qarşı tələ qismində istifadə edə bildi. Elə bu səbəbdən də Azərbaycan tərəfi İkinci Qarabağ savaşında 11 ədəd An-2 itirdi. Ermənilər isə fəxrlə Azərbaycanın qırıcı təyyarələrini vurduqlarını bəyan edirdilər.
“Foreign Affairs” yazır ki, Rusiyanın S-300 sistemi və qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksi olan “Pantsir” Liviya, Dağlıq Qarabağ və Suriyada dronlar tərəfindən vuruldu. Məlum oldu ki, bu bahalı silahlar ucuz dronlara qarşı gücsüzdür.
Suriya ordusunun hava hücumu nəticəsində 36 Türkiyə əsgəri öldürüldü.
Buna cavab olaraq Ankara “Bayraqdar”ların köməyi ilə Suriyanın onlarla tankını, zirehli maşınını, minlərlə əsgərini məhv etdi. Suriyanı müdafiə etmək üçün Rusiya atəşkəsə nail oldu. Liviyada isə Türkiyə dronların köməyi ilə Liviya Milli Ordusunu Tripolidən və onların əsas sığınacaq yeri olan Tarhounadan qovub çıxardı.
Məqalədə qeyd olunur ki, Azərbaycan dronların köməyi ilə ermənilərin müdafiə xətti haqqında dəqiq məlumatlar əldə edirdi və verilən koordinatlar əsasında artilleriya və raketlər ermənilərin müdafiə xəttini atəşə tuturdu.
Hazırda nisbətən ucuz olan dronlar döyüş meydanında qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda olduğu kimi, digər münaqişə zonalarında da hərbi əməliyyatların başlamaq ehtimalı ciddi şəkildə artıb.
Amerika nəşri yazır ki, Rusiyaya məxsus S-400 Triumf raket sistemi 300 milyon dollaradır. “Pantsir” isə 14 milyon dollara satılır. Türkiyənin “Bayraqdar” dronu isə cəmi 5 milyon dollaradır. “Bayraqdar”lar son dərəcə bahalı hava hücumundan müdafiə sistemlərini satış qiyməti 100 min dollarlıq raketlərlə məhv edirdilər.