Türkiyə arxivlərindən Naxçıvanla bağlı materiallar toplanılıb
Naxçıvanla bağlı Türkiyə arxivlərindən əldə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təqdim olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev toplanan sənədlərin mühüm əhəmiyyətindən və materialların qorunub-mühafizə olunmasında arxivlərin rolundan danışıb. Qeyd edib ki, arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsində, təhriflərin aradan qaldırılmasında rolu olduqca mühümdür. Əvvəlki illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən London, Sankt-Peterburq və Tbilisi arxivlərindən materialların toplandığını qeyd edən bölmənin sədri gələcəkdə bu istiqamətdə nəzərdə tutulan işləri diqqətə çatdırıb. Bildirib ki, Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədilə cari ilin oktyabr ayında bölmənin iki əməkdaşı Türkiyənin Ankara şəhərində olub, axtarışlar nəticəsində 3000 səhifədən artıq 500-ə yaxın sənəd əldə ediblər.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Türkiyə arxivlərindən böyük laborant Əli Tağıyevlə birgə əldə etdikləri sənədlər, həmin sənədlərin ümumi məzmunu və mahiyyəti haqqında məlumat verib.
Təqdimatda slayd nümayişi ilə toplanan sənədlərdən bəziləri haqqında geniş məlumat verilib. Tədqiqatçı diqqətə çatdırıb ki, Türkiyədəki arxivlərdən Naxçıvan tarixinin bütün dövrləri ilə bağlı materiallar toplanıb. Toplanan materiallardan ən qədimi XII əsrə aiddir. İlhami Əliyev materiallarla bağlı ünvanlanan sualları cavablandırıb.
Sonda akademik İsmayıl Hacıyev yeni arxiv materiallarını elektron variantda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədova təqdim edib. Mehman Məmmədov öz növbəsində arxiv materiallarının əldə olunmasında əməyi keçənlərə minnətdarlıq edib, yeni sənədlərin Naxçıvanın tarixi, mədəniyyəti, müxtəlif tarixi dövrlərdəki sosial-iqtisadi həyatı ilə bağlı araşdırmalara töhfə verəcəyinə əminliyini bildirib.
Polise.az