Türkiyə-Azərbaycan kapitalı Ermənistana nə vəd edir: Bu düşmən ölkə xilas ediləcək, yoxsa girov alınacaq?
Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasını Ermənistan üçün yeganə çıxış yolu kimi ictimai rəyə təqdim edir; Revanşist müxalifət isə Türkiyə-Azərbaycan sərmayəsinin ölkəni tamamilə məhv edəcəyini vurğulayır…
Ermənistan Türkiyə ilə anlaşmaya can atır. Rəsmi İrəvan Türkiyə üzərindən dünyaya çıxmaq imkanı qazana biləcəyinə ümid bəsləyir. Və Paşinyan hakimiyyətinin bu istiqamətdə konkret addımlar atmağa meyilli olduğu müşahidə edilir.
Ermənistan baş naziri Nikol Paşinyan son açıqlamalarında bu məsələyə xüsusi diqqət ayırmağa çalışır. Böyük ehtimalla erməni baş nazir bu mövzunun Ermənistan cəmiyyətində müəyyən qədər qıcıq doğurduğunu da nəzərə alır. Çünki revanşist müxalifət Ermənistanın Türkiyə ilə normal münasibətlər qurma ehtimalını “milli hədəflərə” ağır zərbə və xəyanət cəhdi kimi dəyərləndirir.
Ona görə də, rəsmi İrəvanın bu məsələdə dərhal Ermənistan cəmiyyətinin tam dəstəyini ala biləcəyi qətiyyən inandırıcı görünmür. Yəni, Paşinyan hakimiyyəti hələlik bu mövzunu vaxtaşırı Ermənistan cəmiyyətinin gündəminə gətirməklə, ictimai rəyin buna əvvəlcədən hazırlanmasına üstünlük verir. Və Türkiyənin Ermənistan üçün önəmli dövlətə çevrilməyə başladığını təlqin etməyə cəhd göstərir.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Türkiyəyə yaxınlaşmaq niyyəti revanşist müxalifət tərəfindən artıq sərt müqavimətlə qarşılanmaqdadır. Bu düşərgənin radikal təmsilçiləri erməni baş naziri və onun hakimiyyət komandasını Ermənistanın milli maraqlarını Türkiyəyə güzəştə getməyə hazırlaşmaqda suçlayırlar. Və bunun milli xəyanətə bərabər davranış olacağını elə əvvəlcədən vurğulayırlar.
Revanşist müxalifətin ən radikal qanadı olan Qarabağ klanını Ermənistan parlamentində təmsil edən deputat Artsvik Minasyan hesab edir ki, Paşinyan hakimiyyəti öz anlaşılmaz xarici siyasət kursu ilə ölkəni ümumiyyətlə, məhvə sürükləyir. Onun fikrincə, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması yalnız Azərbaycanın iştirakı olacağı təqdirdə, reallaşa bilər. Yəni, Azərbaycan bu prosesə qatılmayacağı təqdirdə, rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına razılıq verməz.
Erməni deputat məhz bu məqamı Ermənistanın gələcək taleyi baxımından, fəlakət ssenarisi hesab edir. Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması növbəti mərhələdə iqtisadi-ticari əlaqələrə də yol açacaq. Və məhz Türkiyə ilə münasibətlərin normallaşma prosesinin iqtisadi-ticari əlaqələrin qurulmasına qədər inkişafı Azərbaycanın ön plana keçməsinə münbit şərait yaradacaq.
Erməni deputatin fikrincə, Türkiyə ilə sərhədlərin açılması Azərbaycanla da oxşar addımların atılmasına məcburiyyət yaradacaq. Çünki rəsmi Ankara Paşinyan hakimiyyəti qarşısında Türkiyənin Ermənistan üzərindən Azərbaycanla nəqliyyat-kommunikasiya dəhlizinə sahib olmasının təmin edilməsi tələbini qabardacaq. Və bu, münasibətlərin normallaşması prosesində əsas şərtə çevrilmiş olacaq.
Artsvik Minasyan hesab edir ki, Ermənistanın əsas problemləri də məhz bundan sonra ortaya çıxmağa başlayacaq. Çünki Ermənistana münasibətdə Türkiyə və Azərbaycan kapitalı birləşmiş olacaq: “Paşinyanın planları baş tutarsa və Türkiyə və Azərbaycan kapitalı ölkəyə cəlb olunarsa, bu, Ermənistanı tamamilə məhv edə bilər. Ermənistanın təcili investisiya yatırımlarına ehtiyacı var. İndiki haldasa, yalnız Türkiyə və Azərbaycan sərmayəsi Paşinyanın iqtisadi proqramlarının reallaşmasına imkan aça bilər. Eyni zamanda, bu variant həm də Ermənistanı tamamilə Türkiyə və Azərbaycan kapitalından asılı vəziyyətə salacağından ölkə üçün fəlakət vəd edir”.
Göründüyü kimi, revanşist müxalifət düşərgəsinin Türkiyə və Azərbaycana yönəlik mövqeyi birmənalıdır. Bu mövqe ucbatından da Ermənistan son 30 ildə blokada vəziyyətində və iqtisadi inkişaf perspektivlərindən uzaq qalıb. Bir tərəfdən Ermənistanı yalnız Türkiyə və Azərbaycan kapitalının ayağa qaldıra biləcəyini anladıqlarını biruzə verirlər. Digər tərəfdən isə bu kapitalın Ermənistanı tamamilə tamamilə girov götürə biləcəyini iddia edirlər.
Ancaq belə anlaşılır ki, Paşinyan hakimiyyəti revanşist müxalifətlə eyni mövqeni tam olaraq, bölüşmür. Erməni baş nazir Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı planlarında israrlı görünür. O, Ermənistan hökumətinin son toplantısında bu mövzunu növbəti dəfə geniş şəkildə gündəmə gətirib.
Maraqlıdır ki, baş nazir N.Paşinyan bu dəfə daha çox səbəblər üzərində dayanmağa üstünlük verib. Erməni baş nazir bildirib ki, Ermənistanın Türkiyə ilə normal münasibətlərə ehtiyacı var. Bu, Ermənistanın blokadadan çıxması və Avropaya doğru nəqliyyat-kommunikasiya xətlərinə sahib olması baxımından, çox vacibdir. Əgər, bu məsələ həll olunarsa, Ermənistan iqtisadi-ticari sahədə də ciddi uğurlar qazana bilər. Və indi düşdüyü ağır vəziyyətdən daha sürətlə çıxmaq şansı qazanar.
Erməni baş nazir onu da virğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları onda müəyyən ümidlər yaradıb: “Türkiyə prezidenti bu mövzuda müsbət məzmunlu açıqlamalar verir. Bu məsələ rəsmi Ankaranın da diqqət mərkəzindədir. Türkiyəyə də Azərbaycanla nəqliyyat-kommunikasiya xətləri lazımdır. Ona görə də yaxın vaxtlarda Türkiyə ilə danışlqlara başlamaq vacibdir”.
Belə anlaşılır ki, erməni baş nazir revanşist müxalifətin ittihamlarına “ilişib” qalmaq niyyətindən uzaqdır. Ən yaxın vaxtlarda rəsmi Ankaradan gələn müsbət açıqlamalardan yararlanmaqda israrlıdır. Və Rusiya üzərindən hər hansı maliyyə-iqtisadi qaynağa nail olmağın mümkünsüzluyunu anlayan baş nazir N.Paşinyan Türkiyə-Azərbaycan kapitalının Ermənistanı məhv edə biləcəyi ilə bağlı revanşist müxalifətin iddialarını qətiyyən bölüşmür. Əksinə, bu kapitalı Ermənistan üçün yeganə xilas qaynağı hesab etdiyini biruzə verir.
Elçin XALİDBƏYLİ