Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı
Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə – general-mayor zirvəsinə ucalan, kiçik bir Baltik şəhəri Tartuda Qərbə tuşlanan strateji hücum silahlarına nəzarət edən Cövhər Dudayev imperiyanın çöküşü ilə müstəqil Çeçenistan qurmağa qalxanda ətraf coğrafiyaların hamısında mərkəz Moskvadan qopmaq prosesi vüsət almışdı. “Qorbaçov islahatları” demokratikləşmə adı altında bolşevik təməllərini sındıraraq bir çətir altındakı xalqların tarixi yaddaşının oyanmasına, milli özünüdərkə və radikal hərəkatların siyasi hakimiyyətə gəlişinə yol açmışdı və cəmi bir neçə ilin içində o vaxta qədər hələ dəqiq iqtisadi, siyasi və geopolitik baxımdan Qafqazın o biri hissəsindən ayrılmamış Cənubi Qafqazda böyük humanitar fəlakətə, kütləvi insan itkilərinə və sovetlərin yaratdığı iqtisadi sərvətlərin dağılmasına səbəb oldu.
Gürcüstanda millətçi Zviad Qamsaxurdia, Ermənistanda adi elmi işçi Levon Ter – Petrosyan, Azərbaycanda dissident Əbülfəz Elçibəyin idealist baxışlarını hələ formalaşmayan dövlətlərə daşımalarının ardınca sonuncunun antirusiyaçılıq platformasını real siyasi birliklərin yaradılması yolu ilə möhkəmləndirmək istəməsi təkcə hərbi-siyasi avantüra deyildi, eləcə də Amerika və Qərbi Avropanın “soyuq savaş”ı qazandıqdan sonra Qafqazı tamamilə öz təsir dairəsinə almaq siyasətinin dağıdıcı tərkib hissəsi idi.
Məhz o vaxtlar Qızıl Ordu ulduzunu Moskvaya qarşı azadlıq müharibəsinə yönəldən Cövhər Dudayev cəmi bir neçə ildə böyük şahmat taxtasında piyada fiqur olduqlarını dərk edərək, ideya babası Şeyx Şamilin “kiçik xalqlara uzun qılınc”ın 20-ci əsrin sonunda heç nəyə yaramadığını görüb dərin sarsıntı keçirmişdi.
Özünün acı etiraflarını ölümündən iki il qabaq Azərbaycanın silahlı demokratik düşərgəsinin tribunası olan “Azadlıq” qəzetinə müsahibəsi zamanı tam çılpaqlığı ilə dilə gətirmişdi. Şübhə edənlər gedib “rus canişini” saydıqları böyük fikir babamız Axundovun adını daşıyan kitabxanadan əldə edə bilərlər.
Dudayev güclü hərbi biliklərə yiyələnərək 2-ci müsəlman kimi fəth etdiyi ali aviasiya generalı vəzifəsində çalışdığı zamanlarda xarici kəşfiyyat mərkəzlərinin diqqətini cəlb etdiyini, daha sonralar çeçen xalqının mübarizəsinə başçılıq edərkən onun Rusiya düşməni olmasından Qərb mərkəzlərinin çox ustalıqla bəhrələndiyini və buna görə də dünyanın aparıcı dövlətlərinin istismarçılığını sərt şəkildə pisləmişdi. Onun acı sözləri bundan ibarət idi ki, “Bizim milli azadlıq duyğumuzu demokratik mərkəzlər sümürürlər!”
O vaxtlar, xüsusilə iki paytaxtda – Tbilisi və Bakıda hərbi döyüşlərdə bir-birinin ardınca yaşanan məğlubiyyətlər Dudayevin öz millətinin taleyində gəlib çatdığı həqiqəti bizimkilərin də dərk etməsinə, ondan düzgün nəticələr çıxarmasına deyil, daha da uzağa – dövlətçiliyin itirilməsinə aparan xəyallara xərclənirdi. Ermənistanın təcavüzünə qarşı Əbülfəz Elçibəyin qurduğu strategiyaya şərik olmaq üçün dəvət edilən qoca Şevi – sovetlərin sonuncu Taleyranı Eduard Şevardnadze həmin günləri belə xatırlayır: “Elçibəyin kabinetində olarkən Dudayevlə görüşməyimi istədi. Bir mərtəbə aşağı düşdük. O, mənə antirusiya ittifaqı qurmağı təklif etdi. Mən Rusiyanın gücünü bildiyimdən sakitcə Gürcüstanın belə planda olmayacağını bildirdim”.
Göründüyü kimi, Bakını antimoskva poliqonuna çevirmək xəyalları o zaman baş verir ki, nəinki Qarabağ ətrafında silsilə məğlubiyyətlər davam edir, eləcə də Vaşinqtonun, Brüssel və Tehranın bölgə ilə bağlı siyasətində açıq-aşkar möhtəkirlik, “proxy” müharibə elementləri özünü göstərir, lakin məhəlli siyasət mühəndisləri, Şərq nağılları ilə silahlanmış cəbhəkratiyamız “Qafqaz konfederasiyası quraraq” müasir Paskeviçlərdən qisas alacaqlarını zənn edirlər. Ona görə Şevardnadze “Heydər Əliyevdən sonra məsləhətləşməyə kimsə qalmadı”, – deyir.
Xəzər hövzəsinin yüz milyardlıq ehtiyatlarına sahiblənmək üçün BP-nin patronajlığı ilə Bakıya gələn və Heydər Əliyevin tikdirdiyi Gülüstan sarayında 30 milyonluq çekləri təntənəli şəkildə təqdim edən dəmir ledi Marqaret Tetçerin qarşısında Bakının inqilabi sahibləri məsum görkəm alaraq NATO ordularını çəkib onları Cıdır düzündə hərbi salamlamaya dəvət edəcəyini zənn edirlər. Bəli, niyə də olmasın, axı Britaniya Silahlı qüvvələri regionu yaxşı tanıyırlar.
Şərqin keçmişini böyük auditoriyalarda gələcək nəsillərə öyrədən Elçibəy Cümhuriyyəti küncə sıxan ingilis hərbi flotiliyasının komandanı Uilyam Tomsonu, eləcə də Xiyabanini, daha sonra Şah Pəhləvini inqilab içində qoyub gedən ingilis donanmalarının siyasi hakimiyyətin etibarlı dayağı olmayacağını da o tarix kitablarından iqtibas edərək tələbələrə söyləməyi gərək bilmir.
Milli demokratiyamızın meydanlarda dəfələrlə həmrəylik və birlik mesajları ilə yad etdiyi Yeltsin hakimiyyəti illərində Azərbaycan müqəddəs sərvətlərini, Vətənin varlığı üçün ön şərt olan torpaqlarını daha sürətli şəkildə itirir, bölgə dövlətlərinin hamısı ilə düşmən olur. Halbuki sovetlərə son hökmü verənlərin sırasında Qazaxıstan lideri Nursultan Nazarbayev soyuq hesablamaları ilə nəinki öz xalqının mənafelərini uğurla qoruya bilmişdi, eləcə də sonrakı illər ölkəsinin yerləşdiyi coğrafiyanı beynəlxalq rəqabətdə olan Çin, ABŞ və Rusiyanın əməkdaşlıq mərkəzinə çevirmişdi. Əvəzində isə yazıq İslam Kərimov ömrünün sonuna kimi elə hey şikayət edirdi ki, Azərbaycana hər zaman qardaşlıq və dostluq duyğuları ilə yanaşdığı halda nədən Bakı bəyləri onun da hakimiyyətini devirib xalqını Turan ellərinə qatmaq istəyirdilər?
Sovet nomenklaturasının müstəqillik dövrünün ilk illərində rəhbərlik etmədiyi bütün müttəfiq respublikalar inzibati idarəçilik, qurucu bürokratizm, milli təhlükəsizlik maraqları və qlobal siyasətdən baş çıxara bilməyərək fəlakətlə üzləşdilər.
Məhz ona görə də Ermənistan son yüz ildə yalnız Rusiya ilə tarixi birlik, dini ortaqlıq və eyni hərbi strategiyaya tabeçilik (NATO-ya qarşı) hesabına rus əsgərini Qafqazlarda dövlətçiliyinin güclü sipərinə çevirməyi bacardı, “tarixi düşmən” adlandırdığı Azərbaycan və Türkiyənin zərbəsindən qorunmağın yolunu tapdı. Erməni elitasının və xalqınının yeganə mövcudluq üsulu kimi seçdiyi bu sərfəli xətdən kənara çıxdığı anda ATƏT-in 1999-cu il İstanbul sammitindən sonra başqa paytaxtlara boylanan və Kremlə müttəfiqliyə xəyanət edən spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın parlamentdə linç edilməsi sonrakı dövlət başçıları üçün görk oldu.
Halbuki Sovetlər Birliyinin nəhəng imperiya kimi formalaşmasında bir respublika rəhbəri, daha sonra İttifaq paytaxtına irəliyə çəkilən sistem qurucusu kimi patriarx Heydər Əliyev ondan əvvəlki orta əsr mirasını hakimiyyətdən təmizləyərək dünya və qonşularla normal münasibətlər yaradanda yenə də həmin Yeltsin, Qraçov, Kozırev, Şafrannik kimi 90-cı illər ərazi işğallarına rəhbərlik edən simalar hərbi təhdidlərini, hətta fiziki yox etmə planlarını dəyişməyəndə Azərbaycanın onlardan qopduğunu görərək, nəhayət, 1997-ci ildə iki dövlət arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik sazişi imzalamağa məcbur olmuşdular.
Məhz o illərdə, artıq ölkəsində sarsıdıcı hərbi məğlubiyyətləri durdurmağı bacaran və qlobal neft savaşını uğurla həll edərək regionun geopolitikasını müəyyən edən Heydər Əliyev Amerikaya ilk səfərindəcə ona qarşı hansı daxili və xarici sui-qəsdlərin olduğunu ilk dəfə açıq dilə gətirmişdi. Kremlin dəhlizlərini yaxşı tanıyan və onun kimi xalqının ağır günündə siyasi olimpə gələn Vladimir Putini ilk dəfə ölkəmizə dəvət edəndə də ata Əliyev çox sonralar dövlətlərimizin arasında tarixin müxtəlif mərhələlərində, daha doğrusu, fərqli ideoloji-siyasi quruluşların ağır mirasını – əks səngərlərdə vuruşmaq və qarşılıqlı nifrət sindromunu arxada qoymağı bacarmışdı.
21-ci əsrdə daha mürəkkəb şəraitdə siyasi estafeti qəbul edərkən Moskva Beynəlxalq Münəsibətlər İnstitutunun yetirməsi olmasına rəğmən, prezident İlham Əliyev bir çoxu onunla eyni dünya baxışını paylaşan yeni rus elitasına qarşılıqlı hörmətin və etibarın heç bir xarici təsirlərə baxmayaraq, dağılmaz özül olduğunu irəli sürmüşdü. Hətta yeni minilliyin başlanğıcında düz bir əsr əvvəllər olduğu kimi, yenə də Tbilisidə yandırılan inqilab məşəli bütün Qafqazları bürüyəndə rəsmi Bakı təkcə özünü düşünmədi, region dövətlərinin hamısını-Ermənistan istisna olmaqla-qorumağı bacardı. Əks halda, qığılcımların etnik-milli palitrası zəngin olan İrana və Rusiyaya keçməsinin hansı fəlakətlər gətirəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyildi.
Ərazilərində xarici hərbi bazaları yerləşdirməmək xəttini seçən İlham Əliyev əvvəlcə heç bir silahlı toqquşmaya getmədən Qəbələ RLS problemini həll etdi və şimal strateqlərini aydın bir dillə Armavir yüksəkliyindən Hind okeanınadək radiusu izləməyin mümkün olduğuna inandırdı, daha sonra gürcü lideri Saakaşvilinin təhrik edildiyi Rusiya-Gürcüstan savaşından ölkəsini və regionun təhlükəsizlik arteriyalarının toxunulmazlığını təmin etdi.
Ardınca, 2010-cu ildə Medvedyev və Əliyev arasında sərhəd xətlərinin – əslində isə bir dövlətin, millətin varlığının təsdiqi olan atributların təsdiqlənməsinə nail olundu. Bütün əsrlər boyu Azərbaycan xalqı məhz bunu arzulamışdı. Cəmisi 4 il sonra “ərəb baharı” dalğasında nəinki Yaxın Şərqdə, eləcə də öz qan qardaşı Ukrayna ilə müharibəyə çəkilən Rusiya hələ 2010-cu ilin 3 sentyabrında bütün mübahisələrə və ziddiyətlərə son qoyaraq, Samur çayının bölgüsü, Kraxoba və Üryanoba kəndləri də daxil müxtəlif dairələrin əlində nifaq yaratmağa çevrilən torpaq məsələsini həll etdi. Tarixi nailiyyət idi. Lakin soyuq və rasional hesablamalar dahisi Əliyev bunu milli təntənəyə çevirmədən yola davam etdi. Məhz bu təməl daşları üzərində Xəzər akvatoriyası ətrafında nəhayət, ortaq məxrəc tapıldı və bir vaxtlar Əsrin neft kontraktları hesabına Qərbə açılmasına baxmayaraq, bu qapalı göl üzərində xarici silahlı birləşmələrin gəlişi qadağan edilərək su hövzəsi demilitaristləşmiş zonaya çevrildi.
Razılaşın ki, müstəqillikdən keçən son 30 ilin siyasi xronikasını bir neçə abzasa yerləşdirərkən Tovuz hərbi rayonunda Ermənistanın inqilabi hakimiyyətinin iyul təxribatlarında nə üçün Moskva elitasının neytral, bir sıra hallarda Bakıya mənəvi-siyasi simpatiyasının elə-belə başa gəlmədiyi, bundan ötrü Əliyevlərin strategiyasının son yüz ilin sınağından necə uğurla çıxdığını deməyə imkanımız var. Bəli, Azərbaycanın regional missiyası, ərazi bütövlüyünü təmin etmək üçün Qərb və Şərq, Şimal və Cənubla qurduğu dostluq körpüləri tarixin müxtəlif sınaqlarına tab gətirir. İranla konfrontasiyada olan İsraillə hərbi və iqtisadi əlaqələr inşa edilərkən Tehranın mənafelərinə toxunmamaq, Rusiya ilə Qərbin savaşında hər iki tərəfin həssasiyətlərini dəyərləndirmək gənc dövlətlər üçün gerçəkdən kamillik testidir.
Halbuki öz əlləri ilə keçmişlərindən qoparılan yeni demokratiyaların – Baltikyanıdan Şərqi Avropayadək hamısında əks proseslər gedir. Əvəzində Azərbaycan 2015-ci ildə daha çətin olanını – Rusiya və qardaş Türkiyə arasındakı Su-24 bombardmançısının vurulması zamanı yaranan böhrandan, iqtisadi sanksiyaların və diplomatik bağların qırılmasından faydalanmağa deyil, əksinə, çəkisindən ağırını qaldıraraq hər iki tərəfin barış masasına əyləşməsi üçün yetərincə diplomatik resurslar, özəl və şəxsi nüfuz xərcləmişdi.
Avrasiya qitəsinin bu iki imperiya varisi arasında ən azı 3 əsr davam edən müharibələr, xüsusilə Osmanlı xanədanı və Çarizmin süqutundan sonra Leninin ilk maliyyə yardımları ilə başlayan hərbi və iqtisadi əlaqələr bu gün 21-ci əsrdə daha qlobal məzmun alaraq, regional və beynəlxalq siyasətin əsas faktorlarından biri halına gəlmişdir. Təsadüfi deyil ki, uzun on illər iki ölkənin siyasi sükanı arxasındakı liderlər Putin və Ərdoğan 2008-ci il görüşlərində qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard dolara çatdırılacağına dair son dərəcə ambisiyalı hədəfləri bəyan etmişdilər. Bu da elə-belə deyildi. Avropa Birliyinin qapısında təxminən 60 il gözləyəndən sonra sıraları 6-dan 27-yə çatan bir iqtisadi İttifaqın siyasi qərəzi qarşısında üzünü digər qütblərə çevirməyə Ankara sadəcə məcbur idi.
Məhz ötən il Rusiya Türkiyənin ən böyük ticarət partnyorlarından biri kimi 22 milyarda yaxın böyük bir həcmlə 3-cü yeri tutdu və böyük potensialın mövcud olduğunu iki ölkə arasında 2010-cu ildə qurulan Yüksək Dövlət Şurası bəyan etdi.
Uzun illərdir ki, Soçidən Vladivastoka qədər uzanan ərazilər türk firmaları üçün vacib inşaat meydanı kimi mühüm yer tutmaqda davam edir.
Qarşılıqlı investisiyaların miqdarı 10 milyard dollardan çoxdur.
Heç şübhəsiz, Türkiyənin büdcə gəlirlərinin formalaşmasında əvəzsiz yer tutan turizm sektoruna 1995-ci ildə cəmisi 700 min rusiyalının gedişi ilə qoşulan bir ölkə 2019-cu ildə 6.8 milyonluq ziyarətçi ilə ön sıraya yüksəldi. Bu rekord rəqəmlər 4 milyarddan çox xalis maddi fayda deməkdir.
Bu səfərlər, əlbəttə, mədəni yaxınlaşmaya, mənəvi bağlara keçincə formalaşan on minlərlə qarışıq nikahlar hər iki ölkə üçün sabit, dayanıqlı və daimi isti ocaqlar yaradır. Yumşaq gücdən danışılarkən, Rusiyada on iki milyona qədər türk mənşəli xalqın, 20 milyondan artıq İslam dininə etiqad edənin vətənidir və bu Ankaraya imkan verir ki, bir neçə platformada, məsələn, Türksoy çərçivəsində Tatarıstan Respublikasını və başqalarını sıralarına ala bilsin. Lakin bu qətiyyən Moskvanı qorxutmur. Səbəb ilk növbədə milli etnik kartlardan bir-birinə qarşı istifadə etməyin ziyanlarının dərk olunmasıdır. Mürəkkəb PKK məsələsində belə..
Lakin enerji kimi strateji əməkdaşlıq olmadan iki dövlətin münasibətlərini yüksək mərhələyə daşımaq sadəcə mümkün olmazdı. Çünki Türkiyə öz ərazisində neft-qaz resursları məhdud olduğundan illik 120 milyonluq neft ekvivalentində enerji idxalından daima asılıdır. O üzdən, “Mavi axın” layihəsini çəkib Türkiyəyə çatdıran “Qazprom” imperiyası Avropa Birliyinin məlum imtina qərarından sonra Ukraynadan yan keçməklə ikinci bir strateji xətti – “Türk axını” layihəsini işə saldı ki, bu da Ankaranı nəinki regional, eləcə də beynəlxalq enerji mərkəzinə çevirir, Çin, ABŞ və Avropa Birliyi qarşısında dayanıqlı güc sahibi edir. İllik gücü 31 milyard kubmetr olan bir razılaşmanın istər daxili tələbatın ödənməsində (15 milyard kub metrə qədəri – Z.O.), istərsə də hələ alıcı olmağa tələsməyən İtaliya, Yunanıstan və İsrail üçün əhəmiyyəti misilsizdir. Buradaca qeyd edək ki, Azərbaycanın gerçəkləşdirdiyi TAP və TANAP layihələrini də nəzərə alanda görünür ki, bir ölkənin “enerji koridoru” gücü necə artır, güclənir.
Lakin heç bir mədəni, iqtisadi və xəlqi əlaqalər siyasi, hərbi maraqları tamamilə əvəz edə, onu kölgədə qoya bilməz. Rusiyanın 2015 ci ilin sentyabrında Bəşər Əsədin dəvəti, əslində isə yenidən qurulan Böyük Yaxın Şərq davasına cəlb olunması 911 kilometrlik bir sərhədə malik Türkiyə Cümhuriyyətinin hərbi və strateji maraqları ilə uzlaşaraq hər iki dövlət arasında tarixdə özünü göstərməyən təhlükəsizlik ittifaqları, siyasi ortaqlıq və birliyə çevrilməsinə yol açdı.
Suriya liderinə münasibətdə antoqonist baxışlara rəğmən, 24 avqust 2016-cı ildə türk orduları “Fərat qalxanı” əməliyyatını keçirmək, sərhədlərində təhlükəsizlik zolağı yaratmaq üçün addım atanda, Rusiya Ankaranın müttəfiqlərinin süngü ilə qarşıladığı tədbirlərinə dəstək verdi və nəticədə Qərbdən himayə olunan İraq və Suriya coğrafiyasında PKK, PYD və YPQ qüvvələrinin mövqelərinə həlledici zərbə vuruldu. Regionda İŞİD xilafətinin öldürücü zərbə alması, ardınca bir-biri ilə savaşda olan Suriya qüvvələrinin Astanaya toplanması yenə də İranın da daxil olduğu Türkiyə-Rusiya alyansının hesabına idi. Rusiya Türkiyənin Yaxin Şərq ambisiyaları ilə hesablaşaraq, ona güzəştə getməyi bacarır.
Bütün bunlar soyuq müharibədə gətirilib İncirlikdə mənzillənən nüvə başlıqlı raketlərin müqabilində Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərinin hədəflərinin, əslində, Ankara deyil, daha fərqli paytaxtlar və hədəflər olduğunu üzə çıxarır. Əks halda, Moskva C-400 silahlarını Suriyada vahid cəbhədə çıxış etməyə çalışdığı, dəfələrlə toqquşma və hərbi itkilər baş verdiyi zamanlarda da qoruyub saxlaya bilməz, ona getməzdi.
Müqavilə qiyməti 2 milyard dollar olan sözügedən qərarın ABŞ tərəfindən necə qarşılandığı hamıya bəllidir. İlk NATO ölkəsinin belə müstəqil qərarı tərəfdaşlarda “soyuq duş” effekti yaratmışdı. Başa düşülən reaksiyadır. Axı həmin silahlar Türkiyənin təkcə özünümüdafiəsini gücləndirmir, eləcə də ambisiyalarını artırır. Çünki bu nəsil raket sistemləri strateji çəkindirmə gücünə malikdir və xaricdən asılılığın, onu iqnor edən bir sıra NATO ölkəsindən qurtulmanın tək açarıdır. Kreml də bunun fərqindədilər. Türkiyənin müstəqil siyasəti Putinin planlarına zidd deyil, əksinə, ona hər vəchlə dəstək verir. Necə qiymətləndirilməyindən asılı olmayaraq.
Bu siyahını 21 milyardlıq Akkuyu atom elektrik stansiyası, Qara dəniz akvatoriyasında birgə hərbi mövcudluq, yaxud xristian dünyasında səlib hərəkətlənməsi yaratmış Aya Sofya məbədi məsələsinə verilən mötədil reaksiyaları da əlavə etsək, Avrasiya qitəsini örtən bu dövlətlərin onlarla ortaq nöqtəsini dünyaya açıq göstərir.
İndi qalır, tarixən maraqların toqquşduğu Zaqafqaziyada münaqişələri həll etmək üçün ortaq platforma irəli sürmək. ”Boyunu aşan” son İrəvan təxribatı fonunda Naxçıvanda və Şimali Qafqazda təlimlərə çıxan orduların Suriyada İŞİD xilafətinə, yaxud digər terror birləşmələrinə qarşı əməliyyatlarda çiyin-çiyinə logistik, kəşfiyyat və siyasi dəstək verən vahid bir qüvvə, eyni tale səngərində olduğunu bütün dünyaya göstərmək gərəkdir. Tarixi dövr ərzində ilk dəfədir ki, regionda hərbi-siyasi balans yaranıb və ABŞ-ın maraqlarının xeyli söndüyü, pandemiyasız belə Ağ Evin Cənubi Qafqaz kursunun prinsiplərinin qeyri-müəyyən olduğu şəraitdə Ankara ATƏT-i Rusiya ilə birgə kənarlaşdıra və Azərbaycanın tarixi haqq işinə son verilməsində 90-cı illərdən fərqli rol ala bilər.
Bəli, indi İrəvanda ayrı siyasi dəyərləri bölüşən bir hakimiyyətdir. Ermənistan özünü siyasi cəhətdən sabit, güclü hakimiyyət institutları, çoxspektrli parlamenti və dövlətçi, monolit müxalifətinin olduğunu göstərərək, sərhədlərində daim elan etdiyi düşmən dövlətlər, yaxud subyektlərə görə -Türkiyə, Gürcüstan, Azərbaycan və Naxçıvana qarşı Rusiyadan yalnız erməni hərbi-siyasi elitasının, yaxud xalqının istəyi ilə cəbhə açılmasını istəyə bilməyəcəyi nöqtəyə gəlib.
Lakin artıq Ermənistan Rusiya maraqlarının qoruyucusu kimi çıxış etmir, əksinə, təhülkə törədir. İrəvanın dostu Moskvanın müttəfiqi, yaxud düşməni rəqibi deyil.
Daxildə Rusiya şirkətlərini məhkəməyə verib, əldə olunacaq pulu orduya yönəldəyəcəyini söyləyən Paşinyan iyul avantürasının əks-sədasının olacağını yaxşı bilir. Elitasını neft dünyası və çekist aləmindən saydıqları Kreml rəhbərlərindən fərqli olaraq, hazırki İrəvan komitəsi özünü liberal-demokratik mənşəli üstün kasta sayır. Düz bizim 90-cı illərin mənzərəsidir, sadəcə rollar dəyişib. İndi qeyri-sabitliyin episentri Razdandan keçir.
Azərbaycanın müstəqil siyasəti onun təhülkəsizlik qurşağıdır. Rusiya son 200 ildə müxtəlif formalı quruluşlardan, formasiyalardan və qanlı inqilabi proseslərdən keçmələrinə rəğmən, həm də Azərbaycanla keçmişin ağır mirasını dəfn etmək üçün ermənilərin qorxulu röya kimi xatırladıqları “Koltso əməliyyatı”, yaxud rus oğullarının Qarabağda azərbaycanlılarla çiyin-çiyinə şəhid olmağa qalxdığı şərəfli tarixi gələcəyə daşıya bilər.
Ən əsası, erməni ideoloqlarının daim istismar etdiyi qiymətli arxivləri aça bilər. Göründüyü kimi, Qafqazda regional təhlükəsizlik sistemi 3 dövlətdən – Rusiya, Azərbaycan və Türkiyədən asılıdır.
Konfliktin arxasında keçmişdə, yaxud indi kim olub, fərq etməz, Moskva, yaxud Vaşinqton, Pekin, yoxsa Paris. Lakin bu prinsip başqaları üçün belə deyil, onlar üçün fərqi var. Donor mənbələrdən aldıqları və əslində, münaqişəyə yatırılan investisiya, deyəsən, həmin paralara müqəddəslik qazandırıb, legitimlik verib. Demokratiyanın dalğasında müttəfiqlərsiz aparılan müharibə Saakaşvilinin aqibəti Sarkozinin qalstukunun Kremldə sıxılması ilə nəticələnir. Unutmayın, Rusiya yaxşı bilir ki, Qarabağ dalğası cənub cinahını – Şimali Qafqazı uzun illər o günə qoydu.
Türkiyənin burada Moskva, Qars müqaviləsində 100 illik imzası, bir millət dediyi qardaşları ilə sarsılmaz mənəvi bağları, vahid din, dil və mədəni kökləri var. Türkiyədən çox türk olma NATO-dan Rusiyaya çevrilən Ərdoğanı AXC rəhbərləri yerinə qoymaqdır.
Onlarla tel bizi Moskva ilə də birləşdirir. Bu resursları bir yerə yığmaq gərəkdir. Sarkisyan aprel döyüşlərindən sonra daha çox “rus silahı”ndan ölməyə ağrıyırdı. Yeni yaranan siyasi üçbucaq – Türkiyə, Azərbaycan, Rusiya vahid səngəri sərhəddə son toqquşmaya, həm də toqquşmaların sərhədi kimi baxmağa imkan verir. TAR ittifaqı! Azərbaycan özünün geosiyasi missiyasına görə mərkəzdədir. Musiqidə, orduda, döyüşdə triada. Hansi dilə tərcümə etsən, dəyişmir!
Bəli, Rusiyanı vasitəçidən münaqişə tərəfinə çevirmək planı alınmadı. Çünki “Kosovalaşan Qafqaz”ın domino effektini bu dəfə heç kəs durdura bilməz. Ona görə də dərin dövlət adamı Ramazan Abdullatipov tez-tez xatırlatmağı sevir: Qafqazda bir güllə atırsan, yüz il gedir…
İrəvanı hərbi-siyasi meydanda elə təkləmək lazımdır ki, Metsamor və Gümrü bazası artıq onu qorumasın!
Zahid Oruc,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri