Türkiyə KİV: İran irimiqyaslı hücum üçün regiona minlərlə silahlı göndərib

PKK terror təşkilatının ləğvi prosesindən yayınan təşkilatın Suriya qanadı SDQ/YPG genişmiqyaslı qarşıdurmaya hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Təşkilata yaxın mənbələrə görə, Deyr əz-Zor, Raqqa, Tabqa, Ayn İsa, Mənbiç, Halsa, Deyr Hafir, Ayn əl-Ərəb, Ras əl-Ayn və Təl Abyada çoxlu sayda terrorçu və silah-sursat göndərilir. YPG yerlər üzrə bütün komanda heyətini dəyişsə də, son vaxtlar İrandan dəstəyin xeyli artdığı bildirilir.
Nəşr bölgədəki hazırlığın Türkiyə, İraq və Suriyadan gələn tələblərdən yayınma məqsədi daşıdığını qeyd edib.
“Son üç ayda ABŞ-nin hərbi yardımı ən aşağı səviyyəyə düşsə də, İranın dəstəyi əhəmiyyətli dərəcədə artıb. İran rəhbərliyi və kəşfiyyatı əvvəllər Suriyada olan, amma Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəni tərk edən Tehranın dəstəklədiyi 9 min silahlını PKK-nın nəzarətində olan bölgələrə geri göndərib. Bundan əlavə, druz və nüseyrilərdən ibarət 10 minlik qüvvə Hasəkədə PKK/YPG-yə qoşulub. İran, İraq, Livan, Latakiya-Tartus və digər bölgələrdən gələn əlavə qüvvələrlə təşkilatın ümumi qüvvəsi 50 mini keçib”, – nəşr vurğulayıb.
Dəməşqin Suriya ordusuna inteqrasiya tələbindən imtina edən SDQ/YPG əllərindəki silahların da təhvil verilməyəcəyini bəyan edib.
SDQ-də yüksək vəzifə tutan İbrahim Abdullah təşkilatın bütün hazırlıqlarının müdafiə üçün deyil, birbaşa hücum üçün olduğunu bildirib.
Polise.az