Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda işgüzar səfərdə olub
Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeyi ziyarət edən qonaqlar ümummilli liderimizin vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qonaqlar Naxçıvan şəhərindəki Türk şəhidləri abidəsini, Şəhidlər xiyabanını və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olan Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərin və hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin hər iki qardaş ölkənin hərbi qulluqçularına qazandırdığı təcrübənin əhəmiyyətindən danışılıb. Böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və ixtisas hazırlığı kurslarında birliyimizin və bərabərliyimizin ifadəsinə çevrildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi zavodu ilə tanışlıq zamanı nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.
İşgüzar səfər çərçivəsində Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib və Duzdağ Fizioterapiya Mərkəzi ziyarət olunub.
Oktyabrın 1-də Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.