Türkiyə müdafiə sənayesi son 21 ildə nəhəng layihələrə imza atıb

Son 21 ildə Türkiyənin müdafiə sənayesi üzrə yerli istehsal nisbəti 20 faizdən 80 faizədək artıb. Ölkə bu dövr ərzində nəhəng layihələrə imza atıb.

Polise.az  Türkiyənin müdafiə sənayesi tarixinə nəzər salır.

Ötən il ölkədə müdafiə sənayesi sahəsində 850 fərqli layihə üzərində işlər aparılıb və ilin birinci yarısında 2 milyard 378 milyon ABŞ dolları həcmində gəlirlə ixracat rekordunu yeniləyib. Ümumilikdə isə 2023-cü ildə Türkiyə müdafiə sənayesi üzrə ixracatdan 5,5 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur. Ölkənin sahə üzrə gəlir rekordu 1,7 milyard dollarla “Baykar” şirkətinə məxsusdur. Türkiyənin 2023-cü ildə ən çox ixracat edən müdafiə və aerokosmik sənaye şirkətlərinin siyahısının ilk beşliyində “Baykar”la yanaşı, Türk Aerokosmik Sənayesi (864 milyon dollar), Maşınqayırma və Kimya Sənayesi A.Ş. (439 milyon dollar), “TEI-TUSAS” (337 milyon dollar) və “BMC Power” (255 milyon dollar) yer alır.

İl ərzində ən çox ixrac olunan məhsullar arasında pilotsuz uçuş aparatları, zirehli avtomobillər, dəniz vasitələri, silah sistemləri kimi bir çox texnikalar var. Ölkədə bu il üçün müdafiə sənayesi sahəsi üzrə hədəflənən gəlir məbləği isə altı milyard dollardır.

2023-cü ildə Türkiyədə elektron hərb sahəsi məhsulları, “Portativ Elektron Hücum Sistemi” layihəsi əsasında milli qaynaqlarla dizayn və istehsal edilən “MERTER” taktik elektron hücum sistemi, yeni “Altay” tankı, “Yörük” zirehli avtomobil, yeni nəsil toplar, “Kapqan” hərbi quru vasitəsi və 8X8 zirehli avtomobillərin ilk testləri həyata keçirilib. Habelə “ATAK-2” helikopteri, “Anka-3” “Bayraktar TB3”, “HÜRJET” kimi hərbi hava vasitələri də daxil olmaqla, bir çox layihənin təslimatı və ya ilk testləri olub.

Türk Aerokosmik Sənayesinin məhsullarının yerli və xarici istifadəçilərin inventarına daxil olması və əməliyyat şəraitində aktiv istifadə edilməsi onun beynəlxalq bazarda daha effektiv mövqe qazanmasına şərait yaradıb. Bundan əlavə, yeni layihələrin mühüm mərhələlərinin müsbət nəticələrlə başa çatması ilə yerli istehsalçı şirkətlər dünya miqyasında daha çox tanınmağa başlayıb. Milli döyüş təyyarəsi “KAAN”-ın ilk nümayişi, HÜRKUŞ təlim və tapşırıq təyyarələri, ANKA və AKSUNGUR pilotsuz uçuş sistemləri, təkmilləşdirilmiş yerli PUA və helikopterlərin ilk uğurlu uçuşu kimi mühüm irəliləyişlər dünya bazarının diqqətini çəkib. Texnoloji inkişaflara paralel olaraq məhsul müxtəlifliyinin artırılması, müştəri təklifi əsasında dəyişikliklərin edilməsi və strateji tərəfdaşlıqların qurulması ixracın artmasına əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Orijinal məhsullarla yanaşı, modernləşdirmə imkanları, təklif olunan fərqli təlim proqramları, müştərilərlə sahə səfərlərinin artması, sınaq və qiymətləndirmə fəaliyyətləri, xarici universitetlərlə təcrübə mübadilələri, “Mühəndis İnkişaf Proqramı”nın xarici müştərilərə təklif olunması da Türkiyənin sahə üzrə uğuruna töhfə verib. Bu məhsulların Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, ixrac olunan ölkələrdə də aparılan əməliyyatlarda effektiv nəticə verməsi, Türkiyənin diplomatik və ticari baxımdan aktiv olduğu bölgələrdə əlaqələrinin dərinləşdirilməsi də ixracın artmasını şərtləndirən əsas amillərindəndir.

Eyni zamanda, ötən il Türkiyə ilə Afrika, Asiya Sakit Okean, Mərkəzi Asiya, Qafqaz, ABŞ və Avropa regionları ilə intensiv dövlətlərarası əlaqələr və müdafiə sənayesi sahəsində imzalanan sazişlərin sayı artıb. Qısa müddətdə hazırlanmış layihələrlə əldə edilən yeni imkanlar müxtəlif platformalara köçürülərək prototip mərhələsindən kütləvi istehsal və ixracata keçidin təməllərini atıb. Bütün bunlarla yanaşı, Türkiyənin Aerokosmik Sənayesi son zamanlar insan resurslarına və texnoloji infrastruktura qoyduğu sərmayələr nəticəsində daha səlahiyyətli və effektiv istehsalçı şirkətə çevrilib.

Türkiyə müdafiə sənayesi üzrə son 10 ildə dünyanın müxtəlif coğrafiyalarında 170 ölkəyə 230 adda məhsul ixrac edib. Bununla yanaşı, ölkə aviasiya sənayesi üzrə dünyanın aparıcı istehsalçıları üçün təyyarə konstruksiyaları və avadanlıq hazırlayır, texniki və təmir xidmətləri göstərir.

Ölkənin müdafiə sənayesi bir çox yeniliklərin Türkiyənin yeni əsrinə hədiyyə olduğunu bildirib. Onlardan biri də dünyada ilk dəfə pilotsuz uçuş aparatından atılan qanadlı raketdir. “AKINCI” pilotsuz hücum uçuş aparatından atılan “ÇAKIR” raketi hədəfi tam dəqiqliklə vurur.

Ötən ilin yenilikləri arasında dünyanın ilk hərbi pilotsuz gəmisi, eyni zamanda, Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu”, “HÜRJET” hərbi təyyarəsi, “Bayraktar Kızılelma” reaktiv pilotsuz qırıcısı, “Bayraktar TB 3” zərbə PUA-sı, “ASELFLİR-500” elektro-optik bərpa, müşahidə və hədəf sistemi kimi müdafiə sənayesi məhsulları yer alıb.

Türkiyə müdafiə sənayesində yerli və milli layihələrin ən mühüm təməllərindən biri də ölkənin Hərbi Dəniz Qüvvələrinin irəli sürdüyü baxışdır. Dünyanın ilk SİHA və Türkiyənin ən böyük hərb gəmisi “TCG Anadolu”dan sonra Türkiyə Silahlı Qüvvələrinin ikinci ən böyük gəmisi “TCG Dərya” ilə yanaşı, sinfinin ilk gəmisi “TCG İstanbul”, “TCG Arif Ekmekçi” logistika dəstək gəmisi və “Marlin SİDA” insansız dəniz vasitəsinin yanvarın 19-da Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir.

Bütün bunlar ölkənin yerli gəmiqayırma sənayesinin və xüsusən də müdafiə sənayesinin nə qədər inkişaf etdiyinin göstəriciləridir.

Ümumiyyətlə tarixə baxsaq, Türkiyədə müdafiə sənayesi yaratmaq üçün ilk cəhdlərin Osmanlı İmperiyası dövrünə təsadüf etdiyini görərik. Lakin XVII əsrə qədər ölkədə güclü mövqeyə malik olan müdafiə sənayesi XVIII əsrdən etibarən Avropadakı texnoloji inkişaflardan kənarda qalır və I Dünya müharibəsindən sonra təsirini tamamilə itirir. Cümhuriyyətin ilk illərində ölkədə ciddi müdafiə sənayesi infrastrukturu yox idi. Daha sonralar sahə mərhələlərlə inkişaf etdirilir. Hazırda əsas dəstəkçisi Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) ilə geniş tədqiqat və inkişaf proqramına malik Türkiyə müdafiə sənayesi üzrə orijinal məhsullar istehsal etməklə yanaşı, bütün bu məhsulları dünya bazarına çıxara bilib. BMT-nin son rəqəmləri isə onu göstərir ki, Türkiyə dünyanın ən aparıcı kiçik silah ixracatçıları siyahısına daxildir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button