Türkiyə Prezidenti “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın rəhbərinə təqdim edib
İstanbulun Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib.
Polise.az xəbər verir ki, tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Mərasimdə ötən il ərzində Türkiyədən ən çox ixrac həyata keçirən ilk 10 şirkət mükafatlandırılıb.
Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) da mükafatçılar arasında yer alıb. TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, NEZ Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb. “STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar” kateqoriyası üzrə birinci olub.
Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib.
“STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar” kateqoriyası üzrə birincilik mükafatını isə SOCAR prezidentinə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat təqdim edib.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə verən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin bariz nümunəsidir.
Polise.az