Türkiyə XİN-dən Rusiya hərbçilərinin törətdiyi Buça qətliamı ilə bağlı bəyanat
Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərindəki qətliamla bağlı bəyanat yayıb.
Türkiyə XİN qətliamı sərt şəkildə pisləyib və Ukrayna xalqına dəstəyini ifadə edib:
“Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpendən mətbuatda əksini tapan qətliam görüntüləri insanlıq adına dəhşətli və kədərli haldır. Biz Ukrayna xalqının dərdinə şəriyik. Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbul edilə bilməz. Mövzunun müstəqil araşdırılması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir” – bəyanatda bildirilir.
Qeyd edək ki, martın 31-də Buça şəhəri Rusiya işğalından azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Buçadakı qətliamı genosid adlandırıb. ABŞ Prezidenti Bayden isə Buça qətliamının genosid yox, müharibə cinayəti olduğunu bildirib.



