Türkiyə yeni dünya düzəninin şərtlərini qlobal məkana diqtə edir

Ərdoğan-Putin siyasi dialoqu və rəsmi Ankaranın Ukrayna ilə diplomatik təmasları onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemi böyük sürətlə transformasiya olunmaqdadır… Və belə anlaşılır ki, Türkiyə tədricən, qlobal məkanda dağıdıcı böhran situasiyalarının nizamlanması üzrə prosesin tam mərkəzinə yerləşməyə başlayıb…
Yaxın Şərqdə hərbi böhran hazırda bütün dünyada əsas gündəmi ciddi şəkildə yükləyib. Ancaq Türkiyə dünyada sülhün və sabitliyin yenidən bərpa olunması baxımından, Yaxın Şərqdə baş verənlər qədər böyük əhəmiyyət daşıyan Ukrayna böhranını qlobal məkanın gündəminə qaytarmağa çalışır. Və bu, Türkiyənin qlobal məkanda yeni, həm də daha təsirli geopolitik iradə sahibinə çevrilməyə başladığını göstərir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara atdığı son addımlarla Ukrayna böhranının nizamlanması prosesində hazırda yeganə potensial vasitəçi statusunu qoruyub, saxladığını təsdiqləyir. Belə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan əvvəlcə Rusiya prezidenti Vladimir Putin ilə siyasi-diplomatik müzakirələr aparıb. Ardınca isə dərhal Ukrayna prezidenti Volodimir Zelenskini Türkiyədə qəbul edib. Bu isə əslində, daha geniş və mürəkkəb geopolitik prosesin tərkib hissəsi kimi diqqət çəkir.

Məsələ ondadır ki, rəsmi Ankaranın Ukrayna savaşının hər iki iştirakçısı ilə belə birbaşa təmaslar qurması yalnız regional siyasi-diplomatik aktivlik örnəyi deyil. Yəni, bunu həm də qlobal güc balansında baş verməkdə olan ciddi dəyişikliklərin real göstəricisi kimi də qiymətləndirmək mümkündür. Və Ərdoğan-Putin müzakirələrində əsas müzakirə mövzularından birinin də məhz Yaxın Şərqdə nəzarətdən çıxma həddinə çatan hərbi böhranın olması xüsusilə diqqəti çəkir.
Maraqlıdır ki, Türkiyə və Rusiya liderləri Yaxın Şərqdə hərbi eskalasiyanın davam edəcəyi təqdirdə, onun doğura biləcəyi neqativ qlobal nəticələrdən ciddi şəkildə narahatdırlar. Bu kontekstdə qlobal enerji təhlükəsizliyi xüsusilə böyük önəm daşıyır. Çünki Fars körfəzi regionunda dərinləşməkdə davam edən hərbi gərginlik qlobal enerji bazarlarında ciddi neqativ dalğalanmalara səbəb olmaqla yanaşı, həm də enerji ixracatçıları və tranzit ölkələr üçün də strateji risklər yaradır.
Ona görə də, rəsmi Ankaranın və Kremlin bir-birinə paralellik təşkil edən mövqelərində diqqət çəkən mühüm məqamlardan biri də enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqlardır. Bu baxımdan, xüsusilə də Qara dəniz akvatoriyasında qaz kəmərlərinə qarşı mümkün hücum ehtimalları Türkiyə və Rusiyanı daha sıx koordinasiyaya sövq edir. Bu isə onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız quru və hava məkanında deyil, həm də enerji və dəniz təhlükəsizliyi müstəvisində də yeni mərhələyə daxil olur.

Digər tərəfdən, Ərdoğan-Putin danışıqlarında əsas diqqət çəkən daha bir önəmli məqam Rusiya və Türkiyə arasında həm siyasi-diplomatik, həm də iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı razılaşmaların müzakirəsi olub. Bu, bir tərəfdən iki ölkə arasında qarşılıqlı asılılığın artdığını, digər tərəfdən isə Qərbin sanksiya siyasəti fonunda alternativ iqtisadi əməkdaşlıq modellərinin formalaşmaqda olduğunu göstərir.
Bütün bunlarla yanaşı, hər iki dövlət lideri Fars körfəzi regionunda atəşkəsin mümkün qədər tez bir zamanda təmin olunmasının vacibliyində də ortaq mövqeyə malikdir. Bu isə onu deməyə əsas verir ki, hazırda qlobal məkanda baş verənlərə paralel olaraq, Türkiyə və Rusiya regional böhranların idarə olunmasında ortaq maraqlar əsasında çıxış etməyə çalışır. Və bu baxımdan, hər iki tərəf hazırda müəyyən mənada, “stabilizasiya aktorları” rolunu bölüşməyə cəhd göstərir.
Digər tərəfdən, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dərhal İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüş keçirməsi rəsmi Ankaranın Rusiya ilə təmaslarının “pərdə arxası”nda daha fərqli gündəm maddələrinin ola biləcəyini düşünməyə də əsas verir. Hər halda, bu, Türkiyənin çox ehtiyatla balanslaşdırılmış xarici siyasət kursunun daha bir örnək manevri kimi qiymətləndirilə bilər. Belə ki, rəsmi Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edir. Və digər tərəfdən isə Türkiyə Rusiya ilə də strateji siyasi dialoqu davam etdirməkdə israrlı olduğunu biruzə verir.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə lideri Rusiya və Ukrayna prezidentlərinə Qara dənizdə mülki gəmilərə hərbi xarakterli hücumların regional sabitliyi pozduğunu xatırladıb. O, vurğulayıb ki, ticarət gəmiçiliyinin təhlükəsizliyinin risk altına qalması yolverilməzdir və dəniz nəqliyyat-kommunikasiya marşrutlarının bağlanması qlobal böhrana yol aça biləcək qədər həssas məsələdir. Çünki Qara dəniz yalnız regional deyil, həm də qlobal ticarət və ərzaq təhlükəsizliyi baxımından da taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır.
Ümumilikdəsə, bütün bunlar onu göstərir ki, Türkiyə getdikcə, qlobal məkanda daha çox geopolitik nizamlayıcı mərkəzə çevrilir. Rəsmi Ankara eyni vaxtda həm Rusiya, həm Ukrayna, həm də ABŞ və Qərb ilə əlaqələri balanslaşdıraraq, Türkiyəni əsas qlobal vasitəçi və regional güc mərkəzi kimi təsdiqləməyə çalışır. Və rəsmi Ankaranın bu strategiyası uğurlu olacağı təqdirdə, Türkiyə yalnız Ukrayna böhranında deyil, həm də Yaxın Şərqdəki hərbi gərginliklərin idarə olunmasında əsas açar aktorlardan birinə çevrilə bilər.
Bu baxımdan, Ərdoğan-Putin siyasi dialoqu və buna paralel olaraq, rəsmi Ankaranın Ukrayna ilə diplomatik təmasları onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemi böyük sürətlə transformasiya olunmaqdadır. Üstəlik, bu transformasiya prosesində regional güclərin rolu getdikcə, daha da artaraq, həlledici xarakter almağa başlayıb. Və belə anlaşılır ki, Türkiyə tədricən, qlobal məkanda dağıdıcı böhran situasiyalarının nizamlanması üzrə prosesin tam mərkəzinə yerləşməyə başlayıb.\Elçin XALİDBƏYLİ,Siyasi ekspert,”Yeni Müsavat” Media Qrupu\
Polise.az



