Türkiyədə yerli istehsal HHM sisteminin son sınaqları uğurlu olub
Türkiyədə “Hisar O+” yerli istehsal hava hücumundan müdafiə raket sisteminin son sınaqları uğurla başa çatıb.
Bu barədə ölkənin müdafiə sənayesi naziri İsmayıl Dəmir özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Nazir raket sisteminin ölkənin Silahlı Qüvvələrinin inventarına daxil olmazdan öncəki son atışında uzaq məsafədə yüksək sürətlə hərəkət edən hədəfi dəqiqliklə vurduğunu bəyan edib və müvafiq videonu bölüşüb.
Qeyd edək ki, “HİSAR O+” sistemi “Aselsan” və “Roketsan” şirkətləri tərəfindən hazırlanıb. Sistem 360 dərəcə üzrə eyni anda ən azı 9 hədəfi vura bilir. “HİSAR O+”un effektli vuruş məsafəsi 25 km-ə çatır. Hər cür hava şəraitində fəaliyyət göstərə bilən HHM sistemi döyüş təyyarələri, helikopterlər, hava-yer raketləri, qanadlı raketlər və silahlı/silahsız pilotsuz uçuş aparatlarına qarşı effektivdir.