“Türkiyədəki aksiyalar yalnız Əkrəm İmamoğlunun həbsinə etirazları ifadə etmir…”-EKSPERT

“İndi sual budur: Ərdoğan ölkədəki bu siyasi böhranın qarşısını almaq üçün hansısa kompromis addımlar atacaqmı?..”
“Yalnız lirənin kursunu sabit saxlamaq üçün Türkiyə Mərkəzi Bankı müxtəlif mənbələrin verdiyi rəqəmlərə əsasən 25-30 milyard dollar arası pul xərcləməli oldu. Lakin buna rəğmən yenə də lirə dəyərini əhəmiyyətli dərəcədə itirdi…”
“Bundan sonra Türkiyədə nə baş verəcək? Əslində baş verəcək bəzi məqamlar artıq görünməkdədir.  Əvvəla, iqtidar partiyası gördü ki, ölkədə ona qarşı ciddi etiraz var. Çünki Türkiyənin bütün böyük şəhərlərində davam edən aksiyalar yalnız Əkrəm İmamoğlunun həbsinə etirazları ifadə etmir. Bu həm də Ərdoğanın yürütdüyü daxili siyasətə etirazdır”.
Bunu Moderator.az əməkdaşının “Türkiyədə Əkrəm İmamoğlunun həbsi ilə bağlı son hadisə və proseslərin inkişafını necə görürsünüz” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Daxili siyasətin çox mühüm bir xətti Türkiyənin sosial-iqtisadi vəziyyətidir.  Bu vəziyyət isə Türkiyədə sözün gerçək mənasında ağırdır. Və bu hadisələr həmin vəziyyəti bir qədər də ağırlaşdırdı. Türkiyə faktiki olaraq iqtisadiyyatının 10 faizini itirmiş oldu. Yalnız lirənin kursunu sabit saxlamaq üçün Türkiyə Mərkəzi Bankı müxtəlif mənbələrin verdiyi rəqəmlərə əsasən 25-30 milyard dollar arası pul xərcləməli oldu. Lakin buna rəğmən yenə də lirə dəyərini əhəmiyyətli dərəcədə itirdi.  Bu da o deməkdir ki, ölkədə inflyasiya artdı. Bu da o deməkdir ki, həmin vəsaitlər əslində investorların ölkədən çıxardığı vəsaitlərdir. Yəni ölkədə qeyri-sabit siyasi vəziyyətin yaranması investorlara göstərdi ki, ölkəni tərk etmək lazımdır. Mən düşünürəm ki, hələlik bu barədə ətraflı məlumatlar olmasa da, bir sıra investorlar Türkiyəni tərk etməyə qərar veriblər. Yəni iqtisadi baxımdan vəziyyət bir qədər də dərinləşdi”, – deyə davamında analitik bildirib.
“Məsələyə sırf siyasi baxımdan yanaşdıqda, görünən odur ki, CHP tərəfdarları, yaxud AKP əleyhdarları etirazlarını hələ də davam etdirirlər. Və o da görünür ki, tərəflər geri çəkilmək fikrində deyillər. Bu, Türkiyədə siyasi böhrana gətirib çıxara bilər və əslində həmin böhran artıq başlayıbdır. Sadəcə insanlar  Rəcəb Tayyib Ərdoğanın 22 illik hakimiyyətindən bezibdir. Və onun öz rəqiblərinə qarşı qeyri-siyasi üsullarla mübarizəsi, onları qeyri-siyasi üsullarla sıradan çıxarması artıq Türkiyə cəmiyyətində qıcıq doğurur…
Bir daha deyirəm ki, Əkrəm İmamoğlunun terrorçularla əməkdaşlığı absurd ittihamdır. Və burada ən ciddi problem də bir zamanlar müəyyən qədər müstəqil olmuş istintaq və məhkəmə sisteminin tam sıradan çıxmağa doğru getməsidir. Bütün bunlar göstərir ki, Ərdoğan ölkəni istədiyi kimi idarə edir, Ərdoğan getdikcə avtoritarlaşır, hökumət getdikcə kriminallaşır. Bu hara aparır? Bu, Türkiyəni siyasi böhrana aparır. Və Türkiyədə siyasi böhranın baş verməsini istəyən xeyli regional və qlobal güclər var. İndi sual budur: Ərdoğan ölkədəki bu siyasi böhranın qarşısını almaq üçün hansısa kompromis addımlar atacaqmı? Xeyr, atmayacaq. Ərdoğanın belə bir vərdişi yoxdur. O, güzəşt üçün addımlar atmayacaq və deməli, mübarizə daha da kəskinləşəcək. Türkiyə cəmiyyəti bir qədər də qütbləşəcək, parçalanacaq və ölkə dərin siyasi böhrana qərq olacaqdır. Bu artıq qaçılmazdır. Və eyni zamanda bunların nəticəsində Türkiyə xarici siyasətdə əldə etdiyi uğurların müəyyən hissəsini itirməli və bununla barışmalı olacaq. Başqa yolu yoxdur. Mən belə görürəm olayların sonluğunu”, – ekspert diqqətə çatdırıb.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button