Türkiyədən Suriya ilə bağlı xəbərdarlıq: İcazə verilməyəcək

“Suriya administrasiyası ilə SDQ terror təşkilatı (PKK-nın qanadı) arasında razılaşma prosesi regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından diqqətlə izlənilir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün atılan bütün müsbət addımları dəstəkləməklə yanaşı, bu prosesin bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını nəzərə alan şəffaf, əhatəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayırıq. Suriyada vahid silahlı struktur olaraq yalnız Suriya ordusunun olması və SDQ terror təşkilatının Suriya ordusuna inteqrasiyası ilə bağlı mövqeyimiz dəyişməyib.
Prosesdə ləngimə və gecikmələr olsa belə, nəticə dəyişməyəcək. Bir daha xatırladaq ki, Suriya hökuməti ilə əməkdaşlıqda Suriyada mərkəzləşdirilməmiş və separatçı gündəmlərə icazə verilməyəcək”, – qurumun sözçüsü bildirib.
Polise.az