Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək
Ötən il Türkiyə ərazisində baş verən dağıdıcı yeraltı təkanlardan sonra bölgənin yenidən qurulması işləri davam edir. Zəlzələ zonasında daimi yaşayış evlərinin tikintisi mərhələli şəkildə başa çatdırılır.
Polise.az xəbər verir ki, bölgədə 300 min ev yenidən inşa olunur. Tikintisi başa çatan daha 30 min 697 mənzil sahiblərinə təqdim ediləcək.
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə püşkatma mərasimi keçiriləcək ki, bu yolla da mənzillərin sahibləri müəyyənləşəcək.
Əsrin fəlakəti adlandırılan 6 fevral zəlzələlərindən sonra indiyədək inşası tamamlanan 46 min mənzil sahiblərinə təqdim olunub.
Xatırladaq ki, Azərbaycan hazırda zəlzələdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Ölkəmiz tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzindən ibarət olacaq. Yaşayış məhəlləsində 1323 mənzilli 71 yaşayış binası inşa ediləcək. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq.
Polise.az