TÜRKİYƏ TƏYYARƏSİNİN QƏZAYA UĞRAMA SƏBƏBLƏRİ – İki saata yaxın Gəncədə gözləyib və…

Məlum olduğu kimi, dünən Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi Azərbaycandan Türkiyəyə uçarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 20 türk hərbçi şəhid olub.
Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.
Azərbaycan öz qardaşlıq borcuna sadiq qalaraq baş vermiş qəzaya olduqca həssas yanaşır, bununla bağlı qarşıya çıxan məsələlərin həllinə hərtərəfli dəstək göstərir.
Hazırda sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Təəssüf ki, rəsmi rəy olmadan hətta qeyri-real konspiroloji versiyalar irəli sürənlər də var.
Qəzanın səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, ən çox müzakirə olunan variant təyyarənin texniki durumu və yaşıdır.
Təyyarənin göyərtəsində hərbi paradda iştirak edən F-16 qırıcı təyyarələrinə xidmət göstərən texniki heyət olub. Onlar bütün standart təhlükəsizlik prosedurlarını yerinə yetiriblər və yalnız bundan sonra təyyarəyə miniblər.Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Təyyarədə F-16 üçün mexaniki ehtiyat hissələri daşınıb. Mövcud məlumata görə, təyyarənin göyərtəsində partlayıcı maddə olmayıb.
Bundan əlavə, təyyarənin qalıqlarının ilkin müayinəsi zamanı da heç bir xarici zərbə əlamətləri aşkar edilməyib. Müqayisə üçün, AZAL-ın sərnişin təyyarəsi Qroznı üzərində vurulandan sonra qəza yerində təyyarənin göyərtəsinin qəlpələrlə zədələnməsi dərhal görünürdü. Türkiyə hərbi təyyarəsində belə əlamətlərin görünmədiyi bildirilir ki, bu da qəzanın texniki səbəblə bağlı olması ehtimalını artırır.
İlkin olaraq, qəzanın iki mümkün səbəbi nəzərdən keçirilə bilər.
Birinci mümkün səbəb təyyarənin yaşı ilə bağlıdır. C-130 təyyarəsi uzun müddət xidmətdə olub və 5 il əvvəl – 2020-ci ildə əsaslı təmirdən keçib. Mütəxəssislərin fikrincə, korroziya örtük elementlərinin və ya struktur komponentlərinin məhv olmasına səbəb ola bilərdi, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Bu hallara sözügedən təyyarələrlə bağlı artıq beynəlxalq səviyyədə rast gəlinib. 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.. C-130 təyyarələri 60 ildən çoxdur ki, xidmətdədir və geniş sayda mülki və hərbi variantlara malikdir. İllər ərzində dünya miqyasında onlarla bağlı bir sıra ciddi hadisələr qeydə alınıb.
Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir.
Vacib olan məsələlərdən biri odur ki, “qara qutu”ların axtarışı mürəkkəb olmayacaq. Belə ki, təyyarə dağlıq və ya meşəlik ərazidə deyil, düz ərazidə qəzaya uğrayıb. Bu o deməkdir ki, dəqiq uçuş məlumatları və ekipajın səsli rabitəsi tezliklə əldə edilə bilər.
Qeyd edək ki, qəzanın istintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır. Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə əvvəldən tam dəstək verib. Səbəbin nə olmasından asılı olmayaraq, qəzada Şəhid olan hərbçilərə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı veririk.
Polise.az


