“Üç milyon vətəndaşa 1,4 milyard manat ödəniləcək” – Sahil Babayev
“Prezident İlham Əliyev dekabrın 23-də beşinci sosial islahat paketini təsdiqlədi. Bu islahat paketi 3 milyon insanımızı əhatə edəcək və onlara hər il təqribən 1,4 milyard manat dövlət vəsaitinin ödənilməsinə imkan yaradacaq”.
Polise.az xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, 2019-2024- cü illərdə reallaşdırılan dördüncü sosial islahat paketi 4 milyondan çox vətəndaşı əhatə edib və dövlət vəsaiti hesabına əlavə olaraq 7 milyard manatın illik əsasda insanlara ödənilməsinə imkan verib.
“Minimum əməkhaqqını 2,7 dəfə, orta aylıq əməkhaqqını 80 faizdən çox artırdıq. 600 mindən çox insanın yeni əmək müqaviləsi imzalamasına nail ola bildik.
Pensiyaçılarımızın minimum pensiyalarını 2,6 dəfə artırmağa nail olduq. Orta aylıq pensiyalarımız 2,4 dəfə artıb. 2019-cu ildə orta aylıq pensiya 200 manatın bir az üzərində idisə, cari ildə yaşa görə orta pensiyamız 527 manata çatıb. Sosial müavinət və təqaüd ödənişlərimizi 5 dəfə artırdıq. 2019-cu ildə bu istiqamətdə 400 milyon manat vəsait ödənilirdi, bu il isə bu rəqəm 2 milyarda yaxınlaşır”, – nazir deyib.
Polise.az