Üç paytaxtın sifarişi… – İrəvan buna görə İSRAR EDİR
Vaşinqton, Paris və Brüsselə dinc şəraitdə olan Cənubi Qafqaz lazım deyil; deputat: “Bu şərtlərdə razılaşma olmayacaq və Ermənistan növbəti eskalasiyaya gedərsə…”
Ermənistan rəsmiləri son günlər davamlı olaraq Azərbaycanla “yarımçıq sülh” imzalaması təklifləri irəli sürür. Son olaraq Ermənistan prezidenti Vahaqn Xaçatryan da “Röyters”ə deyib ki, yaxın dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir. Ermənistan prezidentinin sözlərinə görə, İrəvan artıq Bakı ilə razılaşdırılmış 16 maddəni Azərbaycan paytaxtında noyabrın 11-22-də keçiriləcək BMT iqlim konfransınadək imzalamaq istərdi:
“Bizə qalsaydı, biz bunu elə indi, bu gün imzalardıq. Amma biz ümid edirik ki, gec-tez həmin məqama çatacağıq”. “Reuters” yazır ki, razılaşdırılmış maddələr diplomatik münasibətlərin qurulması üçün beynəlxalq aləmdə tanınan əsas prinsipləri ehtiva edir. Agentlik onu da vurğulayır ki, Xaçatryanın vəzifəsi mərasim xarakteri daşısa da, o, baş nazir Nikol Paşinyanın siyasi müttəfiqidir.
Bəllidir ki, sülh müqaviləsinin 19 bəndindən 16-sı razılaşdırılıb, 3-ü qalır. Ermənistan sənədi həmin 3 bənd olmadan imzalamağı təklif edir, Azərbaycan bundan imtina edir. Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Təxmin edilir ki, söhbət Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüquqi aktlarının dəyişdirilməsi, sərhədin delimitasiyasının və kommunikasiyaların açılmasının hansı prinsiplərlə müəyyən edilməsidir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir, Paşinyan bunu 2027-ci ilə qədər edəcəyini söyləyir. Aydındır ki, Paşinyan hökuməti indiki halda bu dəyişikliyi edə bilmir, çünki referendum uğursuzluğa düçar olacaq və hakimiyyətin onsuz da kövrək mövqeləri daha da zəifləyəcək. Ortaya haqlı olaraq bu sual çıxır ki, üzərində razılaşma olmayan o 3 bənd layihəyə daxil edilib, əgər Ermənistan əvvəldən bunun əleyhinə idisə, niyə onların layihəyə daxil edilməsinə razılıq verib?
Azərbaycan “yarımçıq sülh”lə Ermənistanın mövqeyinin güclənməsinə imkan vermək niyyətində deyil. Bundan başqa, bəzi Qərb dövlətləri də Ermənistanla sülhün imzalanmasına əngəl yaradır. Rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, Vaşinqton, Paris və Brüsselə sakit, dinc vəziyyətdə, sülh şəraitində olan Cənubi Qafqaz lazım deyil: “Onlar Azərbaycana təsir rıçaqlarına malik olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ümumi götürsək, Ermənistan gücləndirilir və bu, yalnız bir məqsəd – Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq üçün edilir”.
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, sülh prosesi ilə bağı məsələyə səthi yanaşsaq, Ermənistanın bunu istədiyi görünə bilər: “Ermənistanın siyasi rəhbərliyi tez-tez Fransaya səfər edir və elə görünür ki, Paris də sülh istəyindədir. Hətta günü, tarixi deməyə başlayıblar. Amma Paşinyanın bu çıxışları obıvatel üçün nəzərdə tutulub və Ermənistan haqda “sülh göyərçini” təəssüratı yaratmağa hesablanıb”. E.Nəsirov bildirdi ki, dərinə baxdıqda isə “xoruzun quyruğu” görünməkdədir. “Azərbaycanın qətiyyəti və tələbləri Ermənistana aydındır. İrəvan Bakının tələbini yerinə yetirərək qanunvericilik aktlarına dəyişiklik etmir, amma sülhdən danışır. Paşinyan bir neçə gün qabaq da Parisdə oldu, Makronla qucaqlaşma görüntüləri yayıldı. Bəlkə də elə bu görüş zamanı Fransa lideri onun qulağına pıçıldadı ki, sülh sazişini imzalama, amma hansı platformada oldusa sülhdən danış. Bəs sülh sənədinin 20 faizi necə olsun? Bunu gələcəyə və gələcək nəsillərə niyə saxlayırsınız?”, – deyə deputat ritorik sual verdi.
E.Nəsirov açıqladı ki, elə bu səbəbdən də Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı Bakının çağırışlarına dəstək vermir: “Hansı sülhdən danışırsınız ki, erməni iqtidarı ilə müxalifəti əl-ələ verib revanşizm əhval-ruhiyyəsini gücləndirirlər. Paşinyan öncədən bilir ki, bu şərtlər çərçivəsində Azərbaycan sülh müqaviləsi imzalamayacaq, amma yenə də dediyini deyir”. E.Nəsirov onu da vurğuladı ki, Azərbaycana yarımçıq sülh lazım deyil və gələcək uşaqlara o problemi saxlamaq olmaz: “Bizim taleyimizə bu problem düşmüşdü, Azərbaycanın Ali Baş Komandanı və Ordumuz işğal problemini həll etdi, indi də sülh sənədini imzalamaq qalır. Bu şərtlərdə isə razılaşmayacağıq və sülh ən çox elə Ermənistana lazımdır. Əgər qarşıdakı dövrdə sülhdən yayınan, tələbləri yerinə yetirməyən, silahlanan Ermənistan növbəti bir eskalasiyaya gedərsə, bütün məsuliyyət İrəvanın, onun havadarlarının və xüsusən də Fransanın üzərinə düşəcək”.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə hesab edir ki, ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında mövcud mətnin 13 bəndi üzrə müqavilə imzalanması üçün Nikol Paşinyana təlimat verib: “Cozef Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında yarımçıq sülh müqaviləsinin bağlanmasını ona görə tələsik istəyir ki, daxildə seçki öncəsi reytinqini yüksəltsin.
Yarımçıq sülh mətni ABŞ administrasiyasının və Paşinyanın siyasi maraqlarına cavab verir. Hər iki hökumət daxildə siyasi reytinqləri kifayət qədər yüksəltməyi planlayır. Prezident İlham Əliyev isə hər iki hökumətin bu oyununu obyektiv olaraq pozur. Yarımçıq mətn imzalanarsa, Paşinyan da göstərəcək ki, sülh əldə etdik. Təbii ki, yekun sülh müqaviləsi olmayacaq. Perspektivdə İrəvanın yenidən manipulyasiyalara əl atmasına təminat yoxdur”.
M.Əsədullazadə açıqladı ki, ona görə də Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını üstün tutaraq regionda dayanıqlı sülhün əldə edilməsi üçün yekun sülh müqaviləsinin bağlanmasını şərt kimi irəli sürür: “ABŞ və Ermənistan rəhbərliyi isə öz siyasi maraqları üçün yarımçıq sülh müqaviləsini ortaya atıblar. Prezident MDB sammiti çərçivəsində Paşinyandan fərqli olaraq, rus jurnalistin “sülh müqaviləsi bu il bağlana bilər” sualına bədən hərəkəti ilə “bilmirəm” dedi. Doğru olan budur! Azərbaycana yekun sülh müqaviləsi lazımdır”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Polise.az