UEFA Rusiya millisi və klublarını növbəti mövsüm yarışlarından kənarlaşdırdı
UEFA Rusiya milli komandalarının beynəlxalq turnirlərdə iştirakının dayandırılması müddətini uzadıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, Rusiyanın kişilərdən ibarət komandası Millətlər Liqasında iştirak etməyəcək və avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq.
Qadınlardan ibarət milli komanda Avro-2022-yə qatılmayacaq və onu Portuqaliya əvəz edəcək. Həmçinin, komanda DÇ-2023-ün qalan oyunlarında da iştirak edə bilməyəcək və onun əvvəlki nəticələri ləğv ediləcək.
Bununla yanaşı, Rusiyanın gənclərdən ibarət yığması Avro-2023-ün seçmə mərhələsində iştirakdan kənarlaşdırılacaq və əvvəlki nəticələri ləğv ediləcək.
UEFA Rusiya klublarının beynəlxalq yarışlarda iştirakına da qadağa qoyub.
Rusiya klubları avrokubok turnirlərindən kənarlaşdırılıb. RPL komandaları 2022/23 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamayacaq.
Həmçinin, yeni mövsümdə Rusiya futzal klubları da UEFA-nın himayəsi altında keçirilən turnirlərdə çıxış etməyəcək.
Avropa futbol qurumu Rusiya Futbol İttifaqının 2028 və 2032-ci illərdə Avropa çempionatının keçirilməsi ilə bağlı müraciətini də qiymətləndirib və onları qəbuledilməz adlandırıb.



