Ukrayna bu razılaşmaya məcbur edilsə, Putin arzusuna çatacaq!
ABŞ Prezidenti Donald Trampın sərt danışıqlar taktikasına baxmayaraq, Ukrayna üçün sülh razılaşmasının əldə edilməsi yaxınlaşır.
“AzPolitika” xəbər verir ki, “Washington Post” qəzetində dərc edilən yeni məqalədə belə deyilir.
Nəşr öz mənbələrinə istinadla iddia edib ki, Ağ Ev tərəfləri yekun razılaşmaya yaxınlaşdırmaq üzrədir. Qəzet ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla qeyd edir ki, danışıqlar paketinə üç sənəd daxildir:“Sülh müqaviləsi, təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa planı. Finlandiya Prezidenti Aleksandr Stubb yenilənmiş ABŞ planının 20 bəndə qədər qısaldıldığını açıqladı; 10 dekabrda Ukrayna və Avropa rəsmiləri düzəlişlər paketi təqdim edəcəklər.
ABŞ və Ukrayna rəsmiləri aşağıdakı müddəaların müzakirə olunduğunu bildiriblər: Macarıstan da daxil olmaqla bəzi ölkələrin müqavimətinə baxmayaraq, Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulması; Vaşinqton bu müqaviməti dəf edə biləcəyinə əmindir. Həmçinin müzakirə olunan digər məsələ NATO-nun kollektiv müdafiəsinə bənzər, ABŞ Konqresi tərəfindən təsdiqlənməli və Avropa ölkələrindən də ayrı bir təminat razılaşması tələb edən ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləridir. Hazırda ABŞ-Ukrayna işçi qrupu kəşfiyyat paylaşımı da daxil olmaqla, Rusiyanın mümkün pozuntularına cavab vermək mexanizmlərini araşdırır”.

Nəşr yazır ki, ayrıca olaraq, Ukraynanın suverenliyinin Rusiyanın mövqeyindən asılı olmaması prinsipi müzakirə olunur: “Bu kontekstdə Ukrayna ordusunun 800.000 əsgərlə məhdudlaşdırılması qeyd olunur ki, bu da Kiyevin etiraz etdiyi maddələrdən biridir. Danışıqlarda həmçinin, Donbasdan Xersona qədər təmas xətti boyunca silahsızlaşdırılmış zonanın, eləcə də gücləndirilmiş monitorinqlə ağır silahlardan azad dərinliklərə qədər uzanan zonanın yaradılması nəzərdən keçirilir”.
Qəzet qeyd edir ki, ərazi məsələləri danışıqların əsas elementi olaraq qalır: “ABŞ “ərazi mübadiləsini” qaçılmaz hesab edir və Ukraynanın növbəti altı ay ərzində Donbasın bir hissəsini itirə biləcəyini iddia edir. Kiyev isə ərazi güzəşti etmək üçün qanunla nəzərdə tutulmuş hüququnun olmadığını vurğulayır. Müzakirə olunan variantlar arasında Koreya ssenarisi də var. Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-nin nəzarətinə verilməsi nəzərdən keçirilir”.
Qeyd olunur ki, iqtisadi bloka Avropadakı dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 100 milyard dollar ayırmaq təklifi daxildir: “Bu məbləğin artırılması ehtimalı da var. Vaşinqton 400 milyard dollar cəlb etmək üçün Ukrayna İnkişaf Fondunun yaradılması planını yenidən nəzərdən keçirmək üçün BlackRock-un baş direktoru Larri Fink ilə danışıqlar aparır. Dünya Bankı prosesə cəlb olunacaq. Ağ Evin məlumatına görə, Tramp Rusiya üçün də oxşar investisiya təşəbbüslərində maraqlıdır”.

Bununla yanaşı, nəşrin tanınmış yazarı Devid İqnatius xəbərdarlıq edir ki, Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Avropa müttəfiqlərinə həddindən artıq təzyiqi danışıqları poza bilər. Vəziyyət Vaşinqtonun Avropadakı təhlükəsizlik öhdəliklərindən geri çəkilməsini nəzərdə tutan yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası ilə daha da mürəkkəbləşir.
Göründüyü kimi, müzakirələrin yeni detalları sızdırıldıqca, danışıqlar ətrafında müəyyən aydınlıq formalaşır. Lakin ərazi güzəşti məsələsi əsas problem olaraq qalır və Kiyevin qanunla ərazi güzəştinə gedə bilməyəcəyini yaxşı bilən Kremlin məhz bu məsələdə israr etməsi də Rusiyanın sülhdə maraqlı olmadığının əsas elementi sayıla bilər.
C.Məmmədli
“AzPolitika.info”



