Ukrayna müharibədə qalib gələ biləcəkmi?
Nəticənin nə olacağını demək çətindir, amma təəssüf ki, çox qan töküləcək…
Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinin postsovet məkanında yeni reallıqlar yaradacağı gözlənilən idi.
Söhbət əlbəttə ki, ərazi münaqişələrinə təsirdən gedir. Bu münaqişələrin sayı üçdür-qonşu Gürcüstanda, Ukraynada və Moldovada illərdir ki, həll edilməmiş ərazi münaqişələri var.
Qarabağdan sonra bu münaqişələrin ən “yaşlısı” 1989-cı ildə başlayan və 1990-cı ilin 2 sentyabrında Moldovadan öz müstəqilliyini elan etmiş “Dnestryanı Respublika”dır. Region kifayət qədər mürəkkəbdir, Rumıniya, Rusiya, hətta zamanında Osmanlı imperiyasının tərkibində olması və qaqauzların da kompakt yaşaması səbəbindən Türkiyənin də maraq dairəsində olub. Münaqişənin ən aktiv fazası 1991-ci ilin martından 1992-ci ilin avqustunadək davam edib.
Həmin il Moskvanın hərbi müdaxiləsi onunla nəticələndi ki, Moldova Dnestryanıda Rusiya qoşunlarının “sülhməramlı” adı altında saxlanılmasına razılıq verməyə məcbur edildi. Elə o zamandan da bu konflikt “konservləşdirilib”.
Moldovada hakimiyyət dəyişikliyindən sonra yeni prezident Maya Sandu Rusiya sülhməramlılarının regiondan çıxarılmasının mümkünlüyü barədə tez-tez danışır, amma aydındır ki, Avropa İttifaqı ilə münasibətlərinə baxmayaraq, ölkənin iqtisadiyyatı çox zəifdir və dövlət borcu da ÜDM bir neçə dəfə üstələyir.
Gürcüstan-Abxaziya münaqişəsi Moldovadan fərqli olaraq, bir neçə dəfə aktiv müharibə fazasında olub və xeyli insan itkisi ilə nəticələnib. 1992, 1994, 1998 və son olaraq 2008-ci ildə Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya arasında qanlı döyüşlər olub. Gürcüstanın muxtar respublikalara nəzarəti bərpa etmək cəhdləri həmişə uğursuz nəticələnib və əsas səbəb əlbəttə ki, Rusiyanın sərhədi olan separatçı bölgələrə hərbi dəstəyidir. Osetiya ilə münaqişənin silahlı mərhələsi 24 iyun 1992-ci ildə Soçidə atəşkəs haqqında razılıq əldə olunana qədər davam etdi. Danışıqlarda Gürcüstan, Şimali və Cənubi Osetiya və Rusiya nümayəndələri iştirak etdilər.
Həmin sazişin şərtlərinə əsasən, tərəflər atəşi dayandırdılar. 1994-cü ildə gürcü-osetin münaqişəsində fəaliyyət göstərən sülhməramlıların əsasnaməsi təsdiqləndi. Qarışıq qüvvələrin komandanı Rusiya oldu. Qərbyönümlü Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi ilə Cənubi Osetiya və Abxaziya sakinlərinə Rusiya pasportları verilməsi sürətləndi.
Qərbin dəstəyini hiss edən Gürcüstan prezidenti 31 may 2004-cü ildə osetin-gürcü münaqişə zonasına daxili qoşun birləşmələrini göndərdi. Rusiyadan əsas hərbi dəstək gələn Transqafqaz yolunun yaxınlığında gürcü hərbi birləşmələri bir kəndi tutdular. Lakin gürcülər bu irəliləyişlərini davam etdirə bilmədilər. ATƏT və Rusiyanın təzyiqləri nəticəsində gürcülər öz qoşunlarını Cənubi Osetiya yaxınlığından geri çəkdilər.
2008-ci ilin 10 avqustunda münaqişə zonasında Rusiya sülhməramlılarının olmasına baxmayaraq, Tiflis Abxaziyaya hücum etdi və Rusiya münaqişəyə bu dəfə tərəf kimi qatıldı, rus ordusu komandanlığı Saakaşvilini cəzalandırmaq üçün Tiflisədək gedəcəyini bəyan etdi. Qərbin araçılığı ilə Rusiya bu planı həyata keçirə bilmədi, gürcü qoşunları isə tamamilə Abxaziyadan qovuldu.
2008-ci ilin avqustunda isə Moskva həm Cənubi Osetiyanı, həm də Abxaziyanı “müstəqil dövlət” olaraq tanıdı. Bu addıma cavab olaraq, Gürcüstan hökuməti ölkənin Rusiya ilə bütün diplomatik əlaqələrini kəsdi və Müstəqil Dövlətlər Birliyini tərk etdi.
Ukraynada isə ərazi münaqişəsi “ən cavanıdır”. 2014-cü ildə baş vermiş “Maydan” hərəkatının ardınca, rusyönümlü qruplaşmaların Donetsk və Luqansk vilayətlərində etirazları başladı. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya tərəfindən anneksiya olundu, separatçılıq Ukraynanın cənub və şərq hissələrinə də yayıldı. Rusiyanın dəstəklədiyi Donetsk və Luqanskda “müstəqillik” iddiasında olan separatçı qüvvələrlə Ukrayna hökuməti arasında silahlı münaqişələr Kiyevin bu bölgəyə nəzarəti itirilməsi ilə nəticələndi.
Moldova və Gürcüstanın hazırda münaqişəni öz xeyrinə həll etmək kimi şansı ya yoxdur, ya da bu indilikdə mümkünsüz kimi görünür. Rusiya postsovet məkanındakı bütün münaqişələrdə əsas oyunçu olsa da, bəxtimizdən Qarabağa ərazi baxımdan çox uzaqda yerləşirdi (indi sülhməramlılarının Qarabağda olması başqa mövzudur). Ukrayna və Gürcüstanın münaqişə bölgələri isə Rusiya sərhəddindədir. Aydındır ki, silahını yağlayıb, qollarını çirmələyib ərazi bötövlüyünü bərpa etmək istəyənlər qarşılarında gec-tez Rusiyanı görməlidirlər. Moskva Ukraynada bunu arzulamır, amma “sümük bıçağa” dirənəndə Rusiyanın “tormoz”a basması da çətin olur.
Gürcüstan pis anlaşılmasın, indilikdə ərazi itkisi ilə barışmış kimi görünür, amma Ukrayna əksinə, ancaq torpaqlarının geri qaytarılması üçün çalışır və həm diplomatik, həm hərbi cəhətdən Rusiyanın qarşısında dayanmağı gözaltına alır.
Krımın bir güllə atmadan itirilməsi əlbəttə ki, Ukrayna hakimiyyətinin başısoyuq siyasətinin nəticəsi idi ki, bir referendumla yarımada, Sevastopol da daxil Rusiyanın ərazisinə birləşdirildi. Hakimiyyətin, ordu rəhbərliyinin, iqtisadiyyatın illərlə Rusiyanın adamlarının nəzarətində olması ölkəni geridönməz proseslərə soxdu. “Maydan” hərəkatı isə Rusiya ilə ağrılı və qanlı qırılma nöqtəsi oldu ki, Moskva Krımla kifayətlənmədi, Ukrayna ilə həmsərhəd ərazilərdə separatçı bölgələr yaratdı.
Rusiya bu separatizmin məsuliyyətini əlbəttə ki, üzərinə götürmür. Əksəriyyət təşkil edən rusdilli əhalinin təhlükəsizliyini və maraqlarını qoruduğunu, sonadək də qoruyacağını deyir. Amma həm Qərb, həm Ukrayna Rusiyanın bu münaqişədə aktiv iştirakçı olduğunu bilir və bunu danmaq mümkün də deyil.
2014-cü ildən bəri Ukrayna əlbəttə ki, Qərbin ciddi dəstəyi ilə ərazilərinin geri qaytarılması işində ardıcıl mübarizə aparır və ərazi itkisi ilə barışmayacağını bildirir. Bunun üçün isə NATO və Qərb müttəfiqlərinin köməyi ilə ordu quruculuğunu gücləndirib. Rusiyanın güclü hərbi sənayesi və ordusu qarşısında(son hesabata görə, dünyanın ikinci ən güclü ordusudur)duruş gətirmək çətindir, amma Ukrayna bu çətinliyi gözə almış kimi görünür.
Separatçı bölgə rəsmi bilgilərə görə, guya milis qüvvələri və könüllülər tərəfindən müdafiə olunur, amma bu əldəqayırma “ordunun” Ukraynanın qarşısında dayanmaq gücü yoxdur. Hətta ermənilərdən də qat-qat zəifdirlər. Amma gözlənilən müharibə haqda danışanda vaxtilə ermənilər bizi hədələdiyi kimi “Bakıyadak gələrik” sayaq yekəbaş açıqlamalar verirlər, Donbası tam nəzarətə alacaqlarını deyirlər. “Nəylə Alış” sualı burda da keçərlidir, amma “Arxalı köpək qurd basar”. Separatçıların Rusiyaya arxayın olduqları, Ukraynanın isə Qərbə arxalandığı aydındır.
Qarabağ müharibəsində bizə açıq dəstək verən ölkələr oldu, amma Ukraynanın Sem “dayıları” daha çox və güclüdürlər. Güc amili burada həlledici ola bilər, amma Rusiyanın tutacağı mövqe daha həlledicidir. Rusiya Ukrayna ilə açıq müharibəyə girmək istəmir, amma onun arxasında boylanan Qərbin qarşısından qaçmaq fikrində də deyil.
Azərbaycan Qarabağ müharibəsinə ciddi hazırlaşmışdı, diplomatik hücumda Ermənistanı tam tərk-silah etmişdi, döyüş meydanında isə faktiki qarşı-qarşıya dayanmış iki dövlət (Azərbaycan, Ermənistan) vardı. Ukrayna müharibəsi isə belə olmayacaq. Rusiya Ukraynanın arxasına aldığı dövlətlərlə də gücünü sınamalı olacaq.
Nəticənin nə olacağını demək çətindir, amma təəssüf ki, çox qan töküləcək…