“Ukrayna müharibəsi dünyanı dəyişəcək” – “İlham Əliyev Rusiya ilə münasibətlərdə beyin işlədir…”

Elçin Şıxlı:“Azərbaycanın Ukrayna siyasəti reallığa tam uyğundur”

“Avropa rus qazını və neftini almağı dayandırsa, Rusiya çökəcək”

“İran müharibə zamanı da bizə mane olmuşdu, Xudafərin elektrik stansiyasında İran əsgərləri bizimkilərin qarşısına çıxmış, onları ləngitmişdi”

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində təşkil edilən konfransda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, eləcədə bu ölkənin öz ərazilərinin ilhaqı ilə barışmasının mümkünsüzlüyü barədə dedikləri xüsusi maraqla qarşılanıb.

“AzPolitika.info” Azərbaycanın Ukrayna siyasəti mövzusunu analitik Elçin Şıxlı ilə müzakirə edib:

– Elçin müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetindəki konfransda Ukrayna mövzusunda söylədiyi fikirlərin əks-sədası hələ də davam edir. Bu çıxış zamanı Ukraynanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi. Bu kontekstdə Azərbaycanın hazırkı Ukrayna siyasətini necə şərh edərdiniz?

– Bu saat dünyada böyük geosiyasi və geostrateji mübarizə gedir. Bunun nəticəsində Ukrayna müharibəsinin necə bitməsindən asılı olmayaraq dünyada qüvvələr nisbəti dəyişəcək. Bunun necə dəyişəcəyi başqa mövzudur.

Azərbaycanın siyasətinə gəldikdə, emosional olaraq bəzi məqamlar var ki, onu deyə bilərik. Məsələn, açıq deyərik ki, Rusiya qəsbkardır, işğalçıdır və s. Əslində bu, elə belə də var. Amma söhbət Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi söylədiklərindən gedir. Prezident bildirdi ki, bizim Rusiya ilə münasibətlərimiz yüksək səviyyədədir, Ukrayna ilə də əlaqələr yaxşıdır, biz onlarla münasibətlərimizi yüksək səviyyədə saxlamalıyıq. Bu ilin fevralında Rusiya və Azərbaycan arasında Moskvada müttəfiqlik bəyannaməsi imzalandı. Bu, iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı idi. İki gündən sonra Ukrayna müharibəsi başladı. Bir çox hallarda biz əhali olaraq həmin bəyannaməni hissə qapılaraq pis qarşıladıq, düşündük ki, gərək bunu imzalamayaydıq. Əvvəla, nəzərə almaq lazımdır ki, bu, bəyannamədir, hüquqi sənəd deyil, istəklərin uyğunlaşdırılmasıdır. Amma bir qədər səbr etdikdən sonra mən anlayıram ki, başqa cür etmək də mümkün deyildi, Prezident Əliyev doğru edib.

Prezident ADA-dakı çıxışı zamanı dedi ki, hər iki ölkə ilə münsibətlərimiz yaxşıdır, amma biz Ukraynanın, ümumiyyətlə bütün ölkələrin ərazi bütövlüyünün qorunmasının tərəfdarıyıq. O cümlədən biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bundan sonra da tanıyacağıq. Misallar da gətirilir – Şimali Kipr Türk Respublikası. Bizim qardaşlarımızdır, amma onları rəsmən dövlət kimi tanımamışıq. Çünki bizim özümüzün ərazi problemimiz var. Eləcədə Kosova hələlik BMT tərəfindən müstəqil dövlət kimi tanınmadığından, biz də rəsmi olaraq tanımamışıq. Ancaq eyni zamanda da Krımın anneksiyasını tanımırıq. Yəni mövqe düzgün olmalıdır.

ADA-da çıxışı zamanı Prezident Əliyev qeyd etdi ki, neçə illərdir siyasətin içindədir və belə qərara gəlib ki, ölkənin torpaqlarının ilhaqı ilə heç vaxt barışmaq olmaz. Bu, Ukraynaya çox yaxşı tövsiyyə idi. Eləcədə bildirdi ki, beynəlxalq qurumlara o qədər də bel bağlamayın. Çünki biz 30 ildən artıq Rusiya ilə müqayisədə heç nə olan Ermənistana BMT qətnamələrinin təsiri olmadığını görmüşük. Prezident açıq dedi ki, öz resursuna güvənməlisən. Yəni sabah sənə həyan ola bilərlər, lakin sənin yerinə ölkən üçün nə vuruşan, nə də onu inkişaf etdirən olacaq. Prezident bu məsələləri incə və diplomatik şəkildə bildirdi. Hər kəs də payına düşəni götürdü.

– Bəzi analitiklər ehtimal edir ki, Azərbaycanın xarici siyasətində hansısa dəyişiklik baş verə, ciddi qərarlar qəbul oluna bilər. Siz bu yanaşmaları nə dərəcədə əsaslı sayırsınız?

– Yox, belə bir dəyişiklik yoxdur. Prezidentin çıxışında bəzi məqamlar onu göstərir ki, biz hər şeyi başa düşürük və ancaq özümüzə güvənirik. Əgər vektor dəyişikliyi olacaqsa, biz gerçəkliklərə əsaslanaraq bunu edəcəyik. Yəni durduğumuz yerdə atlanıb-düşməyəcəyik, emosional qərarlar ümumiyyətlə olmayacaq. Prezident bundan əvvəlki çıxışlarından birində bildirdi ki, mən hakimiyyətə gələndə, ümumiyyətlə Qarabağ problemi ilə məşğul olanda 42 yaşım vardı, indi 60 yaşım var. Bu, o deməkdir ki, mən bunları görə-görə gəlmişəm, təcrübə toplamışam və yaşım artıq 42 deyil. Yəni, yaş və təcrübə baxımından adam başqa cür hərəkət edir. Bu, o deməkdir ki, mən siyasətin iç üzünü gördüm və indi hər şeyi anlayıram.

– Azərbaycanın Ukrayna siyasətini tam doğru hesab edirsinizmi?

– Bəli, məncə, bu siyasət tam reallığa uyğun şəkildə aparılır. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, Ukraynaya 100 milyonlar dəyərində humanitar yardımlar edirik. Bundan artıq da edə bilmərik. Biz Ukraynaya silah verəsi deyilik. Ukraynaya ABŞ, Britaniya, NATO silah yardımı edir. Çünki bizim özümüzə lazım olandan artıq silahımız da yoxdur, 44 günlük müharibədə istifadə etdiyimiz silahların yerini doldururuq.

Eyni zamanda Prezident Zelenski çıxışlarından birində dedi ki, Moskva biz tərəfdə istədiyinə nail olarsa, sonra siz tərəfə gələcək. Bəli, bunu da gözəl anlayırıq. Elə buna görə də tarazlaşdırılmış və hisslərə qapılmayan siyasət aparırıq. Bir məqamı xüsusilə nəzərə almaq vacibdir. Ukrayna Avropanın ərazi baxımından ən böyük ölkəsidir. Azərbaycanın şimaldan cənuba 700 kilometr, şərqdən-qərbə isə 500 kilometr məsafədə ərazisi var. Bu miqyasda olan əraziyə malik dövlət Rusiya boyda böyük demirəm, hansısa nisbətən böyük ölkənin qarşısında duruş gətirməsi üçün fiziki qüvvədən daha çox beyin işlətməlidir. Beyin işlədə bilmədinsə, onun qarşısında duruş gətirə bilməyəcəksən. Açığı, İlham Əliyev də bu beyni işlədir.

– İlham Əliyev ADA-dakı çıxışı zamanı 44 günlük müharibədə bəzi ölkələrdən Ermənistana silah daşındığına dair maraqlı faktlar açdı. Sizcə, Prezident bununla hansı mesajlar verdi?

– Əslində, Prezident bunu 44 günlük müharibə zamanı da eyhamla ifadə edirdi, indi isə daha rahat şəkildə deyir ki, o zaman Rusiya hər iki tərəfə silah ötürürdü. Azərbaycana bu silahlar pulla, Ermənistana isə pulsuz, hədiyyə kimiverilirdi. İndi ABŞ Ukraynaya dəstək üçün Lend-liz haqqında qanun qəbul edib. Təsəvvür edin ki, bu, elə Ermənistana pulsuz silah ötürmək kimi bir şeydir, sadəcə ABŞ bu silahları Ukraynaya verəcək. Ruzvelt Konqresi Lend-liz haqqında qanunun qəbul edilməsinə inandırmaq üçün deyirdi ki, təsəvvür edin qonşunuzda yanğındır, amma onların şlanqı yoxdur. Sizin isə şlanqınız var, amma qonşuya vermirsiniz ki, mənim evim yanmır. Halbuki nəticə etibarı ilə yanğın sizin evinizə də keçəcək. İndi ABŞ Ukraynaya görə yeni Lend-liz haqqında qanun qəbul edib. Düzdür, Rusiyada belə qanun yoxdur, amma onlar 30 ildir ki, Ermənistanı icarəyə götrüblər. Yeri gəlmişkən, Prezident qeyd etdi ki, müsəlman-türk ölkələri üzərindən keçərək Ermənistana silahlar gəlirdi. İlham Əliyev xüsusilə qeyd etdi ki, biz Gürcüstandan xahiş etdik, onlar hava məkanını bağladılar, amma həmin ölkələr bağlamadı. Bu, həm də bu biri tərəfə mesajdır ki, biz sizinlə dostuq, qardaşıq, mədəni, din və dil yaxınlığımız var. Amma biz hər şeyi bilirik və görürük. Bu, böyük siyasətdir.

Hətta həmin toplantıda İran məsələsi də ortaya çıxdı. Kimsə sual verdi və cavabını da aldı. Prezident bildirdi ki, Azərbaycan demokratik ölkədir, burada kim nə desə ağzını yuma bilmərik. İran müharibə zamanı da bizə mane olmuşdu. Qoşunlarımız Araz boyunca sürətlə irəliləyib düşmənin arxa cinahına keçmək istəyərkən Xudafərin elektrik stansiyasında İran əsgərləri bizimkilərin qarşısına çıxmış, onları ləngitmişdi. Orada bizim ordu İran əsgərlərini vurub keçsəydi, bu halda gərək İranla da vuruşaydıq. Yəni, İran belə hərəkət edir. Bütün bunlar məlumdur. Biz də öz siyasətimizi yürüdürük. Hesab edirəm ki, bunlar düzgün və ağıllı gedişlərdir.

– Çoxları qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi vəziyyəti kökündən dəyişəcək, xüsusilə yaşadığımız və və bizə yaxın regionlarda. Siz bu müharibənin nəticəsini necə görürsünüz?

– Ukrayna savaşının nəticəsi təkcə döyüş meydanında deyil, iqtisadi sferada da həll ediləcək. İndi çox adam deyir ki, Rusiyadan məşhur brend restoranlar, fastfudla məşğul olan şirkətlər gedib, bundan sonra ruslar kolbasa-çörək yeyəcək. Amma indinin özündə Tolyatti avtomobil zavodunda maşınların ötürücü qutularını avtomat edə bilmirlər, keçiblər mexaniki ötürücülərə. Çünki xaricdən Rusiyaya heç nə gəlmir.

Rusiyaya qarşı iqtisadi sanksiyalar özünü yayın sonunda göstərəcək. Orada Ukrayna xalqı öz vətənini qoruyur, savaşır. Onlara hər şey verirlər. Getdikcə də Ukraynaya daha çox silah veriləcək, bu ölkə iqtisadi baxımdan daha ciddi şəkildə dəstəklənəcək. Rusiyada isə silah istehsalı azalır. Rusiyanın 100 tankı varsa və bunun 50-ni Ukrayna sıradan çıxarıbsa, onların yerini doldurmaq lazımdır. Bu isə olduca çətindir. Çünki heç bir zavod bir günə beş tank istehsal etmir.

Nəhayətdə Avropa Birliyi Rusiyadan qaz və neft asılılığını azaldarsa, bu, çox böyük hadisə olacaq. Almaniya buna etiraz edir, amma onları anlamaq olar. Çünki iqtisadiyyatı bundan asılıdır. Amma qazla müqayisədə neft sarıdan Avropa Rusiyadan daha az asılıdır. Nəzərə alınmalıdır ki, neftin qiymətini azaldacaq əsas 3 ölkə var: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər. Bu məsələləri tez həll etmək lazımdır. Rusiya neftdən qazla müqayisədə daha çox qazanır. Neftin qiymətini endirmək məqsədilə ABŞ üç əsas ölkə ilə danışıqlar aparır. Qətər artq razılıq verib. Səudiyyə Ərəbistanı isə əsas neft istehsal edən ölkə olaraq, təəssüflər olsun ki, hələlik razılaşmır. Bu yaxınlarda Prezident Ərdoğan Səudiyyə Ərəbistanına səfər etmişdi. Bəzi analitiklər qeyd edir ki, Ərdoğan bu səfəri həm də ABŞ-ın xahişi ilə edib. Diqqətlə baxdıqda görürük ki, artıq Avropa rus qazı və neftinə qarşı çıxır. Bunlardan imtina edilərsə, Rusiya çökəcək. İndi əsas məsələ budur və bu barədə tədricən danışmağa başlanılıb. O da aydındır ki, Ukrayna müharibəsi dünyanı dəyişəcək, xüsusilə də güc balansını.

Hamısını Göstər

Related Articles

Back to top button