Ukrayna “Qarabağ müharibəsinə” hazırlaşır- Rusiya bu dəfə nə edəcək?

Moskva ölkədə artan siyasi gərginlikdən, pandemiyanın yaratdığı sosial problemlərdən, korrupsiya ittihamlarından ictimai rəyi yayındırmaq üçün “mini-müharibəyə” gedə bilər, amma..

Son günlər Ukraynanın Donbassda müharibəyə hazırlaşdığı haqda Rusiyada ən müxtəlif səviyyələrdə müzakirələr başlayıblar. Bu müzakirələrin Ukrayna xalqının dostu hesab edilən Co Baydenin hakimiyyətə gəldiyi vaxtla üst-üstə düşməsi təsadüfi deyil.

2014-ci il Maydan hərəkatında aktiv rol almış Demokratlar Partiyasının bəzi üzvləri yenidən Ağ Ev administrasiyasında yüksək vəzifələrə təyinat alıblar. Baydenin və oğlunun isə Ukraynada biznes maraqları olduğu artıq heç kimə sirr deyil. Demokratların yenidən hakimiyyətə qayıdışı ilə ABŞ-ın xarici siyasətində Ukrayna mövzusunun önə çıxacağı şübhəsizdir. Yaddan çıxarmayaq ki, ABŞ-ın ciddi dəstəyi ilə gerçəkləşmiş Maydan hərəkatına cavab olaraq, Rusiya Krımın anneksiyasını həyata keçirmiş, Ukraynanın cənub vilayətlərində 2014-cü ilin mayındakı qanunsuz referendumdan sonra isə “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” separatçıların nəzarətindədir.

Rəsmi Moskva separatçı bölgələrdə rus qoşunlarının mövcudluğu barədə iddiaları hələ də israrla təkzib edir. Yalnız ilk vaxtlar həmin ərazidə yaşayan “rusdilli əhalinin müdafiə olunması məqsədilə” döyüş zonasına rusiyalı “hərbi mütəxəssislərin” göndərildiyi deyilirdi. Ukrayna mənbələri isə Donbassda 30 minə yaxın rusiyalı hərbçi və radioelektron mübarizə sistemləri olduğunu iddia edir. İndiyədək münaqişənin hərbi fazasının tarixinə baxdıqda isə(2015-ci ilin yanvarı, 2018-ci il yay ayları ) “könüllü dəstələrin” Ukrayna ordusuna qarşı “cəsarətlə müqavimət göstərdiyinə” az adam inanır. Bu səbəbdən Ukrayna nəzarəti altında olmayan separatçı bölgəni rəsmən Rusiya tərəfindən “müvəqqəti işğal edilmiş ərazi” hesab edir.

Bir gün əvvəl isə Donetskdə “Rusiya Donbassı” inteqrasiya forumu keçirilib və Donetsk və Luqanskın Rusiya şəhərləri olmasının “ideoloji əsaslandırılması” haqda danışılıb. Forumda “DXR” adlandıran qurumun rəhbəri Denis Puşilin “Rusiya Donbassı” doktrinasını təqdim edib. Doktrinada “DXR” və “LXR” “rus milli dövlətləri” olaraq adlandırılır. Qeyd edək ki, 1918-ci ilədək bu bölgə Rusiya imperiyasının tərkibində olub, sonra Ukraynanın ərazinə verilib.


Forumda iştirak edən “Rusiya bu gün” xəbər agentliyinin baş redaktoru erməni jurnalist Marqarita Simonyan isə daha irəli gedərək “Donbass sakinləri evdə yaşamaq və böyük, səxavətli vətənimizin bir parçası olmaq istəyirlər. Biz bunları təmin etmək məcburiyyətindəyik. Ana Rusiya, Donbassı evinə aparın” deyə, bildirib. Maraqlıdır ki, forumda Simonyanın əri, rejissor və aparıcı Tiqran Keosayan, “Danışır Moskva” radiostansiyasının baş redaktoru, bakılı erməni Roman Babayan, Dövlət Dumasının daha bir ermənipərəst deputatı Konstantin Zatulin də iştirak edib.

Kremlin sözçüsü Dmitri Peskov Simonyanın bəyanatına cavab olaraq deyib ki, jurnalist öz düşüncəsini dilə gətirib və qətiyyən rəsmi Moskvanın mövqeyi ilə uyğun deyil: “Bizim buna yaxın belə bir fikrimiz yoxdur”. Amma bu bəyanata baxmayaraq, 400 mindən çox Ukrayna vətəndaşı artıq sadələşdirilmiş sxem üzrə Rusiya vətəndaşlığı alıb.

Beləliklə, Ukraynanın savaş hazırlığı xəbərləri fonunda separatçı bölgədə də, həm də maraqlıdır ki, ermənilərin qızışdırıcılığı ilə “Rusiyaya birləşmək” bəyanatları artıb.

“Komsomolskaya Pravda” qəzetinə danışan qondarma qurumların vaxtilə birləşdiyi “Novorossiya parlamenti”nin sabiq spikeri də müharibə təhlükəsindən danışıb və Qarabağ müharibəsi ilə bənzətmələr edib. O, Donbassdakı vəziyyətin sonrakı inkişafı barədə danışıb: “Çox güman ki, Bayden Ukrayna məsələsinin çözümünü İngiltərənin himayəsinə verəcək. Qarabağdakı müharibədə türklərin (Azərbaycan nəzərdə tutulur-N.S) arxasında dayanan London, Donbassda da oxşar prosesi təkrarlamağa çalışacaq. Zelenski İngiltərə Avropa Birliyindən çıxmazdan əvvəl onlarla bir müqavilə imzalamışdı. Avropa rəsmilərini şoka salan sənəd… Ukrayna və Böyük Britaniyanın bu ikitərəfli sənədini diqqətlə oxudum.

Sənəddə ticarətdən başqa hər şey var”. Separatçı siyasətçi deyib ki, Kiyevdə ingilis kəşfiyyat Mi-6-nın bürosunun açılışı olub. Türk hərbi mütəxəssislər ingilislər vasitəsi ilə Ukraynaya dəvət olunub və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb. ““Qarabağ” variantı getdikcə daha aydın görünür. Donbass respublikaları daima müharibə olacağı gözləntisi ilə yaşayırlar. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlarla bağlı”deyə, o bildirib.

Kiyev forumun keçirilməsinə və səslənən bəyanatlara etiraz edib, rəsmi Moskva isə separatçı bölgəni Ukrayna ərazisinin bir hissəsi olduğunu vurğulayır və 2014-cü ildə başlayan münaqişənin həllində Minsk razılaşmalarının bəndlərinin icrasına tərəfdarıdır.

Müşahidələr göstərir ki, Rusiya Baydenin hakimiyyəti dövründə müharibə riskindən maksimim yayınmağa çalışacaq. Rusiya hazırda Ukrayna ilə birbaşa və ya separatçı bölgələrdə silahlı dəstək verməklə müharibəyə girməyi arzulamır. Krımdakı kimi “rusiyalıları müdafiə etmək” kartı bu dəfə arzu edilməyən nəticələrə gətirib çıxara bilər.

Ukrayna ordusu Rusiyaya bağlı generallardan təmizləndikdən sonra yenidən təşkilatlanma mərhələsindədir. Kiyev NATO standartlarına uyğun ordu quruculuğunu hədəfləyib. ABŞ-ın Ukrayna ordusuna müxtəlif atıcı silahlar verdiyi açıq mənbələrdə var və heç kimə gizli deyil. Amma Ukraynanın hərbi potensialı da hələ ki, Rusiya kimi ölkənin birbaşa iştirakçısı olduğu münaqişədə qalib gəlmək üçün yetərli hesab oluna bilməz.


Pandemiya və iqtisadi böhranla üzləşmiş Avropa Birliyi Ukraynaya ciddi maliyyə dəstəyi versə də, Rusiya ilə açıq münaqişədə indilikdə maraqlı deyil. O səbəbdən Minsk razılaşması üzərində danışıqların davam etdirilməsini arzulayır.

Amma Rusiya başqa bir variantı da gözardı etməyə bilər. Ölkədə artan siyasi gərginlikdən, pandemiyanın yaratdığı sosial problemlərdən, korrupsiya ittihamlarından ictimai rəyi yayındırmaq üçün “mini-müharibəyə” gedilə bilər. Son sorğulara görə, prezident Putinin reytinqi xeyli geriləliyib. Rusiya cəmiyyətini isə müharibə və ya hərbi gərginlik fonunda hakimiyyətin arxasında birləşdirmək mümkündür.

Rusiya buna risk edərmi?

Hamısını Göstər

Related Articles

Back to top button